İran Səudiyyə Ərəbistanını hədələdi: “Cavabımız fərqli olacaq”!

Baxış sayı:
6973

İran İnqilab Mühafiçiləri Ordusunun komandiri general Məhəmməd Əli Cəfəri Pakistan sərhədindəki Sistan və Bəlucistan əyalətində İnqilab Mühafizəçiləri Ordusunun mənsublarını hədəf alan terror hücumundan sonra Pakistan və Səudiyyə Ərəbistanını günahlandırıb.
 
İran mediasında Əl Cəfəri Pakistan rəhbərliyini terrorla mübarizədə öz məsuliyyətlərini yerinə yetirməyə çağırıb.
Pakistan hökumətindən ortaq sərhədlərin təhlükəsizliyiylə əlaqədar məsuliyyətini "ciddiliklə" yerinə yetirməsini gözlədiklərini söyləyən Cəfəri, "Pakistan hökuməti terrorçuların harada olduğunu bilir. Onlar Pakistan təhlükəsizlik qüvvələrinin mühafizəsi altındadır. Pakistanın terrorla mübarizədə məsuliyyətini yerinə yetirmədiyi təqdirdə İran, regional və bölgə xarici kəşfiyyat xidmətlərinin təşkil etdiyi muzdluların cəzasını özü verəcəkdir" deyib.
Onun sözlərinə görə, İran beynəlxalq hüquqa əsasən sərhədlərə qarşı təhdidlərə cavab vermək hüququna malikdir.
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmrliklərinin ABŞ və İsrailin təlimatıyla terrorçuları dəstəklədiyini iddia edən Cəfəri, "Səudiyyə Ərəbistanına cavabımız fərqli olacaq" deyə təhdid edib.
Qeyd edək ki, İranın cənub-şərqində Sistan və Bəlucistan əyalətinə bağlı Zahidan şəhərində çərşənbə günü bomba yüklü avtomobillə İnqilab Mühafizəçiləri Ordusu mənsublarına yönəlik intihar hücumunda ən az 27 əsgər həyatını itirib. Bölgədə fəaliyyət göstərən Ceyşu'l Adl adlı təşkilat terror hadisəsini öz üzərinə götürüb.
Hücumdan sonra Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Məhəmməd Feysal hücumu qınayan bir bəyanat yayımlayıb. İranın daxili İşlər naziri Abdurriza Rəhmani Fazli də Pakistanı öz ərazilərində terroristlərə qarşı hərəkət etməyə çağırıb.
Müxalifət.az