“İran və Rusiya parlament seçkilərinə təsir göstərə bilər” - SENSASİON MÜSAHİBƏ

Baxış sayı:
3352

Azərbaycanda aparılan kadr islаhatları, 23 dekabrda keçirilən bələdiyyə seçkiləri, eləcə də 2020-ci il 9 fevralda keçiriləcək parlament seçkiləri ölkə ictimaiyyətinin diqqətində olan əsas məsələlərdir. Təbii ki, bu prosesə baxışlar da fərqlidir. Məsələn, kadr islahatlarını dəstəkləyənlərlə yanaşı, bunu sadəcə görüntü xarakteri daşıdığını iddia edən insanlar da var.  İslahatları dəstəkləyən insanlardan bir də tanınmış vəkil Aslan İsmayılovdur. Maraqlıdır ki, Aslan İsmayılov islahatların perspektivi haqqında nə düşünür?

(Əvvəli bu linkdə: “Azərbaycanda inqilab olarsa, qələbə çalan olmayacaq”)

- Aslan müəllim, parlament seçkilərinə bir aya yaxın vaxt qalıb. Ancaq bu dəfə də seçkiləri eyni seçki komissiyaları, eyni insanlar keçirəcək. Bu halda 9 fevral parlament seçkilərinin bələdiyyə seçkilərindən fərqlənməyəcəyinə əmin ola bilərik?
- Mən əminəm. Mən təxmin edə bilərəm ki, nə olacaq. Doğrudur, eyni adamlardır. O eyni adamlara hansı göstərişi verəcəklər, o olacaq. Parlament yenə göstərişlə olacaq. Amma necə? Müdaxilə hansı halda olacaq, hansı ki, o köhnə komanda talayıb, yenə talamağa davam etmək istəyir, gələcək ki, milyonun ağzını açsın, töksün, parlamentə keçsin. Bax, onda göstəriş olacaq ki, bunu buraxmayın. Hesab edirəm, düz olacaq. Qanunsuzdur, hüquqa, hüquqşünasa yaraşmayan fikirdir, çox gözəl dərk edirəm. Bax, elələrini deyəcəklər, buraxmayın. Hansı bölgədə elələri olmayacaq, islahat komandasının, kiminsə nümayəndəsi olacaq, bir də orada REAL-ın nümayəndəsi olacaq, orada deyəcəklər ki, buraxın, özləri seçilsin, kim keçdi, keçdi. Bügünləri REAL-ın sədrinə mənim münasibətim yaxşı deyil. Amma bununla belə, mən hesab edirəm ki, bu yeni parlamentdə REAL-da olan qədər təmsil olunmağa layiq ikinci bir partiya yoxdur. Ona görə ki, mən onların təhsilinə, danışığına fikir verirəm, sosial şəbəkədə yazılarını, təfəkkür tərzlərini görürəm, aktivdirlər, müasir dünya görüşlüdürlər, daxilən azad insanlardır. Bilirsiniz, daxilən azad olmayan insan həmişə qul olacaq.
Parlament seçkiləri yenə insanlardan asılı olacaq.  Tam səmimi deyirəm, mənim bu dəqiqə imkanım, fiziki gücüm olsa, 10 milyon insanın hər biri ilə gedib saatla oturub, izah edərdim ki, a kişi, seçkiyə get, sənin taleyin, Azərbaycan dövlətçiliyinin gələcəyi ondan asılıdır. Bu gün seçkini başa-baş buraxmağın təhlükəli olduğunu mən gözəl bilirəm. Ona görə ki, cənub bölgəsində, harada ki, din çox yayılıb, hər şeyi zəbt edib, orada İran istədiyi namizədi keçirər. Nardaranda İran istədiyi şəxsi keçirəcək. Elə bölgə var ki, orada Rusiya istədiyi şəxsi keçirə bilər.
- Hesab edirsiniz ki, İranın və Rusiyanın bu seçkilərə yenə təsiri olacaq...
