İran parlamentində türklərin “məhv edilməsi” çağırışı... - Molla rejimi yenə də “terrorçu kürd sevdası”na düşüb

Baxış sayı:
787

İranın ərazi bütövlüyü üçün təhdid kimi qəbul edilən “PJAK”-ın çökdürülüməsinin ardından Tehran rejimi fərqli taktika ilə hərəkət etməyi planlaşdırmışdı. Bu, Güney Azərbaycanın Urmu vilayətinə Suriya, İraq, Ermənistan və Türkiyədən köçmək istəyən kürdlərə “yaşıl işıq” yandırılması ilə müşahidə olundu. Tehran molla rejiminin şərti Urmu vilayətinin münbit, bağ-bağatlı ərazilərinə köçmək istəyən kürdlərin “şiə”liyi qəbul etməsi idi. Kürdlər bu şərtləri qəbul edərək məskunlaşma prosesində heç bir problemlərlə qarşılaşmadılar. Ancaq, bununla yanaşı Urmu, Sayınqala, Sulduz və digər şəhərlərdə kürdlərə mədəni mərkəzlərini yaratmağa izin verildi. İraqdakı qondarma “Kürdüstan Muxtariyyatı” tərəfindən hazırlanmış layihələr əsasında Güney Azərbaycanda məskunlaşan kürdlərə genişmiqyaslı maliyyə dəstəyi də verildi.     

Suriyada “Barış Pınarı” antiterror əməliyyatları və Tehran rejiminin siması

Türkiyə ölkəni 1974-ci ildən üzü bu yana təhlükəsizliyini təhdid edən kürdlərə bağlı terror təşkilatlarının qarşısını almaq üçün “Barış Pınarı” antiterror əməliyyatlarını başladan kimi, Güney Azərbaycanın Urmu, Xoy, Sulduz, Sayınqala, Soyuqbulaq, Tikantəpə və digər şəhərlərində məskunlaşdırılan kürd əhalisi Suriyadakı kürdləri müdafiə etmək üçün aksiyalar keçirməyə cəhd etdilər. Urmu şəhərində yerli türk əhalisi dərhal toparlanaraq, onların aksiyalarının qarşısını aldılar. Tehran rejiminin əsas güc strukturu olan “SEPAH”a bağlı hərbi birliklər hərəkətə keçərək kürd terrorizmi ideyasını müdafiə edən aksiya tərəfdarlarına qarşı deyil, terror siyasətini lənətləyən türk əhalisinə divan tutmaq üçün dişlərini qıcamaqdan belə çəkinmədi. Hətta milli fəalları, Güney Azərbaycan Milli Hərəkatının tərəfdarlarını kütləvi şəkildə həbs etməklə hədələdilər. Türklərin toplum olaraq böyük çevrilməsindən qorxaraq sonunda “Sepah” gücləri geri çəkilmək zorunda qaldılar.  

“Amadnews” saytı türkləri ağır sözlərlə təhqir etdi

Tehran molla rejiminin maliyyə dəstəyi ilə fəaliyyət göstərən bu internet resursu bir daha özünün xarakterini nümayiş etdirdi. Hətta Suriyadakı kürdlərə məxsus YPG, PYD, PKK və digər kürd terror təşkilatlarının fəal şəkildə müdafiəsinə qalxdı. Bütün bunlar azmış kimi, “amadnews” bütün farsdilli media orqanları ilə birlikdə kürd terror təşkilatlarının rəsmi tribunasına çevrildi. Farslara bağlı informasiya resursları türkləri təhqir edərək  “ikiayaqlı türk heyvanının davranışı” ayamasını gündəmə gətirdilər. Güney Azərbaycan Milli Hərəkatının fəalları da bütün bunları seyr etmək deyil, tutarlı cavablar vermək üçün hərəkətə keçdilər. Beləliklə ilk dəfə kütləvi şəkildə Güney Azərbaycan Milli Hərəkatı Türkiyə Milli Ordusunun Suriyada “Barış Pınarı” antiterror əməliyyatlarına dəstək verildi. Farslara bağlı bütün internet saytları Türkiyənin bayrağındakı aypara təsvirinin yerinə “siçan” şəklini əlavə etmişdilər. Kürd terrorizmini dəstəkləyən “amadnews” saytı faktiki olaraq antiterror əməliyyatları zamanı hər gün PKK, PYD, YPG və s. terror təşkilatlarını reklam etməyi də unutmadı. Çünki Tehran molla rejimi bütün bunların baş sifarişçisi idi.

