İran Buşehrdə ikinci nüvə reaktorunun inşasına başlayır

Baxış sayı:
2529

İranın dövlət televiziyası Tehranın dünya qüdrətləri ilə nüvə razılaşmasını pozması ilə əlaqədar yaranmış gərginliklər fonunda Buşehr nüvə elektrik stansiyasında ikinci nüvə reaktorunun inşasının başlanıldığı haqda məlumat verib.

Rəsmilər bazar günü İran paytaxtı Tehrandan 700 kilometrlik məsafədə yerləşən Buşehrdə jurnalistlərin iştirakı ilə keçən mərasimdə reaktorun bünövrəsi üçün beton töküblər.

Buşehrdə İranın 2015-ci il nüvə razılaşmasını pozaraq 4.5 faiz zənginləşdirilmiş uran istehsal edilir. İranın bu addımı atması və beynəlxalq nüvə razılaşmasının digər şərtlərini pozması Prezident Donald Trampın bir il bundan əvvəl birtərəfli qaydada Birləşmiş Ştatları razılaşmadan çıxarmasından sonraya təsadüf edir.

Tramp sazişin İranın nüvə silahları inkişaf etdirməsinin qarşısının alınması üçün kifayət olmadığı və sanksiyaların yüngülləşdirilməsi ilə Tehrana həddən artıq çox güzəştlər edildiyini deyib. Razılaşmadan çıxdıqdan sonra ABŞ İrana qarşı bir sıra yeni sanksiyalar tətbiq edib.

Buşehrdə ilk reaktor 2011-ci ildə Rusiyanın köməyi ilə işə düşüb. Yeni reaktor da eynilə Rusiyanın köməyi ilə inşa ediləcək.

İranın nüvə agentliyi keçən həftə dünya qüdrətləri ilə əldə edilmiş nüvə sazişinə əsasən, zənginləşdirmə və ya zənginləşdirmə ilə bağlı araşdırma aparmamaq barədə razılığa gəldiyi yeraltı Fordo nüvə obeyktində uran zənginləşdirilməsinin bərpa olunduğunu elan edib.

2015-ci il nüvə razılığına əsasən, İran həmin obyektdə 2030-cu ilədək uran zənginləşdirməməli idi.