- Azərbaycanda gedən istənilən prosesə İranın, Rusiyanın və Ermənistanın təsirini həmişə gözləyin. Bu, həmişə var və bundan sonra da olacaq. Demokratik dövlətlər, Amerika belə, Avropa Birliyində gedən proseslərə müdaxilə edir. Elə də Avropa dövlətləri biri digərinin imkan olduğu qədər işlərinə müdaxilə edib, orada öz nüfuz dairəsini yaratmaq istəyir. Bu, çox böyük teoriyadır, mən bu barədə danışmaq istəmirəm.
- Bir vəkil kimi, məhkəmə-hüquq sistemində aparılan islahatlarla bağlı fikrinizi bilmək maraqlı olardı. Bu sahədə hələ də islahatlara ehtiyac var?
- Birmənalı. Bu barədə prezidentin fərmanı oldu. Mən izlədim, təxminən nə olacağını bilirdim. Ondan sonra ədliyyə naziri Fikrət Məmmədovun  çıxışlarına, addımlarına baxdım. Mənim bu çıxışım da Fikrət Məmmədova qarşı bir qərəzdən irəli gəlmir. Məni aparıb “Banditizim”də döyüblər. Yəni pisliyi orada ediblər. Prokurorluq haqqımda cinayət işi qaldırıb, Fikrət Məmmədov mənə heç nə etməyib. Ümumiyyətlə, mən təbiət etibarilə şəxsi problemlərimi ictimai müstəviyə çıxarmağın əleyhinəyəm. Amma Fikrət Məmmədov Ramiz Mehdiyevin hüquq sahəsində mövcud olan eyni təfəkkürüdür. Fikrət Məmmədov 20 ildən çoxdur bu məhkəmələri bazara çevirib. Amma Fikrət Məmmədov ola bilsin ki, Ramiz Mehdiyevdən də hiyləgər və təhlükəlidir. Görürsünüz, onu adı heç yerdə keçmir. Mən Fikrət Məmmədov haqqında yazanda məni tanıyan bir neçə nəfər irad bildirirdi ki, Azərbaycanda ən təmiz nazirdir, siz nə danışırsınız. Mən sənədlərlə göstərdim ki, xeyr, ən korrupsioner nazir Fikrət Məmmədov olub. Fikrət Məmmədovun başçılıq etdiyi hansı sahələr olub? Zaks, notarius, Pentensiar Xidmət, məhkəmələr. Sadaladığım bu orqanlar rüşvət bazarı olub. Bunun başında kim durub? Fikrət Məmmədov. Sadəcə, bu, o cür davranmağı bacarıb ki, həmişə adı kənarda qalıb. Ona görə, Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev, Ağır Cinayətlər Məhkəməsinin sədri Mahmudov olan yerdə siz hansı islahatdan, qanunvericilikdən danışa bilərsiniz? Bir adamın ki, məhkəmələri təqsiriləndirilən şəxsə deyir ki, get, evini banka girov qoy, gəl, mən səni türməyə göndərməyim, siz bunlardan islahat gözləyə bilərsiniz?
Mən bu dəqiqə Azərbaycanda dövlətçilik üçün iki sahənin təhlükəli olduğunu görürəm. Bu islahat komandası üçün hələ 1 il bundan qabaq deyirdim ki, əgər bu ölkədə dəyişiklik etmək istəyirlərsə, iki sahəyə cərrahi müdaxilə lazımdır. Yəni kəsib atmaq lazımdır. Biri Əli Həsənov idi. İndi Əli Həsənov gedib, amma Teleradio Şurası, Mətbuat Şurası qalıb. Bunlar hamısı Əli Həsənovundur, orada oturanlar da hamısı onun adamlarıdır. Yəni bunlar hamısı getməlidir. Ona görə ki, bu mətbuat, telekanal sahəsinin işi insanlara təsir etməkdir. Axır 10 illərdi insanların şüurunu, əxlaqını, mənəviyyatını, tərbiyəsini pozan sahəyə çevrilib. Hərçənd