İran ucuz qimətə neft satdı, heç kim almadı

Baxış sayı:
12487

İran mediasında yer alan xəbərlərə görə, Milli Neft Şirkətinin İran Enerji Birjasında (IRENEX) dünən 1 çəllək nefti dünya bazar qiymətindən aşağı 56 dollar 24 sentə satışa çıxarsa da, 1 milyon barrel xam neftə alıcı tapılmayıb.
 
 Tehran rəhbərliyi ABŞ sanksiyalarını aşmaq üçün keçən il oktyabrdan etibarən nefti birjada satışa təqdim etməyə başlayıb.
 İran Neft Nazirliyinə bağlı Milli Neft Şirkəti ilk dəfə 28 oktyabrda birjada satışa təqdim olunan 1 milyon barrel xam nefti hər çəlləyi 74 dollar 85 sentə, 11 noyabrda ikinci dəfə birjada satışa təqdim etdiyi 700 min barrel nefti isə 64 dollar 97 sentdən satmışdı.
Satışlar 20 faiz yerli pul rialla, 80 faizi isə dollar üzərindən həyata keçirilmişdi.
 İranın üçüncü dəfə birjaya təqdim etdiyi neftə alıcı tapılmayıb.
 
Sanksiya 5 noyabrda qüvvəyə mindi
 
Qeyd edək ki, ABŞ-ın İranın neft ixracı ilə bağlı 700-dən artıq bank, şirkət və ölkə vətəndaşına qarşı sanksiyası 5 noyabrda qüvvəyə minmişdi.
İran lideri Əli Xamneyi daha əvvəl etdiyi bir çıxışında, ABŞ sanksiyaları səbəbindən neft satışında üslub müxtəlifliyinə gedilməsi və özəl sektorun də bu işdə rol oynaması lazım olduğunu bildirmişdi.
Hazırda Brent markalı neftin 1 barreli beynəlxalq bazarlarda 62,72 dollara satılır.
Müxalifət.az