İRANDA ETİRAZLAR DAVAM EDİR, DRAMATİK KADRLAR - “Bişərəf, istefa!”, “Diktatora ölüm!”...

Baxış sayı:
4933

İranda İnqilab Keşikçiləri Korpusunun yanvarın 8-də Ukraynaya aid “Boeing-737-800” sərnişin təyyarəsini səhvən raketlə vurduğunu etraf etməsindən sonra başlayan tələbə etirazları səngimir. Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılmış kadrlara əsasən yanvarın 14-də günün ikinci yarısından başlayaraq Tehranda bir neçə aparıcı universitetin tələbələri yenidən küçələrə çıxıb, etirazlar gecə saatlarına qədər davam edib. Habelə İranın bir neçə digər iri şəhərlərində də etirazların davam etdiyi bildirilir.

Kadrlardan görünür ki, etirazçılar Ali dini lideri nəzərdə tutaraq “Diktatora ölüm!”, “Bişərəf, istefa!” kimi radikal şüarlar səsləndiriblər.

Sosial şəbəkələrdə aksiyaların bu gün yanvarın 15-də də davam edəcəyi haqda xəbərlər və çağırışlar paylaşılır. “Biz bu gün küçələrə çıxırıq”,-“Reuters” yanvarın 15-də yayılmış çağırışa istinad edir.

Habelə sosial şəbəkələrdə etirazların qarşısının sərt şəkildə alınmasına dair çoxsaylı görüntülər yayılıb. O cümlədən etirazçılara qarşı odlu silahdan istifadə edildiyi barədə görüntülər var, hərçənd İran polisi nümayişçilərə qarşı odlu silahdan istifadə edilmədiyini bildirir.

Fəallar aksiyalardan videomaterialları azadlıqları və həyatları üçün böyük risk hesabına, xüsusi şifrələmə texnologiyasından istifadə etməklə göndərirlər.

Bu arada ABŞ prezidenti Donald Tramp növbəti dəfə İrandakı etirazlardan danışıb. O deyib ki, ABŞ İrandakı siyasi rejimi devirməkdə maraqlı deyil, amma etiraz aksiyalarını diqqətlə izləyir.

Viskinson ştatında tərəfdarları qarşısında çıxış edən Tramp bildirib ki, “repressiv rejimə” qarşı etiraz edən iranlılar “böyük adamlardır” və onlar daha yaxşı gələcək tələb edir. Trampın sözlərinə görə, iranlılar rejimin “ölüm, zorakılıq və müharibə” saçmasından cana doyub. ABŞ prezidenti İran hakimiyyətinə etirazçılara qarşı repressiv addımlar atmamağa çağırıb, bildirib ki, indi bütün dünya İranı izləyir.