İrandakı etirazlar azadlıq mübarizəsinə çevrilə bilər?

Mirmahmud Mirəlioğlu: “Güneydə istiqlal savaşı var və illərdir ki, davam edir”
 
Səxavət Əlisoy: “Populist çağırışlar, gərəksiz müzakirələr oradakı soydaşlarımızın durumunu pisləşdirə bilər”
 
Əli Orucov: “Çox istərdim ki, Güneydə soydaşlarımızın etirazları milli azadlıq hərəkatına çevrilsin”
 
İran telelviziyalarında türklər haqqında təhqiredici ifadələrin işlədilməsi bir neçə gündür ki, bu ölkənin müxtəlif şəhərlərində azərbaycanlıların ciddi etirazına səbəb olub. Televiziya rəhbərliyinin baş verənlərə görə üzr istəməsinə baxmayaraq, etirazlar hələ də səngimiş deyil. Baş verənləri təhlil edən bəzi siyasilər hesab edir ki, olayların bu şəkildə inkişafı proseslərin  öz məcrasından çıxaraq milli-azadlıq hərəkatına çevrilməsi ilə nəticələnə bilər.
Maraqlıdır, İrandakı etirazların öz mahiyyətini dəyişərək azadlıq hərəkatına çevrilməsi mümkündürmü? Ola bilərmi ki, bu gün televiziyalardan türkləri təhqir edən verilişlərin bağlanmasını tələb edən etirazçılar sabah azadlıq və müstəqillik tələbi irəli sürsünlər?
Məsələ ilə bağlı “Hürriyyət”ə açıqlama verən KXCP sədri Mirmahmud Mirəlioğlu belə bir mübarizənin illərdir davam etdiyinə diqqət çəkdi: “Bu gün Güneydə hansı ad altında olmasından asılı olmayaraq, bir istiqlal savaşı var. Bu istiqlal savaşını isə Azərbaycan türklərinin apardığı hər kəsə bəllidir. Fars şovinizmi repressiv addımlardan istifadə edərək bu savaşın qarşısını almağa çalışır. Bu da hər kəsə bəlli bir məsələdir. Bunun hansı sonuclarla nəticələnəcəyini isə zaman göstərəcək”.
ADR sədrinin müavini Səxavət Əlisoy hesab edir ki, bu etirazların genişlənib azadlıq hərəkatına çevriləcəyi inandırıcı görünmür: “Bu etirazın genişlənəcəyini düşünmürəm. Nədən ki, bu tip etiraz aksiyaları İranda zaman-zaman baş qaldırıb və İran dövləti bunun qarşısını alıb. Təbrizdə, Urmiyyədə Azərbaycan türklərinin son 10 ildə düzənlədiyi aksiyaları xatırlayın. Digər tərəfdən İrandakı soydaşlarımızın bu mübarizə üçün cəm olduğu siyasi, ictimai təşkilat da yoxdur. Varsa da çox zəifdir. Ən əsası isə İranda bu mübarizənin başlanmasına dəstək verəcək dövlətlər mövcud deyil. Bunu Türkiyə başda olmaqla türkdilli dövlətlər etməlidir. Onların da bu prosesə qoşulması müxtəlif səbəblərdən mümkün deyil. ABŞ və Avropa ölkələrində İrandan mühacirət etmiş milyonlarla azərbaycanlı da bu məsələdə gücsüzdür. Onların özlərinin birləşmək problemi var, ermənilərdən fərqli olaraq lobbi yarada bilmirlər. Bir də İranın özündə dini lider bir tərəfə, çox sayda nüfuzlu, zəngin azərbaycanlılar mövcuddur və onların da Milli Azadlıq hərəkatına dəstək verəcəyi inandırıcı deyil. Belə bir durumda prosesin genişlənəcəyini düşünmək təəssüf ki, mümkün deyil. Belə bir durumda biz necə hərəkət etməliyik? Düşünürəm ki, həm Azərbaycan dövləti, həm də ictimaiyyət bu məsələyə çox həssas yanaşmalı, "qaş qayırdığı yerdə göz çıxarmamalıdır". Populist çağırışlar, gərəksiz müzakirələr oradakı soydaşlarımızın durumunu pisləşdirə bilər. Sistemli, düşünülmüş addımlar atılmalıdır”.
AMİP siyasi Şurasının üzvü Əli Orucov isə məlum etirazların milli-azadlıq hərəkatına çevrilməsinin arzuedilən olduğunu qeyd etdi: “Mən çox istərdim ki, Güneydə soydaşlarımızın İran televiziyasının təqhirləri ilə bağlı başlanan kütləvi etirazlar milli azadlıq hərəkatına çevrilsin və bu hərakat qalibiyyətlə sonuclansın. Son 100 ilə nəzər salsaq görərik ki, İranda inqilabları da, köklü dəyişikləri də soydaşlarımız başladıb. Lakin böyük və hegemon dövlətlər bu inqilabların və hərəkatların nəticələrindən Azərbaycan türklərinin bəhrələnməsinə imkan verməyib.
2006-cı ildə də Güneydə analoji hadisələr yaşandı. Tehran rejimi ən represiv addımlar atmaqla ağlasığmaz cəza tədbirlərinə əl atdı. Lakin göründüyü kimi, milli iradəni sındıra bilmədi. Tarix dəfələrlə sübut edib ki, hərəkatlar və inqilabların başlamasına bir qığılcım kifayət edir. 1988-ci ildə Quzey Azərbaycanda başlanan və qalibiyyətlə sonuclanan milli azadlıq hərakatının başlamasına da səbəb Topxana meşəsində ermənilər tərəfindən ağacların kəsilməsi oldu.
Azadlıq məfkurəsi illərlə, həttə əsirlərlə insanların şüurunda, beynində və qəlbində yaşadığından bunun alovlanmasını üçün "tonqal qalmağa" zərurət qalmır. Əgər beynəlxalq güclər bu dəfə də Tehran rejiminə dəstək verməsələr, yaxud da baş verənlərə biganə qalsalar, bu proseslər əks-nəticələr də verə bilər. Bunu isə qətiyyən yol vermək olmaz”.

"Hürriyyət"