İqtisadiyyat Nazirliyi qanunsuz tələbindən əl çəkəcəkmi?

Baxış sayı:
982

 “SKMF pulunu növbədənkənar götürməyə cəhd edir”
 
“Xəbər verdiyim kimi, Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) da “Bank Standard”da 20,3 milyon manat pulu qalıb. Yəni kreditorlardan biridir və sədri olduğum Kreditorlar Komitəsinin də üzvüdür. Qanuna görə, digər kreditorlarla bərabər şəkildə növbəsinə uyğun pulunu götürməlidir. Lakin SKMF pulunu növbədənkənar qaydada götürməyə cəhd edir. Bu barədə İqtisadiyyat nazirinə məktub yazmışdım, oradan da heç bir qanuna istinad edilmədən (üstəlik mühasibatlığın əlifbası olan aktiv-passiv məsələsini də qarışıq salıblar) cavab gəlmişdi ki, guya tələbləri qanunidir (https://www.facebook.com/akram.hasanov.5/posts/10213543267472639)”.
Muxalifət.az hurriyyet.org-a istinadən xəbər verir ki, bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “feysbuk” səhifəsində qeyd edib.
 
“Qanunsuz olaraq qabağa düşmək cəhdi ölkədə qeyri-sağlam investisiya mühitindən xəbər verir”
 
“Bu gün nazirə təkrar müraciət etmişəm. Qarşıdan gələn bayramların təbriki ilə yanaşı, qanuna istinad edərək bir daha qanunsuz cəhdlərə son qoymağa dəvət etmişəm. Ümumi sözlərlə yox, qanuna istinadən mövqelərini əsaslandırsınlar. İqtisadiyyat nazirliyi adətən investisiya mühitindən və s. danışmağı sevir. Halbuki, digər kreditorların maraqlarını pozaraq qanunsuz olaraq qabağa düşmək cəhdi ölkədə qeyri-sağlam investisiya mühitindən xəbər verir. Sözləri ilə əməlləri düz gəlmir. Ölkə rəhbərliyinin iqtisadi siyasətinin bu cür icrası yolverilməzdir”, - deyə ekspert vurğulayıb.