İranda qəzaya uğrayan Ukrayna təyyarəsi: ölənlərin 71-i iranlı, 73-ü kanadalıdır - YENİLƏNİB

Baxış sayı:
3142

İranda Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlar yeddi ölkənin vətəndaşlarıdır.
 
Bu barədə “Ukrayna 24/7” Telegram-kanalı məlumat yayıb.
 
Mənbənin yazdığına görə, təyyarənin göyərtəsində 73 Kanada və 71 İran vətəndaşı olub. Daha iki sərnişin və 13 ekipaj üzvünün isə ukraynalı olduğu bildirilir. Digər qurbanlar isə Almaniya, İngiltərə, İsveç və Əfqanıstan vətəndaşlarıdır.
 
*   *   *11:13
 
Tehranda qəzaya uğrayan Ukrayna təyyarəsində sərnişinlərin əksəriyyəti İran vətəndaşları olub.
 
Virtualaz.org xəbər verir ki, bu barədə “RİA Novosti”yə yerli təcili yardım idarəsinin rəhbəri məlumat verib.
 
Bundan əvvəl o, təyyarədəki bütün sərnişinlərin və ekipajın həlak olduğunu bildirmişdi. Onun sözlərinə görə, qəzadan sonra təyyarənin bütün hissələri yanıb.
 
Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus PS752 reysi ilə Kiyevə uçan “Boeing 737” təyyarəsi yanvarın 8-də səhər tezdən Tehran hava limanından çıxdıqdan dərhal sonra qəzaya uğrayıb. Hava gəmisində 167 sərnişin və 9 ekipaj üzvü olub. İlkin məlumatlara görə, qəzaya mühərrikdəki alışma səbəb olub.
 
*   *   *08:18
 
KİV-lər xəbər verir ki, İranda qəzaya uğrayan Ukrayna sərnişin təyyarəsi təsadüfən İnqilab Keşikçilər Korpusunun İraqdakı Amerika bazalarına buraxdığı raketlərdən birinə tuş gələ bilərdi. İordaniyanın “Al-hadath” qəzetinin yazdığına görə Ukrayna təyyarəsinin Tehran aerportundan havaya qalxdığı dəqiqələrdə İran Amerika bazalarına raket zərbələri endirməyə başlayıb. Nəticədə raketlərdən birinin təyyarəyə dəydiyi istisna olunmur.
 
***
KİV-lər xəbər verir ki, İranda qəzaya uğrayan Ukrayna təyyarəsindən sağ çıxan olmayıb. İranın "Qızıl Aypara" cəmiyyətinin bildirdiyinə görə, göyərtədəkilərin hamısı təcili yardım briqadası hadisə yerinə çatana qədər həlak olublar. Sərnişinlərin yanmış cəsədləri qəza yerinə səpələnib. Sərnişlərin və heyət üzvlərinin siyahısı hələlik dərc edilməyib.
 
***
İranın Mülki Aviasiya təşkilatının nümayəndəsi Reza Cəfərzadə bildirib ki, Ukrayna Hava Yollarına məxsus sərnişin təyyarəsi Tehran aerportundan havaya qalxdıqdan az sonra qəzaya uğrayıb və dərhal güclü yanğın başlayıb. O, sərnişinlərin və heyət üzvlərinin taleyinin məlum olmadığını bildirib, ancaq əlavə edib ki, bir neçə sərnişinin xilas olması imkanları var.

Lakin İranın “Qızıl Aypara” cəmiyyətinin rəhbəri dəqiqləşdirib ki, təyyarədən sağ çıxanların olması ehtimalı çox aşağıdır.
 
“Boeing 737” tipli layner Tehran-Kiyev marşrutu üzrə PS 752 reysi ilə uçurdu.
 
 ***
Bu gün yanvarın 8-də səhər saatlarında Ukraynanın sərnişin təyyarəsi İranda qəzaya uğrayıb. Virtualaz.org xəbər verir ki, “Tasnim” agentliyi təyyarənin Tehranda İmam Xomeyni aerportundan havay qalxdıqdan az sonra qəzaya uğradığını bildirir. Qəzaya səbəb ilkin məlumatlara görə, texniki problem olub.
 
“Boeing 737” markalı təyyarə Ukrayna Hava Yolları şirkətinə məxsusdur və göyərtəsində 180 sərnişin vardı. Laynerin Kiyev aerportuna enmə tarixi Bakı vaxtı ilə 08.10 göstərilir. Sərnişinlərin və heyət üzvlərinin taleyi haqda məlumat yoxdur.
 
Xəbər yenilənəcək.