"İran hakimiyyəti məni öldürəcək" - GÖZƏLLİK KRALİÇASI

Baxış sayı:
1768

Bu ilin əvvəli 18 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı, xanım Rahaf Məhəmməd al-Qununun başına gələnlər dünya mediasının gündəmini zəbt etmişdi.

Səudiyyəli diplomatlar təkidlə gənc xanımı Tailandın paytaxtı Banqkokdakı tranzit zonadan çıxarmağa çalışırdılar. Bu məqsədlə oraya gələn diplomatlar Rahaf Məhəmmədin pasportunu və digər sənədlərini zorla onun əlindən almışdı.

Beynəlxalq səviyyəli bu insidentə bir çox insan hüquqları təşkilatları müdaxilə etdi və Kanada səudiyyəli xanıma siyasi sığınacaq verdi.

Hazırda buna bənzər bir hadisə baş verib. Bu dəfə söhbət İranlı gənc xanımdan gedir. Rəsmi Tehran “İranın gözəllik kraliçası” kimi tanınan Bahareh Zare Baharini Filippindən geri almağa çalışır. Rəsmi Manila isə hava limanında üç həftə qalmış İran vətəndaşına beynəlxalq təşkilatların təzyiqi ilə siyasi sığınacaq verib.

İranın teokratik rejiminə qarşı çıxdığına görə ona divan tutulacağını bildirən Bahari hələ ötən ay İngiltərənin "Teleqraf" qəzetinə verdiyi müsahibədə bu barədə demişdi.

Filippin Ədliyyə müşaviri Mark Perete deyib ki, İran bu məsələ ilə bağlı İnterpola müraciət edib, xanım Baharinin geri qaytarılması üçün kömək istəyib.

"Amnesty İnternational" isə Filippin hakimiyyətini Baharini deportasiya etməməyə çağırmışdı.

İki həftə əvvəl özünün Feysbuk səhifəsində yayımlanan bir videoda xanım Bahari bildirib ki, o, 2014-cü ildən Filippində yaşayır, diş həkimi olmaq üçün burada təhsil alıb, eyni zamanda, model və aktyorluq karyerasına başlayıb.

Xanım Bahari Feysbuk səhifəsində 1979-cu ildə İslam İnqilabının devirdiyi İran şahının istifadə etdiyi İran bayrağına bənzər bir paltarda fotoşəklini paylaşıb.

"Arzum budur ki, ölkəm azadlıq və bərabərliyə çatsın", - Zare Bahari deyib.

Bahari İran hakimiyyət orqanlarının Filippinə onun haqqında "saxta hesabat" verdiyini söyləyib və əlavə edib ki, sosial mediada İran xalqına "müharibəsiz, azad, sülh və sevgi dolu həyat arzulayıb", elə buna görə də İran rejiminin hədəfinə çevrilib./Musavat.com