İranın Azərbaycana qarşı təhlükəli planı - ŞEYXƏ AYRILAN MİLYONLAR VƏ...

Molla rejiminin regional təsirinin gücləndirilməsində dini “vergi”lərdən istifadə təcrübəsi
Dünən İran İslam Respublikasının ali lideri Ayatolla Əli Xamneyi Həsən Ruhanini İran prezidenti postuna rəsmi şəkildə təsdiq etdi. Prezidentin inauqurasiyası sabah - avqustun 5-də parlamentin binasında baş tutacaq.
Qeyd edək ki, 68 yaşlı Həsən Ruhani “islahatçılar”ın lider kimi tanınsa da, onun prezidentliyinin birinci dönəmində İranda heç bir ciddi islahat həyata keçirilmədi. Əksinə, İranın dini-siyasi rəhbərliyinin son 4 illik fəaliyyətinin təhlili də göstərir ki, əvvəllər olduğu kimi,  teokratik rejim “İslam inqilabının yayılması” konsepsiyasından tək ideoloji baxışların təbliği yolu ilə İİR-in maraqlarına uyğun şiəyönlü kontingentin formalaşdırılmasında istifadə etmir. Rəsmi Tehran öz işini region ölkələrində dini bayramların izdihamlı qeyd edilməsinə və şiə icmasının siyasi təşkilatlanmasına dəstək verməklə də məhdudlaşdırmır. Habelə, İran hakimiyyəti onunla hesablaşmayan qonşu ölkələrdə pozuculuq və separatçılıq təşəbbüslərini dəstəkləməyi, yerli hakimiyyətləri və vəzifəli şəxsləri nüfuzdan salmaq istiqamətində məqsədyönlü tədbirləri də unutmur. Hətta bölgədəki xristian dövlətlərlə (Rusiya, Ermənistan, Gürcüstan və s. – müəl.) bu sahədə əməkdaşlıq əlaqələri yaradılır.
Bu fonda əksər müşahidəçilərin diqqətini cəlb edən amil İran dini elitasının öz regional siyasətində İslam dininin sosial yardımlaşma və humanitar alətlərindən fəal istifadə etməsidir. Yəni İranın Ali Dini Lideri Seyid Əli Xamneyiyə bilavasitə bağlı olan dairələr İslam Respublikasının büdcə vəsaitlərini sərf etmədən, bölgə ölkələrinin maliyyə resurslarından elə həmin dövlətlərin ərazisində İran təsirini gücləndirmək mənbəyi kimi yararlanırlar. Yaxın Şərq və Mərkəzi Asiya, eləcə də Qafqazda geniş tətbiq olunan bu təcrübə Azərbaycan üçün də xarakterikdir.
Şiə etiqadlı dindarların yaşadığı İran, İraq, Bəhreyn, Livan kimi ölkələrlə yanaşı, Azərbaycanda da dindar kontingentin təşkilatlanma cəhdlərində “xüms-zəkat” vergisi ciddi rola malikdir. Hansı ki, hazırda İranın din pərdəsi altında Azərbaycanda təsir dairəsini genişləndirmək və mövcud sosial bazasını gücləndirmək yönündəki fəaliyyətində bu resursdan istifadə hallarının artması müşahidə edilməkdədir. Qeyd olunan istiqamətdə əsas narahatlıq doğuran məqam Azərbaycanın dövlət maraqları və milli mənafeləri üçün təhdid sayılan, habelə ölkədə cəmiyyətin milli xarakteri ilə ziddiyyət təşkil edən iranmərkəzli ifrat şiə təbliğatının yerli mexanizmlərinin məhz bu resurs hesabına maliyyələşdirilməsidir.
