İQTİDARLA MÜXALİFƏT ARASINDA QARABAĞ MÜZAKİRƏLƏRİ...

Hakimiyyət nə üçün ümumilli məsələlərdə müxalifətlə eyni masa arxasına oturmaq istəmir?

Sərdar Cəlaloğlu: “Azərbaycan müxalifəti sıradan çıxıbsa, siyasi iqtidarı da sıradan çıxıb”
Mirmahmud Mirəlioğlu: “Azərbaycan hökuməti öz vətəndaşı ilədanışmaq gücündə deyil”
Əli Əliyev: “İqtidar Qarabağ məsələsini monopoliyaya alır”
 
Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla Soçidə baş tutan görüşündən sonra Dağlıq Qarabağla bağlı müzakirələr intensivləşib. Prezidentlərin görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun noyabrın 16-da Moskvaya işgüzar səfəri, həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfəri onu göstərir ki, Dağlıq Qarabağla bağlı müzakirələrdə müəyyən taktika yürüdülür ki, bundan da Azərbaycan ictimaiyyətinin, eləcə də müxalifətinin xəbəri yoxdur.
Əlbəttə, bu heç də yenilik deyil, illərdir siyasi partiyalar bütün proseslərdən kənarda saxlanılır və ölkədə müxalifət yoxmuş kimi davranılır. Amma hakimiyyətin müxalifəti konkret olaraq Qarabağ məsələsində nəzərə almaması onu deməyə əsas verir ki, iqtidar heç bir vəchlə ölkədə müxalifətin varlığını qəbul etmir. O səbəbdən heç bir məsələdə, eləcə də Dağlıq Qarabağ məsələsində müxalifətlə müzakirələr aparmır.
Azərbaycan hökumətinin Dağlıq Qarabağ məsələsini müxalifətlə müzakirə etməməsini səbəblərini Azərbaycan Demokat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Hurriyyet.org-a belə açıqladı: “Birincisi, Azərbaycan iqtidarı legitim və xalqdan mandat almış iqtidar deyil. İkincisi, demokrtaik iqtidar deyil. Elə qaydalar demokratik cəmiyyətlərdədir və hakimiyyət xalqın iradəsini nəzərə alır. O cür hakimiyyətlər ölkədəki bütün siyasi qüvvələrin konkret münasibətini öyrənir və yaxud da ən azı ölkədəki siyasi qüvvələri milli problemlərin həllinə cəlb edir”.

“Türkiyənin Rusiyaya yaxınlaşmasında Dağlıq Qarabağproblemi çox ciddi əngəllərdən biridir”

“Dağlıq Qarabağ məsələsinin həllinə yaxınlaşılması ilə bağlı deyilən fikirlərin heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ, deyildiyi kimi, açarı Rusiyanın əlində olan bir problem deyil. Bu gün dünyada yalnız bir dövlətdən asılı olan problemlər yoxdur. Problemlər bir qayda olaraq müxtəlif dövlətlərdən asılıdır və tərəflərin də hər birinin razılığı olmadan bu cür problemlər həll edilə bilməz. Son vaxtlar Yaxın Şərqdə baş verən hadisələr, Avropanın və Amerikanın Türkiyəyə münasibətində baş verən dəyişikliklər yeni bir qütbləşmənin, yəni Türkiyə-Rusiya-İran qütbləşməsinin yaradılmasına doğru istqamətlənib. Ancaq Türkiyənin Rusiyaya yaxınlaşmasında Dağlıq Qarabağ problemi çox ciddi əngəllərdən biridir. Təbii ki, bu yaxınlaşma inkişaf etdikcə, Dağlıq Qarabağ məsələsinin də həlli gündəmə gələcək”, - dedi ADP sədri.

