“İran Ermənistanı dəstəkləməyə son verməlidir...” – NATİQ CƏFƏRLİ

Baxış sayı:
11365

Dünən Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qonşu ölkənin sənaye, mədən və ticarət naziri Reza Rəhmaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüdə bildirib ki, son 5 ildə Azərbaycan-İran əlaqələri xüsusilə inkişaf edib və yeni mərhələyə qədəm qoyub.
 
Nazir həmçinin qeyd edib ki, Azərbaycanda 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib, İran Azərbaycana 3,4 milyard ABŞ dolları həcmində investisiya yatırıb, 2019-cu ilin ilk 2 ayında ticarət dövriyyəsi 4,5 dəfə artıb.
 
Dünən həm də Hacıqabul sәnaye mәhәllәsindә Azәrbaycan vә İranın birgә sәrnişin avtobusu istehsalı zavodunun tәmәli qoyulub. Tәmәlqoyma mәrasiminә Azәrbaycanı iqtisadiyyat naziri Şahin Mustafayev vә İran İslam Respublikasının sənaye, mədən və ticarət naziri Reza Rəhmani qatılıb.
 
“Bu yığılan maşınların yarıdan çoxunu Dini Qurumlar üzrə Dövlət Komitəsi alıb”
 
İranla Azərbaycanın ticarət dövriyyəsinin artmasını şərh edən iqtisadçı Natiq Cəfərli “Hürriyyət”ə deyib ki, hər hansı bir ölkənin Azərbaycana investiya qoyması Azərbaycanda iqtisadi aktivliyə kömək edirsə və müəyyən iqtisadi canlanma yaradırsa, bu, özü pozitiv məsələdir: “Amma o investiyaların strukturu haqqında çox təəssüf ki, nazir bir açıqlama verməyib. Burada İranın bir neçə enerji layihəsində çüzi də olsa iştirak payı var. Həmin investiyaların böyük bir qismi həmin enerji layihələrində iştirak payının maliyyələşdirilməsinə sərf olunub. Yəni Azərbaycan bazarında nəzərə çarpacaq yer tutan güclü İran şirkətlərinin olduğunu söyləmək çətindir. Avtomobil yığımına gəldikdə isə bu istehsal deyil, sırf yığımdır. Əslində, bu, Azərbaycana lazım olmayan bir istiqamətdir. Çünki Azərbaycan bu layihədən büdcədən ikiqat ziyan görür. Hələ ki, bunun iqtisadi əsaslanıdırılmasını hökumət ya anlamır, ya da izah edə bilmir. Amma hər halda görünən odur ki, ilkin olaraq Azərbaycan büdcəsindən əlavə vəsait xərclənib və infrastruktur qurulur. Sonra İrandan valyuta ilə demək olar ki, maşın hazır vəziyyətdə alınır, bəzi detalları burada bərkidilərək bazara çıxarılır, amma alıcısı da yenə dövlət idarələridir. Bu yığılan maşınların demək olar ki, yarıdan çoxunu Dini Qurumlar üzrə Dövlət Komitəsi alıb. Yəni burada böyük investisiya layihələrindən danışmaq mümkün deyil”.
 
“Amerika narahat olsaydı, Azərbaycan hökumətinə bununla bağlı iradlar bildirərdi”

 
Sanksiyalar məsələsinə gəldikdə isə Cəfərli nəzərə çatdırdı ki, Amerika Birləşmiş Ştatları Azərbaycanla İran arasında bu tipli iqtisadi münasibətlərin olmasından o qədər də narahat deyil: “Amerika narahat olsaydı, Azərbaycan hökumətinə hər hansı bir formada bununla bağlı iradlar bildirərdi. Tramp hakimiyyətə gəldikdən sonra Amerika ilə Azərbaycan arasında kifayət qədər münasibətlərin yaxşı dönəmini yaşayırıq. Əgər belə bir iradlar yoxdursa, deməli, ciddi narahatçılıq da yoxdur. İranla əməkdaşlığın istiqamətlərinin Amerikanın maraqlarına zidd hər hansı bir formada inkişaf etdirilməsini də görmürük, ona qalsa, digər ölkələrin, əsasən də Çinin, hətta Türkiyənin İranla münasibətləri Azərbaycanın İranla münasibətlərindən daha böyükdür, baxmayarq ki, Türkiyə həm də bir NATO ölkəsidir. Amerika tərəfindən bir irad yoxdur deyə Azərbaycan hökuməti buna arxalanaraq İranla iqtisadi münasibətlərin inkişafında müəyyən addımlar atır. İnvestisiyaların keyfiyyəti o qədər ürəkaçan olmasa da, bunun özü də pozitiv bir faktdır ki, digər ölkə Azərbaycan ərazisində hər hansı bir investisiya layihələrini həyata keçirir. Bu da Azərbaycanda iqtisadi canlanmaya az da olsa müsbət təsir göstərir”.
 
“Azərbaycan üzərindən Rusiya ilə ticarətdə bir canlanma müşahidə olunur”
 
“İranın qoyduğu investisiyanın strukturuna baxdıqda görürük ki, həcm olaraq artmasınınm əsas səbəblərindən biri elə Neftaçaladakı Avtomobil Zavodudur. Çünki İran onu öz ticarət dövriyyəsində maşın avadanlıqlarının ixracı kimi göstərir. Bir də kənd təsərrüfatı məhsullarıdır. Sərhədyanı ticarətdə də İranla-Azərbaycan arasında canlanma həmişə olub. Təbii ki, İranın Azərbaycana investisiya yatırmağa marağı var. Çünki İranda iqtisadi vəziyyət o qədər də yaxşı deyil, sanksiyalardan əziyyət çəkir, həm də ki, iqtisadi və siyasi sisteminin bəzi problemlərindən əziyyət çəkən bir ölkədir. Ona görə də ətraf ölkələrlə ticarət dövriyyəsinin artmasında İranın marağı var. Çünki əlavə vəsait qazanır. Özünün digər ölkələrə çıxmaq imkanları məhdud olduğu üçün qonşu ölkələr ərazisindən digər ölkələrə çıxış əldə edir. O cümlədən də Azərbaycan üzərindən Rusiya ilə ticarətdə bir canlanma müşahidə olunur”,-deyə iqtisadçı əlavə etdi.
 
