​İranın dini lideri ABŞ-a QARŞI ŞƏRTLƏR İRƏLİ SÜRDÜ – Xamaneyi Avropanı sazişə sadiq qalmağa, Vaşinqtona boyun əyməməyə çağırır

Baxış sayı:
8554

 “İranla yeni nüvə sazişi məsələsində Birləşmiş Ştatlarla Avropa ölkələri “kompromisdən çox uzaqdırlar”. Muxalifət.az “azadlıq.org-a istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri deyib. İranın ali dini lideri isə Avropa ölkələrini İranla daha sərt saziş tələblərini rədd etməyə çağırıb. “Kompromisdən çox uzağıq, iki fərqli yoldayıq”, – Almaniyanın xarici işlər naziri Heiko Maas mayın 23-də ABŞ-ın dövlət katibi Mayk Pompeo ilə Vaşinqtonda 75 dəqiqəlik görüşdən sonra jurnalistlərə deyib. Pompeo mayın 21-də xəbərdarlıq etmişdi ki, İran nüvə fəaliyyətini daha sərt məhdudlaşdırmağa razılaşmasa, ona “tarixən ən güclü sanksiyalar” tətbiq ediləcək. Vaşinqton İrandan ballistik raket proqramını bitirməyi, Suriya və Yəməndə hərbi fəaliyyəti də dayandırmağı tələb edir.
Ancaq İranın ali dini lideri ayətulla Əli Xamaneyi elə mayın 23-də ABŞ-ın tələblərini rədd edib. O bəyan edib ki, 2015-ci ildə nüvə sazişini imzalamış üç Avropa ölkəsi Vaşinqtonla yeni saziş üzrə danışıqlara getməməlidirlər.
Xamaneyi vebsaytında yerləşdirilmiş bəyanatda deyir ki, Britaniya, Fransa və Almaniya İranın ballistik raket proqramı, həmçinin regional fəaliyyəti ilə bağlı danışıqlara getməyəcəyini bəyan etməlidir.
Xatırladaq ki, nüvə sazişi İranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində ona sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.
ABŞ prezidenti Donald Tramp mayın 8-də sazişdən çıxdığını, Tehrana sanksiyaların bərpa olunacağını bildirib.
Xamaneyi qeyd edib ki, Avropa ölkələri sanksiyaların bərpasına qarşı çıxmalıdır. Onun dediyinə görə, avropalılar bu tələblərə əməl etməzlərsə, İran uran zənginləşdirmə fəaliyyətini bərpa edəcək. Saziş Tehranın nüvə silahı hazırlaması riskini minimuma endirməkdən ötrü həmin fəaliyyəti də dondurmuşdu.
Xamaneyi Avropa ölkələrindən tələb edir, həm İran neftini almağa davam edəcəklərinə boyun olsunlar, həm də Birləşmiş Ştatların sanksiyaların bərpası yoluyla İranın neft satışını bloklamasını əngəlləməyə çalışsınlar.
İranın ali dini lideri Tehranın nüvə sazişinə sadiq qalmasından ötrü  yeddi şərt irəli sürüb.  “Avropa bankları İslam Respublikası ilə ticarətə zəmanət verməlidirlər. Bu üç ölkəylə savaşa başlamaq istəmirik, ancaq onlara inanmırıq da”, – o deyib.
Mayk Pompeo ilə görüşündə Almaniyanın xarici işlər naziri sazişlə bağlı Avropa ölkələri arasında “böyük həmrəylik” olduğunu vurğulayıb.
Bu arada Fransanın xarici işlər naziri Jean-Yves Le Drian xəbərdarlıq edib ki, ABŞ-ın İranla daha sərt və daha geniş saziş tələb etməsi, sanksiyaların bərpası Yaxın Şərqdə sabitsizlik yarada bilər.
Xamaneyi deyib ki, İran Birləşmiş Ştatlarla yenidən danışmağa razılaşmayacaq, çünki o, öncəki sazişdən asanlıqla çıxıb. “İslam Respublikası Amerikayla danışığa gedə bilməz. Niyə? Çünki Amerika öhdəliklərinə sadiq deyil”, – Xamaneyi bildirib. Onun sözlərinə görə, İran ABŞ-ın tələblərini sadəcə gözardı edəcək və Trampın yerinə yeni prezidentin gəlməsini gözləyəcək. “ABŞ-ın indiki prezidenti sələflərin taleyini yaşayacaq… tarixdə izi-tozu qalmayacaq”, – o deyib.