İRAN İNDİ DƏ MƏSCİDİMİZƏ SAHİB ÇIXMAĞA ÇALIŞIR – Molla rejimi Həştərxandakı türk məscidini “fars məscidi” adı altında mənimsəmək istəyir - FOTO

Baxış sayı:
2335

Keçən həftə İran diplomatik nümayəndə heyəti Rusiyanın Həştərxan iqtisadi rayonuna səfər etdi. Səfər zamanı tarixi 160 ildən çox əvvələ aid olan "fars bəscidi"ni ziyarət etdilər.

Qafqaz.media xəbər verir ki, bu barədə fars agentliyi "İRNA" məlumat yayıb.

Əlbəttə, Rusiyanın Həştərxan şəhərində "fars məscidi" ifadəsini görmək yəqin ki, təəccüb doğurdu. Rusiya hara, hazırda Rusiyanın şəhəri olan Həştərxanda fars məscidi hara?! İranın Moskvadakı səfiri Kazem Cələli xarabalığa çevrilmiş köhnə məscidin mövcud vəziyyətindən narazılığını ifadə edərək, müqəddəs və simvolik məkanın yenidən qurulması məsələsini müzakirə etmək üçün Rusiya rəsmiləri ilə məsləhətləşmə çağırışı edib. Təbii olaraq, ilk sual Həştərxanda fars faktorunun necə peyda olması barədə yaranır.

Tarixi arayış olaraq bildirək ki, Astarxan xanları Cuci Xanədanına mənsub idi, hökuməti isə Şeybanilər sülaləsi idarə edirdi. Lakin 1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xana qalib gəldi və zamanın axarı dəyişdi. Bu zəfər və məğlubiyyətlə Qızıl Orda dövlətinin beli büküldü. Uluq Məhəmmədin dövründə 1437-ci ildə Qızıl Orda parçalandı: şimalında Kazan xanlığı, 1441-ci ildə Krım xanlığı, 1459-cu ildə Astarxan/Həştərxan xanlığı yarandı. Bu tənəzzül və qarşıdurma zamanı Moskva knyazlığı 300 illik tarar qəyyumluğundan qurtulmuş olur və fürsəti əldən vermir. Rus qoşunları 1554-cü ildə Həştərxana hücum edib xan Yağmurçanı devirib, (Yağmurça bundan sonra qaçıb noqayların Azaq qalasına gələrək Osmanlıya sığınmışdı) onun yerinə IV İvanın vassallığını qəbul edən Dərviş Əli xanı qoydular. Amma Dərviş Əli xandan da “gözləri su içməyən” ruslar ehtiyatı əldən verməyərək 1556-cı ildə Astarxanı bir dəfəlik Rusiyaya qatdılar. Müasir Astarxanın/Həştərxanın əsası 1558-ci ildə təpədə tikilən yeni qala ilə qoyulmuş oldu. Bu vaxtdan şəhərə və ətrafına rusların köçürülüb məskunlaşdırılmasına başlanıldı. Sovet vaxtı bu siyasət daha da gücləndirildi. Odur ki, bunun nəticəsi olaraq hazırda şəhərin əsas əhalisi ruslardan ibarətdir. Yerli tatarlar, yəni türklər əhalinin 10 faizə qədərini təşkil edirlər.

Ardınca xəbərdə deyilir ki, "iranlıların Həştərxanda ilk varlığı Böyük Pyotr (I Pyotr) dövrünə təsadüf edir ki, bu vaxtlar Rusiya İrana qarşı 19-cu əsrdə sona çatan istilaçı planları həyata keçirməyə başladı. Sonra Həştərxanda "şiə fars" cəmiyyəti quruldu və 1860 -cı ildə Kirov küçəsində xüsusi şura tərəfindən idarə olunan kərpic məscidi tikdilər". İlk öncə onu bildirək ki, indiki İran, o zamankı Qacar xanədanının idarə etdiyi dövlət idi, Qacarlar isə Azərbaycan türklərinin Qacar boylarından olan Kovanlı qolu tərəfindən qurulmuşdu və 1794-1925-ci illər arasında hökm sürmüşdür. İran dövləti fars elementi ilə bir araya gəlmiş olsa da, türk dövləti idi. Bu baxımdan, haqqında söhbət gedən dönəmdə Həştərxanda "şiə-fars" cəmiyyətinin qurulması da, tikilən məscidin “fars məscidi” olması da məntiqsizdir. Hələ o illərdə Həştərxanda fars əhalinin olması da mümkün deyildi. Çünki əhali zatən türk idi, sadəcə, rus məkrli imperiya siyasəti əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi üçün rusların bura köçürülmə siyasətini həyata keçirdi. Necə ki, hazırda da şəhər əhalisinin 69,69%-i ruslardan, 25,87%-i müsəlman əhalidən ibarətdir.  

