İran-ABŞ gərginliyi: "Tətiyə birinci kim basacaq" sualı...

Baxış sayı:
5593

Elşən Mustafayev: “Regionda növbəti qaynar ocağın yaranması qaçılmaz ola bilər...” ABŞ və İran arasındakı gərginlik müharibə riskini get-gedə artırır. Birləşmiş Ştatlar cənub qonşumuzu iqtisadi cəhətdən çökdürmək üçün cəhdlərini davam etdirir. Lakin rəsmi Tehran da dinc dayanmır, “əzələ nümayiş” etdirir. Artıq mümkün müharibə ehtimallarından hər iki tərəf söz açmağa başlayıb. “İran ordusu və İranın dəstəklədiyi qüvvələr Yaxın Şərqdə ABŞ ordusuna qarşı hücuma hazırlaşır”. Axar.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı və ABŞ-ın Avropadakı komandanlığı bəyanat yayıb. “Avraam Linkoln” təyyarədaşıyan gəmisinin bölgəyə ABŞ müdafiə nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Patrik Şanahanın icazəsi ilə göndərildiyini deyən polkovnik Bill Urban İrandan ciddi hücum təhdidlərinin olduğunu vurğulayıb. Qeyd edilir ki, sözügedən məlumat ABŞ-a İsrailin kəşfiyyat xidmətindən ötürülüb. Bundan əlavə, İranın Ali Milli Təhlükəsizlik Şurası Hərtərəfli Birgə Fəaliyyət Planının üzvlərinə bəyanat ünvanlayıb. Bəyanatda deyilir ki, İran mayın 8-dən etibarən nüvə sazişindəki bəzi addımlarını dayandıracaq. Əlavə olunur ki, İran hazırkı mərhələdə artıq zənginləşdirilmiş uranın və ağır su ehtiyatlarının saxlanılmasına dair məhdudiyyətlərə öhdəlikli olmayacaq. İranın Ali Milli Təhlükəsizlik Şurası qalan ölkələrə nüvə sazişindəki, xüsusilə də bank və neft sektorlarında öz öhdəliklərini yerinə yetirmək üçün 60 gün vaxt verir. Ekspertlər İran geri çəkilməyəcəyi təqdirdə yaxın gələcəkdə müharibə variantını mümkün sayırlar. Gedən müzakirələrdə Azərbaycanın da adı keçir. Bu da səbəbsiz deyil. Çünki İran bizə həmsərhəd ölkədir. Beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev müharibənin baş verəcəyinə inanmır: “ABŞ-İran münasibətləri son vaxtlar artan xətt üzrə gərginləşsə də, bunun müharibə həddinə çatacağına yaxın gələcək üçün əmin deyiləm. Hazırkı situasiya bölgədə indiyə qədər bir neçə dəfə baş verib. İranın təhdidlərini də görmüşük, ABŞ-ın bölgəyə hərbi kontingent yığmağının da şahidi olmuşuq. Amma hər dəfə hər iki tərəf daha da irəli getməkdən çəkinib. Bütün bunlara rəğmən, dünyada ən böyük müharibə riski olan ölkə bu gün İran hesab olunur. Ortada olan ağır sanksiyalar, qarşılıqlı ittihamlar və təhdidlər İran məsələsində ABŞ-ın geri durmaq istəyinin olmadığını göstərir. Eyni zamanda maksimum şəkildə silahlardan istifadə olunması da arzu edilən deyil. Ən azından ABŞ İraqda olduğu kimi, BMT sanksiyası olmadan təkbaşına müharibəyə başlamaq məsuliyyətinin altına girmək istəmir. Məsələ ondan getmir ki, müttəfiqlərsiz hansısa uğur qazana bilməz. Amma bu dəfə beynəlxalq konvensiyalar, qərarlar çərçivəsində bu addımı atmaq istəyər. Yox, əgər müharibə istiqamətində kiçik də olsa addım İran tərəfindən atılarsa, ABŞ bundan dərhal istifadə edəcək, digər böyük dövlətləri də ətrafında cəmləşdirəcək. Nəticə etibarilə bütün gücü ilə İranla bağlı məsələni birdəfəlik çözəcək. Bu halda nə Rusiya, nə Çin, nə də digər dövlətlər həm ikitərəfli, həm də BMT çərçivəsində bir söz deyə bilməyəcəklər. Ona görə də İranın hansısa əməliyyatlara başlayacağı perspektivinə inanmıram. İranın nüvə sazişindəki bəzi müddəalardan geri çəkiləcəyi, ABŞ-a ultimatumlar verməsi ilə bağlı yayılan məlumatlara gəlincə isə, bu addımı atacağına inanıram. Hesab edirəm ki, bu, sanksiyalardan əziyyət çəkən bir dövlət tərəfindən edilən blefdir. Amma fikir verin, söhbət bəzi müddəalardan gedir. Yəni bütünlükdə nüvə başlığı yaradacaq, hətta uranın zənginləşdirilməsi məsələsindən söhbət getmir. İran sanksiyalar içində boğulduğundan ABŞ-a mesaj vermək istəyir ki, əgər belə davam edərsə, gələcəkdə uranın zənginləşdirilməsi ilə bağlı bütün danışıqlardan imtina edəcəyəm. Yeri gəlmişkən, Obama zamanında ABŞ və İran arasında danışıqlarla bağlı saziş var idi və bundan sonra bir çox sanksiyalar aradan götürülmüşdü. Tramp hakimiyyətə gəldikdən sonra bu sazişdən birtərəfli qaydada çıxıb. Əslində bu addımdan sonra İranın nüvə sazişi ilə bağlı addımlar atacağı gözlənilirdi. Amma hesab edirəm ki, istənilən halda gedişatda basqı altında olan İran olduğundan pressinqlərin təsirindən əsəbi addımlar ata bilər ki, nəticəsi özü üçün yaxşı olmaz. Ediləcək səhvlər ABŞ-a və Qərbə gələcək addımlarına haqq qazandırmaq üçün böyük imkanlar yarada bilər. Düşünürəm ki, əllərində ciddi əsas və səbəb olmadan regionda ABŞ-ın müdaxiləsi, müharibəyə başlaması olmayacaq. Yox, belə bir səbəbi İran yaradarsa, o zaman regionda növbəti qaynar ocağın yaranması qaçılmaz olacaq. Belə bir halın isə qonşu dövlətlərə, xüsusən də Azərbaycana təsirlərinin olacağı şübhəsizdir. Ancaq düşünmürəm ki, müharibə olacağı halda ABŞ Azərbaycanı proseslərə cəlb etmək istəsin. Yəni söhbət bizim ərazilərdən istifadə olunmasından, loqistik dəstək istənilməsindən gedir”. Ekspert İranla bağlı mövcud vəziyyətin Azərbaycana təsirləri barədə də danışdı: “Bizim üçün cənub qonşumuzun ərazisində fəsadların bizə də toxunacağı səbəbindən çaxnaşmalar arzuolunan deyil. Amma bu olacaqsa, hadisələrdən maksimum kənarda durmaq, olacaqlardan sığortalanmaq ən doğru addımdır. Biz elə də böyük dövlət deyilik ki, belə hallarda vasitəçilik edək, göstəriş verək və s. Ən əsası, hadisələrin baş verəcəyi halda sərhədlərimiz daxilində təhlükəsizliyimizi təmin etməkdir. Amma dediyim kimi, bu gün hələ belə bir perspektivin olacağına, yəni İranın özü üçün məhvedici səhvlər buraxacağına inamım azdır”./musavat.com