Tikantəpə şəhərində böyük uğur

Güney Azərbaycanın Urmu vilayətinin Tikantəpə şəhərinin mərkəzində kürdlərə bağlı və onların terrorizmini təbliğ edən abidənin sökülməsi üçün türk əhalisi böyük bir coşqu ilə hərəkətə keçdi. Oktyabr ayının 13-də baş verən bu etiraz aksiyalarının bütövlükdə Güney Azərbaycana sirayət edəcəyindən qorxuya düşən Tehran molla rejimi dərhal həmin abidənin sökülməsini təmin etdi. Yerli bələdiyyə Tikantəpə şəhər əhalisinin daha üstün radikal addımlar atacağından qorxaraq PKK, YPG, PYD və digər kürd terrorizmi ideyasını təbliğ edən abidəni heç nə olmamış kimi söküb bir kənara atdılar. Halbuki, bu abidə Güney Azərbaycanın Urmu vilayətinin tamamilə kürdləşdirilməsi və “Kürdüstan” olaraq tanınmasının simvolu idi. Özü də bölgədə həmin siyasəti yürüdən “PJAK” kürd terror təşkilatının bayrağının rəmzi sayılırdı. Tikantəpənin Şərifabad məhəlləsində   etirazların başlanmasının ardından Güney Azərbaycan Milli Hərəkatının bölgələrdəki bütün tərəfdarları və fəalları da bu aksiyaya dəstək vermişdilər. Problemin belə həddə çatmasının əsl səbəbi zaman-zaman Tehran molla rejiminin Tikantəpə şəhərində kürd əhalisinin sayını süni şəkildə artırmaq siyasəti olub. Şəhərin yerli hakimiyyətini faktiki olaraq bu gün kürdlər idarə edirlər. Bələdiyyənin kürd terrorizmini müdafiə edən fəalı Həsən Mikayıl, bələdiyyə başçısı Naseh Məhəmmədxani və digərləri mümkün qədər həmin abidənin sökülməməsinə çalışsalar da, sonunda təşəbbüsləri boşa çıxdı. Şəhərin imamcüməsi İsa Bəradəri də Tikantəpə əhalisinin tələblərini məcbur olaraq  müdafiə etdi. “Şəhər şurasının radikal kürd üzvlərinin səhv düşüncələri fitnəyə yol açıb. Terror qruplaşmasının simvolunun meydanda asılması böyük xəyanətdir. Xüsusilə türklərin duyğularının təhrik olmasına zəmin yaradıb. Tikantəpənin qanuni sakinləri türklərdir” fikirlərini səsləndirməyi də unutmadı. 

Erməni terrorçuları və Tehran molla rejiminin işbirliyi

2013-cü ildən Suriyanın Hələb, Qamışlı, Menbic, Dəməşq, Fərat, Təl Təmər, Rəs əl Əyn, Hmeymi, Həkəs və digər bölgələrində ermənilərdən ibarət terror qruplaşmaları yaradılıb. Onların çoxu İran, Livan, İraq, Yəmən və digər Orta Doğu ölkələrindəki terror  bazalarında təlim keçiblər. Nübzar Ozanyanın adını daşıyan “Suriya Erməni Ordusu”  hərbi birləşmənin qarşısında duran hədəf bölgədəki türkmanlara qarşı soyqırımlarda iştirak olub. Erməni terrorçularının PKK, PYD, YPG və digər kürd terrorçu birləşmələri ilə birgə hərəkət etməsi İranın bölgədəki hərbi qüvvəsi “HEZBOLLAH”la ortaq hədəflərə uyğun addım atması ilə müşahidə olundu. Bu barədə nüfuzlu “EADaily” informasiya agentliyi kifayət qədər bilgilər yayıb. Kürdlərin “ANF” İnformasiya Agentliyi erməni terror birləşmələrinin onlara dəstək üçün addımlarını alqışlayıb. Ermənistanda “Daşnaksütyun Partiyası”nın tribunası “verelq.am” informasiya resursu Suriyada erməni terrorçularının gündəlik fəaliyyətlərini işıqlandırıb. Özəlliklə kürd terror birləşmələri ilə ortaq tədbirlərə yer verib (mənbə: https://verelq.am/ru/node/54309).
Türkiyənin Suriyada keçirdiyi “Barış Pınarı” antiterror əməliyyatlarına qarşı çıxan və bu yöndə kəskin bəyanat yayan dövlətlərin siyahısında ilk yeri İran və Ermənistan tutur. Suriyanın Təll Əbyəd, Rəs əl Əyn, Dərbəsiyə, Əl Məşrəf, Həkəs bölgələrindəki terror yuvalarına aviabombardmanda yüzlərlər terrorçunun ölməsi İran və Ermənistanın qəzəbinə səbəb olmuşdu. Ermənilər öz terrorçu dəstəsinə yeni qüvvələr əlavə etmək üçün Hələb, Lətəkiyə, Kəsəbə, Qamışlı və digər bölgələrdəki soydaşlarını cəlb etməyə çalışdılar (mənbə: https://ria.ru/20191010/1559610264.html). Hətta Türkiyənin geniş miqyasda uğurlar əldə edəcəyindən qorxaraq, 90 min nəfər erməni xarici dövlətlərə qaçmağa məcbur olub. Bu barədə açıqlama verən “Orbeli” Analitik Mərkəzin eksperti Sona Sukiasyan: “Barış Pınarı” antiterror əməliyyatlarının ardından çoxsaylı erməni və kürd əhalisi qaçqın durumuna düşüb. Onları hansı ölkənin qəbul edəcəyi hələ ki, bəlli deyil” deyib. O, erməni və kürd terrorizminə görə ən çox əziyyəti elə həmin terror birləşmələrini təmsil edən xalqların olduğunu dolayı yolla etiraf edib (mənbə: https://newsarmenia.am/news/politics/armyanskiy-ekspert-rasskazala-o-tse...).