Daha sonra məqalədə, "Məscidin binası kub şəklində idi və əsas günbəzin dörd minarəsi vardı. Onun fasadı İslam memarlığının elementlərindən ibarət klassik dizayn əsasında inşa edilmişdir", - deyə yazılır. Nədənsə, məscidin tikinti şəklinin fars memarlığı yox, islam memarlığının elementlərindən ibarət klassik dizayn əsasında inşa edildiyi bildirilir. Fikrimizcə, məscidin inşa üslubu fars yox, türk inşa üslubundadır. 

Həştərxanlı rus müxbiri məscidin dəhlizlərinin qaranlıq, tavanın isə qısa olduğuna baxmayaraq, nisbətən yeni dörd minarəsi olan gözəl abidə kimi təsvir edir.

İran səfiri Həştərxan vilayətinə üç günlük səfəri çərçivəsində bölgənin qubernatoru İqor Babuşkinlə danışıqlar apararaq, məscidin yenidən qurulması mövzusunu qaldırıb və qubernator "fars məscidi"nin təmiri üçün şərait yaradacağına söz verib. Məlumata görə, Həştərxanda son illər ərzində 50-dən çox məscid bərpa və yenidən inşa edilmişdir. Əlbəttə, məscidlərin inşası və tarixi abidə kimi yenidən "əvvəlki halına qaytarılması", bərpası zəruridir. Məhz vurğuladığımız kimi-əvvəlki halına qaytarılması...

İranın Azərbaycan-türk məscidinin fars üslübunda bərpası təcrübəsinə İrəvandakı Göy Məscidin timsalınada artıq şahid olmuşuq. Bu proses bərpa olmadı, əksinə Azərbaycan-türk memarlıq izlərinin silinməsi oldu. İndi də İranın Həştərxandakı, fars irsinə aidiyyatı böyük şübhə doğuran, başqa sözlə qeyri-mümkün olan abidənin bərpası əslində bərpa yox, izlərin silinməsi prosesinin olacağı ehtimalı böyükdür. Üstəlik, məscidin görüntüləri baxınca, demək mümkündür ki, tikili fars inşa ənənələrinə uyğun gəlmir. Əksinə, tikili türk memarlıq ənənələrinə daha çox bənzəyir.

Digər tərəfdən, İranın "təşəbbüsü" ilə "bərpa olunan" məscidin bu dövlət üçün hansı rolu oynayacağı da şübhə doğuran bir məsələdir. İran bu məntəqəni öz mənafeyinə xidmət edən "nöqtə" kimi də istifadə edə bilər. Yəni fars rejimi özünün siyasi maraqlarına xidmət edən şiəliyin təbliğatını aparmaq üçün məscidi ələ keçirməyə çalışır. Çünki dini dəstək öz ardınca mütləq siyasi dəstəyi gətirir. Görünür, Tehran rus dövlətindən aldığı dəstəklə kifayətlənmir, üstəlik bu dəstəyi yerli müsəlmanlar içində də məzhəb zəminində böyüdərək, onun dini-siyasi müstəviyə keçməsinin qayğısına qalır. Bu da avtomatik olaraq ağla Rusiyanın türk-sünni əhalisinin gələcəkdə Türkiyəyə mümkün mənəvi dəstəyinin elə beşiyindəcə boğulmasını, bu xəttin parçalanması, ortaya "fars-İran" pazının pərçimlənməsi ilə həyata keçirməyin əsasını qoyur. Çox güman ki, bu təbliğat Həştərxanda başlayıb, elə burada da bitməyəcək. Rusiyanın digər ərazilərində yaşayan, türk-müsəlman əhaliyə, xüsusilə azərbaycanalılara sirayət olunmağa çalışılacaq. Çünki İranın etməsini planlaşdırdığı aktın arxasında məsum niyyətin durması qeyri-mümkündür. Necə ki, İran artıq Gürcüstanda azərbaycanlıların fars-şiə təbliğatına yatqınlaşdırılması siyasətini demək olar ki, artıq başa çatdırıb.

Pandemiyadan öncə Gürcüstanda təmətraqla keçirilən aşura mərasimində bu təbliğatın hansı pik nöqtəyə çatması, İranın azərbaycanlıların pərdə arxasında fars milli maraqlarını özündə "gizli zəhər" şəklində ehtiva edən şiəliyin dayaqlarının möhkəmləndirilməsində "hansı uğurlara imza atdığına" bariz şəkildə şahid olduq. Son zamanlar Gürcüstandakı soydaşlarımız da gənclərimizin İran fars-şiə təbliğat maşınında "üyüdülməsi"ndən, azərbaycanlıların İran agenturasına cəlb edilməsindən həddən çox narahatlıqlarını ifadə edirlər. İran oradakı azərbaycanlıların dini-mənəvi assimilyasiyasını demək olar ki, başa çatdırıb. Bu, həm də azərbaycanlıların Azərbaycan maraqların yönündə aşındırılması anlamına gəlir. İran artıq Gürcüstan cinahında işi bitirb, indi sıra Həştərxana gəlir. Yəqin ki, Həştərxandakı məsciddən Rusiyanın digər nöqtələrində yaşayan azərbaycanlılara yayılmağa başlayacaq. Bu barədə mütləq düşünmək, götür-qoy etmək zəruridir.

Qafqaz.media