İrandan Bitkoinə BÖYÜK ZƏRBƏ! - Alış-satışı tamamilə QADAĞAN EDİLDİ

Baxış sayı:
151

İranın Mərkəzi Bankının sədr müavini Nasır Hakimi, Çirkli Pullarla Mübarizə Üzrə Ali Şurasının qərarı ilə Bitkoin ilə aparılan əməliyyatların qadağan edildiyini bildirib.

Hakimi deyib: “İranda Bitkoinin alışı və satışı qadağandır. Bitkoinin qiymətinin dalğalanması çox yüksək olduğu üçün risk daşıyıcısıdır. Bu səbəbdən vətəndaşların bu tələyə düşməməsini tövsiyə edirəm”.

Hakimi Bitkoin istehsalının isə hələlik qadağan edilmədiyini əlavə edib.

Mal və Valyuta Qaçaqmalçılığı ilə Mübarizə İdarəsinin başçısı Əli Müəyyidi paytaxt Tehran şəhərində mətbuata açıqlamasında Bitkoin ilə bağlı hər bir əməliyyatın qadağan edildiyi və qadağana uymayanların ciddi nəticələrlə qarşılaşacağı barəsində xəbərdarlıq edib.

ABŞ sanksiyaları səbəbindən beynəlxalq ticarət məsələsində problemlərlə qarşılşan İranda artan Bitkoin qiymətləri ilə birlikdə kripto pul vahidi ilə aparılan əməliyyatlar artmışdı.

Kripto pul vahidi olan Bitkoin sistemində aparılan bütün əməliyyatlar kriptovalyutaya bağlı bütün kompüterlərdə qeydə alınır.

Bitkoin istehsal edən mədənçilər əməliyyatlar zamanı çox sayda kompüterlərdən istifadə etdikləri üçün çoxlu elektrik istehlak edirlər. İranda dövlətin subsidiyası ilə işləyən fabriklər, tarlalar, ictimai təşkilatlar və məktəblər qaçaq Bitkoin mədənçilərinin mərkəzləri halına gəlmişdi.