Bəzi məlumatlara görə, təkcə İranın Ali Dini Liderinin Bakıdakı nümayəndəliyinin başçısı, höccətülislam Əli Əkbər Ocaqnecad tərəfindən idarə olunan “Hüseyniyyə” namazxanasının “xüms” və “zəkat” adı altında illik dövriyyəsi ən azı 700 min manat təşkil edir. Üstəlik, Azərbaycanda Xameneyini təqlid edən dindarların çoxluğu şəraitində, yerli koordinatorlar vasitəsilə mərkəzləşdirilmiş qaydada toplanan vəsaitin daha çox olduğu istisna deyil. Ümumilikdə isə, Azərbaycan Respublikası üzrə İranın öz məqsədləri üçün ildə ortalama 50 milyon manatdan çox vəsaiti idarə etdiyinə dair iddialar səsləndirilir.
Bir sıra hesablamalara görə, Azərbaycan ərazisində cümə namazlarında iştirak edənlərin təqribi sayı 500 min nəfərə yaxındır. Həmin şəxslərin 90 faizinin cəfərilik məzhəbinə bağlı olması faktını nəzərə alsaq, zəkat-xümslə bağlı yuxarıda açıqlanan rəqəmin real olduğu aydın görünər.
Ən maraqlısı isə odur ki, bir sıra mənbələrdə zəkat-xüms vəsaitinin müctəhid, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və koordinatorlar arasında bölüşdürüldüyünü də söyləyirlər.
Maraq doğuran digər məsələ isə, iranlı missionerlər tərəfindən “xüms” və “zəkat”ın guya yerli dindarlara maddi yardımlar edilməsi adı altında başqa məqsədlərə yönəldilməsidir. Məlum olduğu kimi, bir müddət öncə müxtəlif xəbər saytlarında, İranın ölkəmizdəki dini nümayəndəliyi  tərəfindən təxminən 381 nəfər Azərbaycan vətəndaşına iranyönümlü dini təbliğatın aparılması üçün aylıq 200 dollar məbləğində pulların verilməsi, 250 nəfər ruhaniyə 100-1000 manat arasında birdəfəlik maddi yardımların ayrılması haqda qalmaqallı məlumatlar yayıldı və konkret şəxslərin adları açıqlandı. Həmin məlumatlara əsasən, təkcə 2011-ci ildə 19 nəfər Azərbaycan vətəndaşına toplam 12.850 manat pul vəsaiti verilibmiş. İranın dini məktəblərində dini təhsil və təlimlər alaraq geri dönən Azərbaycan vətəndaşlarının hər birinə isə Ocaqnecad ağanın rəhbərliyi altında ayda 150 manat miqdarında maliyyə yardımı olunur. Onların əsas funksiyasının hüzr məclislərində, şiəliklə bağlı keçirilən mərasimlərdə, digər dini toplantılarda şiəliyin, şiə imamlarının, iranyönümlü dini siyasətin, o cümlədən İran molla rejiminin maraqlarının təbliğ edilməsi olduğu bildirilmişdi.
Göstərilənlər “dini vergilərin toplanma meyarları, bölüşdürülmə və xərclənmə istiqamətlərinin qeyri-şəffaflığını, Azərbaycanın dövlət maraqlarına, milli mənafelərimizə zidd formada həyata keçirildiyini, xarici dini mərkəzlərin, habelə İranın respublikamızda nüfuzunun artmasına xidmət etdiyini söyləməyə əsas verir.
Bu kontekstdə, dini yığımların İranda formalaşdırılmış “bəsic” sisteminin Azərbaycana köçürülməsinə yönəldildiyini də söyləmək olar. Belə ki, bu vəsaitdən dini tədbirlərdə və mərasimlərdə, xüsusilə məhərrəmlik ayında fəallığın həvəsləndirilməsi, İrana bağlı ticarət şəbəkələrinin işinin dəstəklənməsi, habelə İranın dini siyasətini təbliğ edən mollaların nüfuzunun yüksəldilməsində də istifadə edilir.
