“İran Azərbaycanda zəkat yığırsa, bu, daxili işlərimizə kobud müdaxilədir” - NATİQ MİRİ

“İranın şiə siyasətinin əsas tərkib hissəslərindən biri Azərbaycan dövlətidir”

“Hürriyyət”in araşdırmasına əsasən, təkcə İranın Ali Dini Liderinin Bakıdakı nümayəndəliyinin başçısı, höccətülislam Əli Əkbər Ocaqnecad tərəfindən idarə olunan “Hüseyniyyə” namazxanasının “xums” və “zəkat” adı altında illik dövriyyəsi ən azı 700 min manat təşkil edir. Üstəlik, Azərbaycanda Xameneyini təqlid edən dindarların çoxluğu şəraitində, yerli koordinatorlar vasitəsilə mərkəzləşdirilmiş qaydada toplanan vəsaitin daha çox olduğu istisna deyil. Ümumilikdə isə, Azərbaycan Respublikası üzrə İranın öz məqsədləri üçün ildə təxminən 50 milyon manatdan çox vəsaiti idarə etdiyinə dair iddialar səsləndirilir.
Bir sıra hesablamalara görə, Azərbaycan ərazisində cümə namazlarında iştirak edənlərin təqribi sayı 500 min nəfərə yaxındır. Həmin şəxslərin 90 faizinin cəfərilik məzhəbinə bağlı olması faktını nəzərə alsaq, zəkat-xumsla bağlı yuxarıda açıqlanan rəqəmin real olduğu aydın görünər.
Ən maraqlısı isə odur ki, bir sıra mənbələrdə zəkat-xums vəsaitinin müctəhid, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və koordinatorlar arasında bölüşdürüldüyünü də söyləyirlər.
 
“Yığılan zəkatın hara xərclənməsi hesabatlı şəkildə cəmiyyətə təqdim olunmalıdır”

 
Məsələ ilə bağlı politoloq Natiq Miri Hurriyyet.org-a bildirib ki, dinin dövlətdən kənar olmadığı və dinin dövlət rəhbərliyi olduğu rejimlərdə zəkat yığılır: “Zəkat yığılarkən təbii ki, dövlət müəyyən mənada bunu sosial məsələlərə xərcləyir. Əsasən də humanitar məsələlərdə ehtiyacı olan insanlara, xüsusən xəstələri müalicə etdirməklə bu cür sosial yardımlarda iştirak edir. Nəzərə alsaq ki, Azərbaycan dünyəvi dövlətdir və din dövlətdən ayrıdır, belədə zəkat yığılırsa, bu zəkatın konkret hansı tip təşkilata getməsi və xüsusilə də bu təşkilatın zəkatdan yığılan pulları nə qədər şəffaf xərcləməsi məsələsi ortada olmadan bu cür məsələlərin var olması çox qaranlıq bir işdir.  Bu, qanunvericiliyə uyğun bir davranış deyil. Çünki zəkatı insanlar müəyyən bir hissədən verirlər, yəni bu 81 qram qızılı olan insanlara aiddir. Həmin malı-mülkü olan insanlar 2 faiz miqdarında zəkat ödəyirlər. Təbii ki, bu zəkat ehtiyacı olan insanlara verilməsi üçündür. Bu, peyğəmbərimizin dönəmində, peyğəmbərin həm də müsəlman dövlətinin başçısı olduğu bir zamanda baş verib. Azərbaycanda fərqli bir rejimdir. Ona görə də düşünürəm ki, bu məsələ qanuni bir məsələ deyil. Belə bir məsələ varsa, çox ciddi mənada şəffaf olmalıdır. Ən azı yığılan zəkatın hara xərclənməsi hesabatlı şəkildə cəmiyyətə təqdim olunmalıdır. Ancaq cəmiyyətdə kiminsə bu barədə konkret informasiyası olduğu qənaətində deyiləm”.
 