Tehran molla rejimindən Ankaraya sərt etirazlar  

Ölkə parlamentinin sədri Əli Laricani Türkiyə Böyük Millət Məclisinə etiraz göndərərək “Barış Pınarı” antiterror əməliyyatlarına Tehran molla rejiminin qarşı çıxdığını bildirib. Bununla kifayətlənməyən Əli Laricanı Ankaraya rəsmi səfərini dayandırıb. Tehran molla rejiminin prezidenti Həsən Ruhani də rəsmi müraciət göndərərək “Suriyada antiterror əməliyyatlarının dərhal dayandırılması”nı bildirib. Bütün bunları yetərli saymayan molla rejimi ölkənin bütün KİV-lərində Türkiyənin Suriyada apardığı antiterror əməliyyatlarını “lənətləyən” genişmiqyaslı təbliğatlar apardı. Prosesi öz xeyrinə dəyişmək üçün Tehran molla rejimi kürdlərə məxsus “Komale”, “KDP-İ”, “PKK” və digər təşkilatları hərəkətə gətirdi. Bunun ardınca prezident Həsən Ruhani Suriyadakı Bəşər Əsər diktatorluğunu müdafiə etmək üçün kürdlərə belə səsləndi: “Əsəd rejimini kürdlər müdafiə edərlərsə, o zaman Türkiyənin antiterror əməliyyatlarının qarşısını almaq olar. PKK və PYD kürd xalqının Suriyada danışan dilidir”. Bu açıqlamadan sonra, İran molla rejiminin xarici işlər naziri Cavad Zərif kürdləron terror təşkilatları ilə açıq şəkildə təmsalara keçdi. İran İslam İnqilabının dini lideri Seyidəli Xameneyi Tehranda cümə namazında: “Türkiyə Suriyadan dərhal çıxmalıdır. Çünki, orada PJAK və PKK kimi vətənpərvər hərəkatlara qarşıdır. Osmanlı tarixini yenidən bərpa etmək kimi həvəsləri olan Türkiyənin bu addımı atması qəbuledilməzdir” demişdir.    

İslahatçılar və PKK-PYD-YPG romantizmi

Tehran molla rejiminin islahatçılar qanadını təmsil edən Məhəmməd Əli Əbtehi “məzlum kürdlər məcbur olaraq PKK, PYD və YPG-də birləşiblər. Orta Doğuda bütün hədəflər kürd xalqına qarşıdır. Onlar yalnız buraxılmamalıdırlar”. Tehran rejiminin digər islahatçı lideri Abdullah Ramazanzadə isə: “Biz Suriya kürdlərinin yanında olmalıyıq. Kürdlər və ermənilər genetik baxımdan farslarla eyni qanı daşıyırlar. Kürdlər bu mənada İranın strateji müttəfiqləridirlər”. Bremen musiqiçiləri kimi siyasi reform tərəfdarı olan Sadiq Zibakəlam qeyd edib ki: “Kürdlərin tək hamisi dağlardır. Yenidən yaşaracaqlar” tipli ifadələri işlətdilər. ABŞ-da yaşayan və “paniranizm” və “panfarsizm” ideyalarını modern görüntü ilə təbliğ edən tanınmış simalardan Məsih Əlinejad və vəliəhd Rza Pəhləvi də eyni fikirləri səsləndiriblər. Adlarını Tehran molla rejiminin islahatçı qanadı qoyanlar kürd terrorçularını “gerilla” adlandırıblar. Parlamentin deputatı Qasım Osmani daha da irəlii gedərək: “Bütün türklər məhv edilməlidirlər” dediyində Güney Azərbaycanı təmsil edən millət vəkilləri bu PKK, YPG və PYD sevdalısı olan həmkarını sərt şəkildə tənqid ediblər. Doğu Azərbaycan millət vəkili Məhəmməd Həsən Nejad kürd-fars deputatlarına üzünü tutaraq belə cavab vermişdir: “Biz dünənə qədər ABŞ-ın dəstək verdiyi terrorçu qrupları lənətlədiyimiz halda, bu gün nədən onlar üçün üzülürük? Bura İran məclisidir, yoxsa kürdlərin?”
Min dəfələrlə təəssüflər olsun ki, 17 ildir iqtidarda lövbər salmış AKP Türkiyədə Güney Azərbaycan məsələsində hər zaman Tehran molla rejimini dəstəkləyib. Əməviçi və gerizəkalı osmançılıq düşüncəsi ilə Güney Azərbaycana arxadan zərbə vurub. Bunu isbat etmək üçün əlimizdə minlərlə fakt var. Son olaylar bir daha təsdiq etdi ki, kim türklük davasının yanındadır və kim öz maraqları çərçivəsində siyasi oyunların labiritində bəlirsizcəsinə türk millətinin taleyi ilə oynayır.

Ənvər BÖRÜSOY, Hurriyyet.org