Məlumat üçün bildirək ki, “bəsic” İranda molla rejiminin yaratdığı “vətəndaş cəmiyyəti” adlı strukturun analoqudur. Bu sistemin formalaşdırılması üçün ilk öncə hər bir yaşayış məskənində “bəsic” dəstələri yaradılır və imkansız dindar ailələrə yerli məscidlər tərəfindən aylıq yardımlar ödənilir. Kasıblar həmin məscidlərdən asılı olduqları üçün, oranı idarə edən molla “itaətcil” düşüncəli yeni nəsil yetişdirir. Beləliklə, həmin məhəllə sistemli şəkildə mollanın “sərbazına”, yəni “baş kəsəninə” çevrilir. Nəticədə, müvafiq ərazidə ictimai-siyasi, dini-ideoloji və hətta iqtisadi proseslər molla rejiminin nəzarəti altında və idarəçiliyi ilə həyata keçirilir. “Bəsic” sistemindən, həmçinin İran təhlükəsizlik orqanlarının casus şəbəkəsi qismində, eləcə də ictimai proseslərin izlənilməsi və yönləndirilməsində alət kimi də istifadə olunur.
Sadalananlar, dini-maliyyə vəsaitlərinin dövriyyəsindəki qeyri-şəffaflıqla bağlı məsələnin Azərbaycan üçün orta və uzunmüddətli perspektivdə hansı təhlükələr yarada biləcəyini təsəvvür etməyə imkan verir.
Bununla yanaşı, araşdırmalar təsdiqləyir ki, “xüms”ün toplanma, bölüşdürülmə və xərclənməsi üzrə maraqlı olan xarici dairələrin, xüsusilə İranın diqtəsilə Azərbaycanda tətbiq olunan mövcud qaydalar müqəddəs “Qurani-Kərim”in prinsiplərilə yanaşı, müctəhid risalələrində müəyyən olunmuş normalarla da ziddiyyət təşkil edir. Belə ki, təqlidçilik ənənələrinin möhkəmlənməsi şəraitində müctəhidlik institutunun şəriət məsələlərində qeyri-məhdud səlahiyyətlər qazanması, dindarların həmin şəxslərə qeyd-şərtsiz itaət göstərməsi ilə nəticələnir. Yekunda, Allah-təalaya, öz peyğəmbərinə və dininə ruhən və cismən bağlı olan, halal qazancını yoxsul, yetim və seyidlərlə paylaşaraq Allah dərgahında savab qazanmaq istəyən inanclı şiə müsəlmanlarından toplanılan, külli miqdarda “xüms” və “zəkat” pullarının bütöv şəkildə müctəhidlərə təqdim olunması, lakin sonradan bu pulların aqibəti barədə heç kimə hesabat verilməməsi ənənəvi dini tələblərlə ziddiyyət təşkil etməklə yanaşı, tam qeyri-şəffaf vəziyyətin yaranmasına səbəb olur. Əsas faciə isə budur ki, Azərbaycan vətəndaşlarından toplanılan həmin “xüms” və “zəkat” pullarının Ə.Ocaqnecad kimi şəxslər tərəfindən Azərbaycanın dövlətçiliyinə və milli maraqlarımıza qarşı, eləcə də ölkədə dini qarşıdurmanın yaradılması kimi digər məqsədlərə yönəldilməsi “şiə qardaşlarımızın” Azərbaycana qarşı düşmənçiliyindən və öz pulumuzla özümüzü məhv etmələrindən” başqa bir şey deyil. Ən yaxşı halda isə, bu, inanclı insanların aldadılaraq onların övladlarının “boğazından kəsilən” halal zəhmətlərin dələduzluq yolu ilə mənimsənilməsidir. 
Məhz buna görə, zaman-zaman əksər ekspertlər əhalinin dini baxımdan maarifləndirilməsi və maliyyə resursları üzərində nəzarətin gücləndirilməsini təklif edirlər. Sonuncu amil, həmçinin terrorçuluğun maliyyələşdirilməsinə qarşı Azərbaycan Respublikasının üzərində götürdüyü beynəlxalq öhdəliklərlə də bilavasitə bağlıdır...
Hurriyyet.org