​İrana sanksiyalar sərtləşir: Kim qalib gələcək?

Baxış sayı:
2284

Avropa ölkələri ilə ticarət və maliyyə əməliyyatlarını həyata keçirmək üçün xüsusi mexanizm hazırdır və gələn həftədən fəaliyyətə başlayacaq.
Muxalifet.az azərtac-a istinadən xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, noyabrın 4-dən ABŞ-ın yeni sanksiyaları qüvvəyə minəcək. Lakin 4 noyabr digər günlərdən fərqlənməyəcək və İran üçün adi günlərdən biri olacaq.
Dünya mətbuatı noyabrın 4-dən sonra İranda nə kimi hadisələrin baş verəcəyini səbirsizliklə gözləyir. Lakin noyabrın 4-dək baş verən hadisələr siyasi şərhçiləri bəzi fikirlər irəli sürməyə vadar edib. İran rəsmiləri ölkə iqtisadiyyatının sanksiyalara hazır olduğunu bildirsələr də, problemlər qaçılmaz olacaq. Nəzərə çatdırmaq lazımdır ki, ABŞ öz istəyinə, yəni, İranda hakimiyyət dəyişikliyinə çətin nail olsun. Əvvəla, ABŞ İranın Milli Neft Şirkətinin Böyük Britaniyanın BP neft şirkəti ilə Şimal dənizində neft və qaz hasil etməsinə icazə verib. Digər tərəfdən, 8 ölkə sanksiyalardan kənarda saxlanılıb və onlar da İrandan neft almaqda davam edəcəklər. ABŞ mətbuatının yazdığına görə, rəsmi Vaşinqton İranı beynəlxalq bank əməliyyatları keçirmək üçün istifadə olunan SWIF sistemindən də məhrum edə bilməyib. Bütün bunlarla yanaşı, M.Vaezinin dediyi kimi, Avropa ölkələri ilə də ticarət və maliyyə əməkdaşlığı xüsusi mexanizmlə davam edəcək.
Əgər İranda baş vermiş 1979-cu il inqilabından sonra ABŞ-ın bu ölkəyə qarşı sanksiyaları bir sıra dünya dövlətləri, o cümlədən Avropa İttifaqı tərəfindən dəstəklənirdisə, bu gün demək olar ki, heç bir dövlət Donald Trampın sanksiya siyasətinə dəstək vermədi. Buna baxmayaraq Tramp sanksiyaları tətbiq etdi. Lakin yuxarıda qeyd etdiyimiz kimi, bir çox güzəştlər etməyə də məcbur oldu. Məsələnin mahiyyəti ondan ibarətdir ki, ABŞ Avropadakı müttəfiqləri ilə meydana çıxan problemləri həll etmək iqtidarına malikdir. Ancaq məsələ milli maraqlara toxunanda rəsmi Vaşinqton Avropadakı müttəfiqlərini itirmək riski ilə üz-üzə qalaraq güzəştlərə məcbur oldu. Dolayısı ilə Avropanın karbohidrogen ehtiyatlarına olan tələbatının ödənilməsinə qadağa qoymaq müttəfiqlər arasında yaranan problem deyil, düşmənçilik kimi qiymətləndirilə bilərdi. Bunu nəzərə alaraq, İranın Avropa ilə birlikdə hazırladığı xüsusi mexanizm çərçivəsində ticarət və maliyyə əməliyyatlarını davam etdirməsini də ABŞ səssizcə qarşılayacaq.
Yuxarıda deyilənləri nəzərə alaraq belə bir qənaətə gələ bilərik ki, ABŞ-ın sabahdan etibarən İrana qarşı sanksiyaları daha da sərtləşdirməsi o qədər ciddi təsirə malik olmayacaq. İran mövcud imkanlardan istifadə edərək iqtisadiyyatının çökməsinə imkan verməyəcək və ölkə normal qaydada idarə olunacaq. Bununla iki dövlət arasındakı münaqişə də başa çatan deyil. Bu münaqişənin nə vaxta kimi davam edəcəyini və kimin qalib olacağını isə zaman göstərəcək.