İran Xarici İşlər naziri BMT-yə buraxılmadı: "TERRORİZMİ DƏSTƏKLƏYİRSİNİZ!"

Baxış sayı:
2486

İran Xarici İşlər naziri Cavad Zərifin BMT-in beynəlxalq təhlikəsizliklə əlaqədar bu həftə keçirəcəyi toplantısına qatılmaq üçün bu ABŞ-a gəlməsinə viza verilməyib.

Ovqat.com-un xarici mətbuata istinadən verdiyi məlumata görə, Vaşinqton Cavad Zərifə viza verməməsini İranın xarici terror təşkilatlarını dəstəkləməsi ilə əsaslandırıb. ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeo mövzuyla bağlı açıqlamasında deyib: “Əgər hər hansı terror təşkilatını dəstəkləyirsinizsə, sülhlə əlaqədar keçirilən beynəlxalq toplantıda iştirakınızın əngəllənib-əngəllənməmənizin düşünülməsi məntiqli görünür”.

Qeyd edək ki, İran Xarici İşlər nazirinin bundan əvvəl də ABŞ-da jurnalistlərlə təmasına maneçiliklər törədilmişdi. Hətta ötən il yay aylarında Səudiyyə Ərəbistanında iki neft zavodunun partladılmasından sonra Vaşinqtonun sanksiyalar tətbiq etdiyi İran rəsmiləri arasında Zərifin də adı vardı. Hadisədən sonra BMT-də keçirilən toplantılarda İran Xarici İşlər nazirinin iştirakı sual altına düşsə də, ABŞ Dövlət Departamentinin rəhbəri Maykl Pompeonun şəxsən dəvətilə Cavad Zarif bu imkanı əldə edə bilmişdi. Belə görünür ki, Qasim Süleymani sui-qəsdindən sonra ABŞ öz rəqibinə yenidən bu imkanı vermək niyyətində deyil.

ABŞ-da təhsil alan Cavad Zərifin ingiliscəni mükəmməl bilən çox gözəl natiq olduğu bildirilir və onun ən yüksək tribunadan çıxışının məhz bu səbəbdən əngəlləndiyi güman olunur.

ABŞ-ın Nyu-Yorkda yerləşən BMT-nin Baş qərargahında keçirilən toplantılara Xarici İşlər nazirlərini buraxmaması bir çox diplomatlar tərəfindən qanun pozuntusu kimi qiymətləndirilir. Çünki BMT Nizamnaməsinə görə, ABŞ-ın belə bir hüququ yoxdur. Vaşinqton hər bir dövlətin Xarici İşlər nazirinin bu toplantılarda iştirakına şərait yaratmağa mükəlləfdir. Bu mükəlləfiyyətinə baxmayaraq, zaman-zaman Vaşinqtonun ev sahibliyi avantajından sui-istifadə etdiyi hallarına rast gəlinir. 1988-ci ildə Reyqan hökuməti də Fələstin lideri Yasir Arafatın BMT-də iştirakına izn verməmişdi. Viza məhdudiyyətinin isə çox maraqlı səbəbi göstərilmişdi: Yasir Arafat ABŞ-ın təhlükəsizliyi üçün təhdiddir.

2011-ci ildə bənzər gərəkçə ilə Liviya rəsmilərinin ABŞ-a girişinə qadağa qoyuldu. Həmin vaxt BMT Baş Assambleyası məcbur qalıb Cenevrəki qərargahında Müammər Qaddafinin çıxışını dinləməli olmuşdur.

İran Xarici İşlər nazirinə də eyni haqqın verilib-verilməyəcəyi maraq doğurur.