ki, bu sahə məhz insanlarda seçkiyə inamı oyatmalıydı, əxlaq, tərbiyə aşılamalıydı. Məsələn, mən bu telekanallarda milli qəhrəmanları, müharibə veteranlarını, əlillərini heç görmədim. Mən onların problemlərinin işıqlandırılmasını görmədim. Hansısa bir nüfuzlu müəllimi göstərələr, görmədim. Ona görə, Sovet dövrü bugünkündən yüz dəfə yaxşıydı, nüfuzlu adamları, müharibə iştirakçılarını çıxardıb danışdırırdı, insanlarda bir ruh oyadırdı. Biz müharibə şəraitində olan ölkəyik. Bizim bütün telekanallarda hər gün müharibə veteranları, əlillər, şəhid ailələri qəhrəman obrazında çıxış etməliydi, amma bizdə kimlər çıxış etdi: bayramlar, toliklər, röyalar, Əli Həsənovun öz əxlaqına uyğun olanlar. Öz təribiyəsinə, əxlaqına uyğun olanların hamısını oraya gətirdi.
İndi Fikrət Məmmədova qayıdıram, Bu Fikrət Məmmədovdu, Ramiz Rzayevdi, bunlar on illər boyu  məhkəməni obyekt kimi idarə ediblər. Mən tanıdığım konkret məhkəmə var, ora məhkəmə sədri qoyublar ki, 50%-ni filankəsə verməlisən. Yaxud hüquq sahəsində nüfuzu olan birinin qohumunu məhkəmə sahəsinə göndərib ki, sabah lap yuxarılarıda müzakirə olunanda o, deməsin ki, məhkəmələr bazardır. Bilirsiniz, bolşeviklərin pis şeyləri varı idisə, onların yaxşı bir fikirləri də var. Ümumiyyətlə, bolşeviklərin ideologiyası, fikirləri Quran ayəsi kimi bir şey idi, hər şey insan üçün idi. O deyirdi ki, kadr hər şeyi həll edir. Axı, indi bəzi hakimlərin əməlləri ilə bağlı müəyyən şeylər yayıldı. Yəni bu adamdan siz hansı haqq, ədalət, islahat gözləyirsiniz? Bugünləri 30-35 yaşında məhkəmə sədri Ali Məhkəmənin sədri,  ədliyə naziri və Ramiz Mehdiyev üçün təsadüfi adamdır. Niyə? Ona görə ki, bu, rüşvət nədir, bilməyəcək. Bu, başa düşəcək ki, mən vətənim üçün etməliyəm, xalqım üçün yaxşı işləməliyəm. Pul yığmaq yox.
- Məhkəmələri bazar hesab edirsiniz.  Məhkəmə hakimiyyəti bu vəziyyətdəikən bu islahatların davam etməsindən bir nəticə hasil olacaq?
- Kim gözləyirsə ki, islahat 6 aya 1, ilə nəticə verəcək, çox yanlış yoldadır. Məsələn, mənim istədiyim islahata bu komanda 5 ilə gəlsə, mən bunlara təşəkkür edərəm. Yəni mən təsəvvür etdiyim islahata tək islahat edənlər, yəni yuxarılar yox, aşağılar da hazırlanmalıdır. Bu dəqiqə aşağılar üçün islahat nədir? Bax, sən ona apar ayına 100 manat ver, yaxud buna de ki, mən sənin ayına əlavə 100 manat verəcəm, ya da mən sənin bələdiyyəni ədalətli seçməyinə şərait yaradacam, o deyəcək, a kişi, mənim ayıma 100 manat ver, mənim nəyimə lazım kimi istəyirsən, qoy. Bax, bizdə bu zehniyyət dəyişməyincə, bu adam baş düşməyincə ki, ayıma 100 manat davamlı ola bilməz, sən mənim haqqımı  mənə ver, mən özüm seçəcəm, özüm formalaşdırdığım da məni idarə edəcək. Biz onun üçün insanları dəyişməliyik. O da illərlə çəkən prosesdir.

Şamo EMİN,
Hurriyyet.org