​İranda ABŞ əleyhinə qanun qəbul edildi

İran parlamenti (Məclis) hökuməti ABŞ əleyhinə iddia qaldırmağa və ABŞ-ın 1953-cü ildən başlayaraq atdığı addımlar nəticəsində ölkəyə dəymiş ziyanın ödənilməsini tələb etməyə çağıran qanun layihəsini qəbul edib.
APA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, 216 parlamentaridən 118-i qanunun lehinə səs verib.
Qanun layihəsində qeyd edilib ki, ABŞ İranın xaricdəki aktivlərinə sahib olmaq və məhkəmə yolu ilə müsadirə etmək üçün çoxlu sayda addım atıb. Parlament İran hökumətini Əlcəzair razılaşmasına əsasən azad edilmiş ABŞ casusları ilə əlaqədar kompensasiya, Vaşinqtonun Tehranı 1983-cü ildə Livanda və 1996-cı ildə Səudiyyə Ərəbistanında törədilən partlayışlarda əsassız olaraq günahlandırması ilə əlaqədar isə 2 milyard kompensasiya tələb etməyə də çağırıb. Qanun layihəsində qeyd edilib ki, 953-cü ildə İranda dövlət çevrilişində iştirak, Səddam Hüseynə və Səudiyyə Ərəbistanına, o cümlədən 17 min insanın ölümünə səbəb olmuş terrorçulara dəstək ABŞ-ın terroru dəstəklədiyinə sübutdur.