İrandan kartof idxalının dayanmasından kim qazanacaq

Baxış sayı:
15619

Bu prosesdən fermerlər uduşlu çıxa bilər, monopolistlər imkan versə...
Bu gündən etibarən İranın kartof-soğan ixracına qoyduğu qadağa qüvvəyə minir. Məlum olduğu kimi, İran kartofunun alıcılarından biri də  Azərbaycandır. İrandan soğan idxal etməsək də, illik 50 min ton kartof idxal edirik. Bu mənada İran kartofunun bazardan çıxması qiymətlərə də, daxili bazarın durumuna da təsirsiz ötüşməyəcək. Bəs bu durumdan kimlər qazanclı çıxacaq? Fermerlər yerli məhsulu daha tez və daha baha satmaqla qazanclı çıxacaqmı? Yoxsa qazanan yenə də monopolistlər olacaq?
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, bu qərar ilk növbədə Azərbaycan bazarında  məhsulun bahalaşmasına səbəb olacaq: “Kartof mövsümünün başlamasına hələ müəyyən zaman var. İranın tətbiq etdiyi ixrac məhduyiyyəti son nəticədə daxili bazarda kartofun və soğanın qiymətinin artmasına gətirib çıxaracaq. Bu bahalaşma qaçılmazdır. Burada müxtəlif tərəflər müxtəlif formadan təsirlənəcəklər. Fermerlər ola bilər ki, rezerv məhsullarını bazara çıxararaq nisbətən artıq gəlir əldə edə bilsinlər. Bu onların maliyyə vəziyyətinə müsbət təsir göstərəcək”.
Həsənov onu da diqqətə çatdırdı ki, mövcud şərtlər daxilində bazarda əsas tərəflər inhisarçılardır: “Onların mövqeyi daha da güclənəcək. Qısamüddətli dövrdə olsa da, proses onların gəlirlərinin artmasına gətirib çıxaracaq. Üçüncü tərəf isə ölkə əhalisidir ki, onsuz da məhdud gəlirlər və bahalaşma fonunda onların büdcəsinin dəyərsizləşməsi baş verir. Bu qiymət artımları son nəticədə ailə büdcəsi üzərində müəyyən yük formalaşdıracaq. Kartof azərbaycanlı ailələrin daha çox istifadə etdiyi məhsul növüdür. Bu məhsulların qiymətinin artması son nəticədə ailənin gəlirlərinin artmasına təsir göstərəcək. Kartof azərbaycanlı ailələrin da çox istifadə etdiyi məhsul növüdür. Bu məhsulun bahalaşması əhalinin büdcəsinə də mənfi təsir edir. Ola bilər ki, yüzlərlə sahibkar bu məsələdən müsbət təsirlənsin. Ancaq milyonlarla vətəndaşın büdcəsinə mənfi təsir edəcək”.
İqtisadçının sözlərinə görə, bu kimi hallarda dövlətin bahalaşmanın qarşısını almaq üçün müəyyən iqtisadi alətləri var  ki, onlardan istifadə etmək lazımdır: “Bazarda monoplistlər var. Bəzi məhsulların ölkəyə idxalı hər zaman monopolistlər tərəfindən həyata keçirilir. Ancaq indiki şərtlər daxilində, bu mexanizmlər nisbətən təkmilləşdirilib və inhisar olaraq ilk baxışda görünməyə bilər. Gömrük prosedurları da müəyyən şərait yaradır ki, inhisarçılar daha aşağı qiymətlərlə məhsulları ölkəyə idxal edir, son nəticədə digər  rəqiblərinin daha çox xərc tələb edən idxalı qarşısında mövqelərini gücləndirir,  bazarda üstünlüklərini qoruya bilirlər”.