İranda koronavirusa yoluxan deputat: “Yaşamağıma ümidim azdır...” - ABŞ TEHRANI HƏQİQƏTİ AÇIQLAMAĞA ÇAĞIRDI

Baxış sayı:
1333

ABŞ dövlət katibi Maykl Pompeo İran hakimiyyətinin ölkədə koronavirus epidemiyasının yayılması ilə bağlı real vəziyyəti gizlədə biləcəyini deyib.

Dövlət katibi İranın ölənlərin sayına görə Çindən sonra ikinci yerdə olduğunu, bu faktın ciddi narahatlıq doğurduğunu bildirib. O, bütün ölkələri koronavirusla bağlı həqiqətləri danışmağa və beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə çağırıb.

İran Səhiyyə Nazirliyinin dünən axşama olan son məlumatına görə ölkədə koronavirusdan ölənlərin sayı 16-dır, təsdiqlənmiş yoluxma halları isə 100-ə yaxındır. Epidemiya Qum şəhərində başlayıb və yoluxanların əksəriyyəti ya həmin şəhərdə yaşayanlardır, ya da ora gedib-gələnlərlə təmasda olublar.

 

Xəbər verildiyi kimi İran səhiyyə nazirinin müavini İrəç Hərirçi də koronavirusa yoluxub. Onun ardınca daha bir siyasətçinin bu ölümcül virusa yaxalandığı açıqlanıb. İran parlamentinin deputatı Mahmud Sadeqi bildirib ki, koronavirus infeksiyasına yoluxub və vəziyyəti ağırdır.

“Mənim koronavirusla bağlı testim müsbətdir. Bu dünyada ömrümü davam etdirməyə ümidim azdır”,-o bildirib.

Sadeqi rəsmi Tehranı, xüsusən də ölkənin məhkəmə sisteminin rəhbərliyini minlərlə siyasi məhbusu azad etməyə çağırıb. Deputatın mövqeyinə görə,  bu addım məhbusların virusa yoluxmasının qarşısını almağa və xəstəliyin tüğyan etdiyi bir vaxtda ailələrinin yanında olmağa imkan verərdi./Virtualaz.org