İran Ukrayna təyyarəsinin "qara qutu"sunu niyə vermir - vurulduğunu gizlətmək üçünmü?

Baxış sayı:
3733

Ukrayna mütəxəssisləri İranda yanvarın 8-də səhərə yaxın qəzaya uğrayan “Boeing 737” sərnişin təyyarəsi barədə təhqiqat aparmaq üçün bu ölkəyə göndəriliblər. Onlar raket qalıqları axtaracaqlar, çünki təyyarənin raketlə vurulduğu ehtimal getdikcə artır.
Muxalifet.az xəbər verir ki, Ukrayna Təhlükəsizlik  və Müdafiə Şurasının rəhbəri Aleksey Danilov bu haqda bildirib.
Onun sözlərinə görə, Ukrayna təyyarəsinin “Tor” zenit-raket kompleksi ilə vurulması versiyası araşdırılır. Lakin bu kompleks kimə məxsus olub, raketi kim buraxıb, Danilov bu haqda danışmayıb.
Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri əlavə edib ki, İrana göndərilən qrupun tərkibində 2014-cü ildə Donbass səmasında Malayziyanın “Boeing” sərnişin təyyarəsinin vurulmasını araşdırmış mütəxəssislər ye alır. Həmin mütəxəssislər təyyarənin vurulduğu “Buk” raketinin fraqmentlərinin ekspertizasında iştirak ediblər.

Xatırladaq ki, Ukrayna təyyarəsi İranın İraqdakı Amerika aviabazalarına raket zərbələri endirdiyi saatlarda qəzaya uğrayıb. Təyyarə Tehran aeroportundan havaya qalxdıqdan az sonra havada alovlanıb, şahidlərin bildirdiyinə görə, alov alan təyyarə istiqamətini dəyişərək aeroporta geri dönməyə çalışıb, lakin Tehran ətrafındakı Lalə parkına düşüb. Təyyarə parça-parça olub və qalıqları 2 kilometr radiusda səpələnib. Layner cəmi 3 il əvvəl istehsal edilib və uçuşdan əvvəl yoxlanılarkan tamamilə saz vəziyyətdə olub. Xarici KİV-lər təyyarənin qalıqları arasından “Tor” raketinə aid parçanın tapıldığı haqda məlumatlar yayıblar, həmin fraqmentin fotosunu dərc ediblər.

İran tərəfi təyyarənin qara qutularını Ukraynaya verməkdən imtina edib. İran tərəfinin versiyasına görə, təyyarə hansısa texniki səbəbdən qəzaya uğrayıb. Lakin hazırda təyyarənin raketlə vurulduğu, yaxud havada pilotsuz təyyarə ilə toqquşduğu barədə versiyalar önə çıxmaqdadır.
Təyyarənin göyərtəsindəki 167 sərnişin və heyət üzvləri həlak olublar. Sərnişinlərin 41-i İran, 43-ü Kanada vətəndaşlarıdır. Radarlardan itərkən təyyarə 2500 metr yüksəklikdə olub.
Ehtimallara görə təyyarə İranın Hava Hücumundan Müdafiə sistemləri tərəfindən səhvən vurula bilərdi.
Muxalifet.az