“Bu layihə çərçivəsində ikiqat olaraq dövlət büdcəsinə əlavə yük düşməsi gözlənilir”
 
“Dünən Hacıqabulda Azәrbaycan vә İranın birgә sәrnişin avtobus istehsalı zavodunun tәmәli qoyulub. Bu zavoddan gözləntiniz nədir? Yəni zavod normal, standartlara cavab verən sərnişin avtobusu istehsal edəcək” sualına N. Cəfərli belə cavab verdi: “Yenə təkrar edirəm, bu da istehsal deyil. Avtomobil istehsalı o zaman ölkəyə xeyir verir ki, həmin avtomobilin və yaxud avtobusun detallarının ən azı 20-25 faizi həmin ölkədə istehsal olunsun. Məhz bu zaman bu iqtisadi səmərə verir və multiplikativ effekt yaradır. Azərbaycanda bu yığılma prosesidir. Qeyd etdiyim kimi, Neftçala Avtomobil Zavodu ilə heç bir fərqi yoxdur. Yəni bu zavod da büdcəyə əlavə yükdən başqa bir şey gətirməyəcək. Çünki ancaq yığma prosesi həyata keçirilir, istehsalla bağlı heç bir addım atılmır, atılmayacaq da. Ona görə ki, yerli istehsal yoxdur, bu sahədə yerli detalların infrastrukturu yaradılmayıb. Ona görə də bunun ciddi iqtisadi səmərəsinin olacağını düşünmürəm və alıcı olaraq da yenə dövlət çıxış edəcək. Yəni avtobusların əsas alıcısı yenə dövlət olacaq. Buna görə bu layihə çərçivəsində ikiqat olaraq dövlət büdcəsinə əlavə yük düşməsi gözlənilir”.
 
“İran bizimlə əlaqələrin artmasında maraqlıdırsa, Ermənistanın müxtəlif layihələrdə dəstəklənməsinə son verməlidir”
 
“İranın 1000-dən çox şirkətinin ölkəmizdə qeydiyyatdan keçməsi və fəaliyyət göstərməsi bizə lazımdırmı? Çünki bilirik ki, Azərbaycanın elə düşmənlərindən biri də İrandır, daima Ermənistanı dəstəkləyir” deyə qeyd etdikdə N.Cəfərli söylədi: “Əslində, dövlətlərarası münasibətlərdə düşmən sözünün işlədilməsi doğru deyil. Çünki İran bizim ən böyük qonşularımızdan biridir və ticarət dövriyyəsinin artmasında bir problem yoxdur. Sadəcə, biz İranla ticarət dövriyyəsinin artmasından istifadə edərək əsl düşmən dövlətin, yəni işğalçı Ermənistanın İran tərəfindən dəstəklənməsini blokaya bilərik. Yəni müəyyən dərəcədə bu dəstəyin azalmasına nail ola bilərik. Bu, xarici siyasətin də, iqtisadi siyasətin də bir tərkib hissəsi kimi önə çəkilməlidir və İranın hökumət nümayəndələri, biznes çevrələri ilə danışıqlarda bu məsələ qaldırılmalıdır. Əgər Azərbaycanla iqtisadi münasibətlərin artmasını istəyilərsə, qarşlıqlı iqtisadi münasibətlərin inkişafında maraqlıdırlarsa, işğalçı dövlət olan Ermənistanın müxtəlif layihələrdə dəstəklənməsinə son verməlidirlər və yaxud da bu dəstəyi xeyli dərəcədə işğal faktı sona çatanacan dayandırmalıdırlar. Bu mənada bəli, İranla münasibətlərin bu aspektinə diqqət yetirmək lazmdır və bu aspketini önə çəkmək lazımdır. Amma bir dövlət olaraq İranı düşmən kimi görmək, Azərbaycan xarici siyasətində bu ifadələrdən istifadə etmək doğru olmaz. Sadəcə, İran bizimlə əgər əlaqələrin artmasında maraqlıdırsa, Ermənistanın müxtəlif layihələrdə dəstəklənməsinə son verməlidir. Əslində, maraqlı da olmalıdırlar. Çünki Ermənistan bazarına nisbətən Azərbaycan bazarı 3 dəfə böyükdür. Erməsnistana nisbətən Azərbaycanın iqtisadi imkanları da dəfələrlə çoxdur. Əgər iqtisadi münasibətlərdə maraqlıdırlarsa, Azərbaycan tərəfi istər hökumət, istərsə də biznes səviyyəsində danışıqlarda işğalçı dövlət olan Ermənistana İranın dəstəyinin azaldılması ilə bağlı bir lobbiçilik fəaliyyəti ilə məşğul olmalıdırlar və biz bunu nəticələrini görməliyik. Azərbaycanla yaxşı münasibətlərin əvəzində işğala son qoyulması üçün İran tərəfdən də Ermənistana müəyən basqıların olması vacib şərtlərdən biridir. Əgər İran Azərbaycanın bu istəklərinə əməl etməyəcəksə, o zaman iqtisadi münasibətlərə də yenidən baxmaq üçün əsas yaranacaq”.
 
Hurriyyet.org