İranın yeganə qadın Olimpiya medalçısı ÖLKƏDƏN QAÇDI - "Məmurlar məni alçaldıb"

Baxış sayı:
4065

İranın yeganə qadın Olimpiya medalçısı Kimya Əlizadə ölkədən qaçdığını deyir.

21 yaşlı Əlizadə sosial mediada "ikiüzlülük, yalan, haqsızlıq və yaltaqlığın" bir hissəsi olmaq istəmədiyi üçün İranı tərk etdiyini yazıb.

O, özünü "İrandakı milyonlarla məzlum qadından biri" olaraq xarakterizə edib.

Əlizadə harada olduğunu bildirməyib, lakin bəzi xəbərlərə görə, o, Hollandiyada məşq edir.

2016-cı ildə Rio Olimpiadasında o, taekvondo güləşində İran üçün bürünc medal qazanaraq adını ölkəsinin idman tarixinə yazdırıb.

Sosial mediada yayımladığı postlarda o, İran İslam respublikasının rəsmilərinin onun uğurundan təbliğat vasitəsi kimi istifadə etdiklərini bildirib.

Onun ölkəni tərk etməsi xəbəri İranda ABŞ-la kəskin qarşıdurma zamanı Ukrayna təyyarəsinin təsadüfən vurulması və buna görə İranda etiraz aksiyaların keçirilməsi günlərinə təsadüf edib.

"Məmurlar məni alçaldıb"

"Mən İranda illərdir sıxıntılara məruz qalan və taleləri ilə oynanılan milyonlarla məzlum qadından biriyəm", - o yazıb.

"Mənə söylənənləri geyinirdim və göstərişləri yerinə yetirirdim. Onların göstəriş verdikləri hər cümləni təkrarlayırdım. Heç birimiz onlar üçün əhəmiyyət kəsb etmirik, biz sadəcə vasitəyik."

O əlavə edib ki, hökumət onun idman uğurlarından siyasi məqsədlər üçün yararlansa da, məmurlar onu "qadına ayaqlarını aralamaq yaraşmaz" kimi kəlmələrlə aşağılayıb.

Əlizadə Avropaya dəvət olunduğunu və ya təklif aldığını inkar edib və hansı ölkəyə getdiyini bildirməyib.

Keçən həftə Əlizadənin yoxa çıxması xəbəri iranlıları şoka salıb.

İran siyasətçisi Əbdulkərim Hüseynzadə "səriştəsiz məmurları" İranın "insan kapitalı axınına" imkan verməkdə ittiham edib.

Cümə axşamı yarırəsmi Isna xəbər agentliyi Kimya Əlizadənin Hollandiyaya mühacirət etdiyini bildirərək yazıb: "İran taekvondosu üçün şok".

Agentliyin yazdığına görə, Əlizadə 2020-ci il Tokio Olimpiadasında yarışacağına ümid edir, lakin İran bayrağı altında çıxış etməyəcək.

İrandan ayrılmaq niyyətində olduğunu bildirən idmançı harada olmasına baxmayaraq "İran övladı" olaraq qalacağını söyləyib.