"İranda siyasi məhbuslar fiziki və psixoloji işgəncəyə məruz qalır" - ƏMİR MAKUYİ

Baxış sayı:
10375

Əmir Makuyi İranda siyasi məhbuslara qarşı tətbiq edilən işgəncə metodları, həmçinin məhbuslara hansı məqsədlə işgəncə verildiyi barədə analitik araşdırmaların aparılmadığını deyir. Hüquq müdafiəçisi Amerikanın Səsi ilə söhbətdə Norveçin Bergen Universitetində İranda siyasi məhbuslara işgəncə mövzusunda hazırladığı magistr dissertasiyası haqqında danışıb.
“İranda siyasi məhbuslara qarşı işgəncə və pis rəftar metodları və nümunələrində oxşarlıqlar və fərqlər; və niyə işgəncə?” başlıqlı araşdırmasını hazırlamaq üçün Əmir Makuyi müxtəlif etnik və dini qruplar, o cümlədən türk, fars, ərəb, kürd, türkmən və bəluç icmalarına mənsub 18 sabiq siyasi məhbusla müsahibə aparıb.
Onun dediklərinə görə, İranda siyasi məhbusların fiziki və psixoloji işgəncələrə məruz qalması ilə bağlı bundan əvvəl hesabatlar hazırlansa da, təhlil xarakterli araşdırmalar yox səviyyəsindədir.
“BMT-nin İşgəncələrə qarşı Konvensiyasına görə, məlumat almaq, etirafa məcbur etmək və ya cəzalandırmaq məqsədi ilə məhbusları psixoloji, zehni və fiziki ağrı və əziyyətlərə məruz qoymaq işgəncə hesab olunur,” hüquq müdafiəçisi deyir.
O, əlavə edir, “əlbəttə, bu konvensiyaya görə, şəxslərin qanuni tədbirlər nəticəsində ağrı və əziyyətə məruz qalması işgəncə hesab edilmir. Amma İranın cəza qanunları da elə işgəncə kimidir. Buna görə mən araşdırmamda işgəncənin tərifini bir az daha geniş tutmuşam.”
Hüquq müdafiəçisi İranda istisnasız olaraq bütün siyasi məhbusların həm fiziki, həm də psixoloji işgəncə və ya pis rəftara məruz qaldıqlarını vurğulayır:
“Onlar dəyənək və kabel kimi sərt alətlər və ya təpik və yumruqla döyülür; təkadamlıq kamerada saxlanılır; etiraf etməyə məcbur edilir; təhdid, aşağılama və söyüşlərə məruz qalır; ağır şəkildə sorğu-sual edilir və tibbi yardımdan məhrum olunurlar.”
Makuyi məhbusların cinsiyyətindən ya mənsub olduqları etnik, dini və ya siyasi kimliklərindən asılı olaraq, habelə yaşadıqları bölgə və həbs olunduqları şəraitə görə tətbiq olunan işgəncələrin üslub və səviyyəsinin fərqli ola biləcəyini ifadə edir.
“Məhbusun nə şəkildə və hansı şəraitdə tutulmasının təsiri var. Misal üçün kütləvi aksiyalarda tutulmuş və Ettelaat qurumunun plan və hərəkatları çərçivəsində? Hansı fəaliyyət səbəbilə tutulmuş?”
Son illər psixoloji işgəncələrin miqyası, mürəkkəbliyi və müxtəlifliyinin keçmişə görə artdığına diqqət çəkən Əmir Makuyinin söylədiklərinə görə, qeyri-fars və qeyri-şiə icmalara mənsub məhbuslar daha çox aşağılanma, söyüş və ağır sorğu-sual proseslərinə məruz qala bilirlər.
“İşgəncə bir çox məqsədlə tətbiq edilir. Hədəfləri məlumat almaq, etiraf etdirmək, eyni sahədə fəaliyyət göstərən digər fəalları qorxutmaq ola bilər. İstəyirlər ki, siyasi məhbuslar fiziki və psixoloji baxımdan təslim olsunlar və həbsdən çıxdıqdan sonra fəaliyyət qabiliyyətləri qalmasın və ya ölkəni tərk etməyə məcbur qalsınlar” - deyə, hüquq müdafiəçisi əlavə edir.