İranda fövqəladə hallar xidmətinin rəhbəri də koronavirusa yoluxdu, 7 nəfər isə “dərman” içib öldü - İTALİYADA DA VƏZİYYƏT DRAMATİKDİR...

Baxış sayı:
2095

İran hakimiyyəti ölkəni başına götürmüş koronavirus epidemiyasına görə həbsxanalardakı məhbusları müvəqqəti azad edib.

Virtualaz.org İran KİV-lərinə əsasən xəbər verir ki, 70 mindən yuxarı məhbus evlərinə buraxılıb. Məqsəd qapalı məkan olan həbsxanalarda virusun yayılmasının qarşısını almaqdır. Ölkənin məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi bildirib ki, ictimaiyyətə təhdid yaranmasa məhbuslar həbsxanalara geri qaytarılmayacaq. “Məhbusların azad edilməsi ictimai təhlükəsizliyə təhdid yaranana qədər davam edəcək”,-o deyib.

İranda koronavirusa yoluxanların sayı bu gün martın 9-na olan məlumata görə 7 mini keçib. Ölənlərin sayı 300-ə yaxındır. Ötən sutka 44 nəfər virusdan həyatını itirib. Virus ölkənin elitası arasında da sürətlə yayılır, son məlumata görə İranın fövqəladə hallar xidmətinin rəhbəri İsmayıl Nacar da yoluxub. Məlumatı təşkilatın nümayəndəsi Əli Bəxtiyari təsdiqləyib.

“İsmayıl Nacar ötən həftə qrip əlamətləri ilə tibb mərkəzinə müraciət edib. Ona dörd Covid-19 testi ediblər və məlum olub ki, virus daşıyıcısıdır”,-Bəxtiyari bildirib.

Diaqnoz təyin ediləndən sonra Nəcar xəstəxanaya yerləşdirilib, amma özünü yaxşı hiss etdiyindən bu gün səhər evə buraxılıb. Lakin daha bir neçə gün karantində qalacaq.

Bu arada İranın Elborz əyalətində koronavirusdan qorunmaq üçün metil spirti içən 7 nəfər ölüb. Yerli prokurorluqan bildiriblər ki, həmin şəxslər internetdə yayılan və metanolun koronavirusdan qoruduğu barədə feyk məlumata inanıblar və həmin kimyəvi maddəni içiblər.

İranda metanol sərbəst satışdadır, ancaq xüsusi olaraq narıncı rəngə boyanıb ki, alıcılar onu içməli spirtlə qarışıq salmasınlar. Metil spirti məişətdə müxtəlif səthlərin dezinfeksiyası üçün istifadə olunur.

İranla yanaşı İtaliyada da koronavirus epidemiyası dramatik miqyas alır. Ölkədə yoluxanların sayı təsdiqlənmiş hallara görə 7300-dən çoxdur, ölənlərin sayı isə 370-ə yaxındır. Statistik məlumatlara əsasən İtaliyada hər 20 yoluxanın 1-i ölür. Bu isə kifayət qədər yüksək ölüm faizidir. İtaliya koronavirusdan ölüm faizinə görə (5 faizə yaxın) dünyada birincidir, ikinci yerdə isə 3.83 faizlə İran gəlir.