“Dini məsələlər vasitəsilə İran Azərbaycanda öz kəşfiyyat maraqlarını ciddi surətdə yürüdür”
 
Natiq Miri nəzərə çatdırdı ki, İran Azərbaycanda zəkat yığırsa, bu, Azərbaycanın daxili işlərinə kobud surətdə müdaxilə deməkdir: “Buna Azərbaycan dövləti ciddi reaksiya verməlidir. İran bir xarici dövlət ola-ola Azərbaycanda niyə zəkat yığmalıdır? Azərbaycan özü bir müsəlman ölkəsi olaraq Allaha ibadət edən insanlar zəkatını, xumsunu da, hətta orucluq ayından sonra fitrə-zəkatı da çıxırlar. Bundan ötrü hansısa xarici dövlətin təşkilatına müraciət etməyə ehtiyac yoxdur. Azərbaycanın özünün dini qurumları ola-ola İranın hansısa bir təşkilatı niyə Azərbaycanda zəkat yığıb və bu pulu idarə etməlidir? Bu kobud şəkildə Azərbaycan dövlətinin dini məsələlərinə qarışmaqdır. Düşünürəm ki, bu dini məsələlər vasitəsilə, əslində, İran öz kəşfiyyat maraqlarını Azərbaycanda ciddi surətdə yürüdür. Bu məsələyə Azərbaycanın xüsusi xidmət orqanları xüsusi diqqət etməlidirlər”.
 
“Bunun vasitəsilə İran nəinki öz dini, həm də geosiyasi maraqlarını Azərbaycanda təmin edir”
 
“Təbii ki, cəfərilər şiə məzhəbinə məxsus şəxslərdir və cəfərilərin böyük əksəriyyəti İrandadır. Ancaq hansı məzhəbə qulluq etməsindən asılı olmayaraq, xarici bir ölkə Azərbaycanda zəkat yığa bilməz. Xüsusilə də bunu məscidlər vasitəsilə edirsə, bilavasitə insanların mənəvi hisslərinə toxunmaq məsələsidir. Düşünürəm ki, bunun vasitəsilə İran nəinki öz dini, həm də geosiyasi maraqlarını Azərbaycanda təmin edir. Necə ola bilər ki, xarici bir ölkə Azərbaycan vətəndaşından zəkat yığır və bu zəkatın 1/3 hissəsini öz qərarı ilə Qafqaz Müsəlmanları İdarəsinə verir, geridə qalan hissəsi də İran dövlətinə göndərilir?! Bu, kobud surətdə bütün məsələlər üzrə Azərbaycanın işlərinə müdaxiə deməkdir. Buna qətiyyən imkan vermək olmaz. Bü gün şiəliyin nüvəsi, şiəliyi yayan yeganə ölkə məhz İran dövlətidir. Bu gün İran dövləti ciddi surətdə Yaxın Şərdə bir şiə qövsü yaratmaq istəyir və İranın şiə siyasətinin əsas tərkib hissəslərindən biri də Azərbaycan dövlətidir. Ona görə də düşünürəm ki, bu məsələdə çox ciddi, həssas olmaq lazımdır”, - deyə politoloq bildirdi.
 
“İran təşkilatının yığdığı zəkatın 1/3-ni Azərbaycanın dini təşkilatı alırsa, bu özü də qanunsuzluqdur”
 
N.Miri qeyd etdi ki, Qafqaz Müsəlmanları İdarəsinin hesabına 50 milyonun 1/3 hissəsinin keçirildiyini söyləmək üçün konkret faktlar lazımdır: “Məndə konkret faktlar olmadığı üçün birbaşa ittiham edə bilmirəm. Ancaq belə faktlar varsa və İran təşkilatının yığdığı zəkatın 1/3-ni Azərbaycanın dini təşkilatı alırsa, bu özü də qanunsuzluqdur. Zəkat, eyni zamanda fitrə insanların Allah qarşısında götürdüyü təhüddür və Allahın əmridir. Bunu yerinə yetirmək insanların şəxsi işidir. İnsanları buna məcbur etmək düzgün deyil. Buna görə də məscidlərdə və yaxud hansısa dini təşkilatlar vasitəsilə insanları üzə salmaqla bu cür vəsaitlərin yığılması qeyri-qanunidir. Bu məsələlər könüllülük əsasında baş verməldir ki, Azərbaycan əhalisi də zatən illərdir ki, belə edir. Yəni kimsəni buna görə inandırmağa ehtiyac yoxdur. Ramazan bayramından dərhal sonra və yaxud bayram namazından öncə insanlar fitrə-zəkat çıxırlar. Bunu insanlarımız öz iradəsi ilə, müstəqil şəkildə edirlər. Bundan ötrü hansısa məscidlərin və yaxud İran kimi bir ölkənin təşkilatlarının müdaxiləsinə ehtiyac yoxdur. Bu, bütün hallarda qanunsuzdur”.