İranda “fitnə bitdi”: SEPAH-dan AÇIQLAMA

Baxış sayı:
1847

İran İnqilab Mühafizəçiləri, "fitnə”nin (küçə aksiyalarının) dünən etibarilə sona çatdırıldığını iddia edib.
 
Son bir həftədir küçələri üsyankar insanlarla dolub daşan İran, yaxın tarixinin ən maraqlı proseslərindən birini yaşayır. Bahaçılıq, korrupsiya və işsizlik kimi səbəblərlə ölkənin onlarla bölgəsində meydanlara tökülən və ABŞ-İsrail ittifaqı tərəfindən açıq şəkildə dəstəklənən etirazçılar, dünən rejim tərəfdarlarının qarşı aksiyası ilə qarşılaşıb. İranın dini lideri Əli Xameneyinin hadisələrin arxasında xarici ölkə kəşfiyyat qurumlarının yerləşdiyi istiqamətindəki sözləri və Tehran rəhbərliyinin “küçəyə çıx, müqavimət göstər” müraciətilə birlikdə yüz minlərlə İranlı meydanları doldurub. Qum, Ahvaz, Sərçədən, Qorqan, İylam, Ərak, Hürremabad, Kirmanşah və Buşehr başda olmaqla, bir çox bölgədə küçəyə çıxan rejim tərəfdarları, ölkədə bir həftədir davam edən anarxiyaya reaksiya göstərərək "Rədd Olsun fitnəkar və münafiqlər" şüarı səsləndiriblər.
 
CÜMƏ AKSİYASI TƏXİRƏ SALINIB
 
Rejimə dəstək yürüşlərinin, 28 dekabrda hadisələrin başladığı "simvol şəhərlərin” demək olar ki, hamısında baş verməsi diqqətdən yayınmayıb. İran xalqı, Tehran rəhbərliyinin dəyişməsini istəyənlərə ən böyük dəstəyi verən ABŞ və İsraillə birlikdə Səudiyyə Ərəbistanına da sanki qəzəb püskürüb. Bu arada “üsyançılara” qarşı daha böyük xalq etirazını təşkil etmək üçün cümə namazından sonra toplanmağı istəyən Tehran rəhbərliyi, son anda bu qərarından vaz keçib. Dini lider Xameneyinin Təbliğat Qurumu tərəfindən cümə günü keçiriləcək "rejimə dəstək mitinqinin” təxirə salındığı bildirilib.
 
ETİRAZÇILAR AZALIR
 
Gündüz rejim tərəfdarlarının güc nümayişinə səhnə olan İranda, gecələr isə olduqca hərəkətli keçir. Küçədə sayları getdikcə azalan rejim əleyhdarları, təhlükəsizlik qüvvələrinin zaman-zaman sərt müdaxiləsiylə birlikdə dağılmaq məcburiyyətində qalır. Mövcud hakimiyyətə iqtisadi əsaslarla etiraz reaksiyası göstərərək hadisələrin başlanğıcında küçəyə tökülən mühafizəkar təbəqə də, prosesin getdikcə nəzarətdən çıxması ilə birlikdə küçələrdən çəkilib. Bu vəziyyət aksiyaların təxribatlara yönəlik bir anda yön dəyişdirməsi ilə əlaqələndirilir.

XARİCİ MÜDAXİLƏ QORXUTDU
 
Başda dini lider Xameneyi olmaqla, yüksək səviyyədə ali idaretmə hakimiyyətində “xarici müdaxilə” əndişəsi əhaliyə çatdırılır və bu amilin də insanların küçələrdən yığışmasında əsas həlledici rol oynadığı vurğulanır. Hakimiyyətə müxaliflər belə, "İraq və Suriyadan sonra növbədə İran var" ifadələrinin artdığı bir dövrdə baş verən üsyan dalğasına daha çox ortaq olmaq istəmirlər. Ankara-Moskova-Tehran ittifaqı nəticəsində ABŞ-ın İraq və Suriyada məğlubiyyətə düçar edildiyi gerçəyini göz önünə alan İranlılar, hadisələrə artıq ehtiyatlı yanaşır. Ancaq bir həftədir davam edən hadisələrin başda Kirmanşah olmaqla, Kürd əhalinin sıx olduğu yerlərdə meydana gəldiyi də diqqətdən yayınmır. Suriyada PYD, Türkiyədə PKK, İraqda PKK/Peşmərgəni meydana sürən ABŞ-ın, İranda da PKK/PJAK-ı dövriyyəyə buraxdığı bildirilir.

Müxalifət.az