İranın müdafiə naziri dəyişdiriləcək

Hüseyn Dehqan: “4 il boyu tutduğum vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım”
 
İranın müdafiə naziri, general Hüseyn Dehqan 12-ci hökumətdə yer almayacaq.
İran KİV xəbər verir ki, o, bunu Müdafiə Nazirliyi üçün tikilmiş bir məscidin açılış mərasimində jurnalistlərə bildirib.
Hüseyn Dehqan tutduğu vəzifənin başqa birinə təhvil verəcəyini söyləyib: “12-ci hökumətdə müdafiə naziri vəzifəsinə bu nazirliyin strukturundan bir nəfər seçiləcək. 4 il boyu tutduğum vəzifəni ən yaxşı şəkildə yerinə yetirməyə çalışdım”.
O, yeni nazirlə bağlı məlumat verməyib.
Qeyd edək ki, avqustun 3-də İranda yenidən prezident seçilən Həsən Ruhaninin andiçmə mərasimi olacaq. Andiçmədən sonra İranın yeni, 12-ci hökuməti formalaşdırılacaq.