İranda intiharçı hücum, ölənlər var – Polis məntəqəsində partlayıcı yüklü maşın partladılıb - FOTO

Baxış sayı:
7021

İranın dövlət televiziyası xəbər verir ki, ölkənin cənub-şərqindəki Çabahar liman şəhərində bomba partladılıb, azı üç nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Partlayışın dekabrın 6-da polis məntəqəsi yaxınlığında baş verdiyi bildirilir. Rəsmi IRNA xəbər agentliyi adını çəkmədiyi mənbəyə istinadla xəbər verir ki, böyük ehtimalla bu, polis məntəqəsinə qarşı intiharçı hücumu olub.

Mənbə partlayışdan sonra atəş səsləri eşidildiyini bildirib.

İran rəsmiləri və dövlət mediası iki təhlükəsizlik əməkdaşının öldürüldüyünü bildirir. Şəhər valisinin vəzifələrini icra edən Rəhmdil Bameri deyib ki, hücumu birdən çox adam törədib. “Terrorçular polis idarəsinin darvazası ağzında partlayıcılar dolu maşın partladıblar”, – o deyib. İran xəbər agentliklərinin internetdə yaydıqları videolarda partlayışdan sonra ərazidən qatı tüstü qalxdığı görünür.

Çabahar sünni müsəlman azlığının yaşadığı Sistan-Baluçistan regionunda yerləşir. Bu regionda narkotik alverçiləri, yaraqlı separatçılarla əlaqələndirilən zorakılıq halları tez-tez baş verir. Amma İranda intiharçı hücumu nadir hadisə sayılır. İslam İnqilab Keşikçiləri Korpusunun quru qüvvələrinin komandiri Məhəmməd Pakpur hücumun alınmadığını söyləyib.

“Bu, kortəbii terror hücumu idi. Terrorçular heç bir nəticə əldə edə bilməyiblər”, – Pakpur yarırəsmi Tasnim xəbər agentliyinə deyib. Pakpur onu da deyib ki, partlayışdan bir neçə saat sonra Çabaharda sakitlik və təhlükəsizlik bərpa olunub. Hücuma görə hələlik, məsuliyyəti götürən olmayıb.

Çabahar Oman körfəzində əsas liman şəhərlərindəndir, İranın Pakistanla sərhədindən 100 km qərbdə yerləşir.
(Azadlıq radiosu)