“Bəlkə biz elə bəyanat veririk ki, bu bəyanat Azərbaycan dövlətinin apardığı gizli danışıqlara ziyan verir”

S.Cəlaloğlu vurğuladı ki, Azərbaycan iqtidarı siyasi xarakterli olmadığına görə, bu cür siyasi ənənələrdən də uzaqdır: “Məsələn, Türkiyədə hər hansı bir siyasi məsələ olan kimi prezident, baş nazir siyasi partiyaların liderlərini ayrı-ayrı çağırır, onlarla məsləhətləşmələr aparır, onlara məlumat verir. Bəlkə biz elə bəyanat veririk ki, bu bəyanat Azərbaycan dövlətinin apardığı gizli danışıqlara ziyan verir. Amma biz dövlətin hansı siyasəti apardığını bilmədiyimizə görə, sadəcə olaraq öz mövqeyimizi ortaya qoyuruq. Amma oturuşmuş dövlətçilik ənənəsi olan ölkələrdə dövləti idarə edənlər müxalifətə lazım olan informasiyanı verirlər ki, müxalifətin də mövqeyi dövlətin apardığı proseslərə əngəl olmasın. Əslində, Azərbaycanda siyasi güclərin fəaliyyətinin effektsizliyinin səbəblərindən biri budur. Azərbaycan iqtidarı demokratik və sivil bir iqtidar olmadığına görə məsləhətləşmələr, ən azı ictimai rəyin öyrənilməsi də siyasətdə nəzərə alınmır”.

“Azərbaycan iqtidarı siyasi iqtidarlar kimi düşünmür”

S.Cəlaloğlu qeyd etdi ki, hakimiyyət Dağlıq Qarabağ məsələsində hansı gizli güzəşt edir-etsin, bu güzəşt icraya keçəndə onsuz da açıq olacaq: “Bu güzəşt doğrudan da xalqın və müxalifətin narazılığı ilə qarşılanacaqsa, elan olunanda həmin narazılıq üzə çıxacaq. Ona görə də bu əsassız bir şeydir. Sadəcə olaraq indiki Azərbaycan iqtidarı siyasi iqtidar olmadığına görə, siyasi iqtidarlar kimi düşünmür. Bu, merkantil bir qrupdur, hakimiyyəti qeyri-qanuni ələ alıb, hər şeyi özlərinin ailə və tayfa maraqlarına uyğun həll edirlər və daha dar dairədə fokuslaşırlar. 30 ildir Azərbaycan iqtidarında təzə sima yoxdur. Hətta pensiyaya göndərdiklərini məcbur olub qaytarırlar. Çünki kadr çatışmır. Yeni  kadr lazımdır. Yeniləşməmək üçün köhnələri yenidən işə cəlb edirlər. O yerdə ki şəxsiyyət kultu formalaşır, bu cür qapalı qruplar orada əmələ gəlir. Əslində, Azərbaycan iqtidarı bir şəxsiyyət kultu ətrafında formlaşmış bir iqtidardır. Belə iqtidarların müxalifətlə diskussiyalara getməsi və yaxud informasiya verməsi, əməkdaşlıq etməsi qeyri-mümkündür. Bu, iqtidarın özünün keyfiyyəti ilə bağlıdır. Aşağı keyfiyyətli idarəetmələrdə iqtidarlar bu cür “heç kəsi saymadan” siyasət aparır. Bir də görürsən bəyanat verirlər ki, biz Amerikanı, Avropanı, dünyada heç kəsi saymırıq, biz müxalifəti saymırıq”.

“Müxalifətin sıradan çıxması o deməkdir ki, ölkədə siyasi hakimiyyət yoxdur”

Cəlaloğlu onu da diqqətə çatırdı ki, Azərbaycan iqtidarının təbliğatının əsas hədəflərindən biri Azərbaycan müxalifətinin olmadığını, dağılıb, sıradan çıxıdığını, zəif olmasını deməkdir:“Bunları demək düzdürmü? Adama deyərlər ki, sən necə dövlət idarə edirsən ki, sənin dövlətində müxalifət yoxdur, zəifdir və yaxud sıradan çıxıb?! Müxalifətin sıradan çıxması o deməkdir ki, ölkə siyasi relsdən çıxıb, ölkədə siyasi hakimiyyət yoxdur. Çünki siyasət olan yerdə iqtidar-müxalifət var. Müxalifət olmayan yerdə iqtidar-müxalifət yoxdur, bu, o deməkdir ki, siyasət yoxdur. Yəni iqtidar deyəndə ki, Azərbaycanda müxalifət yoxdur, əslində, demək istəyirlər ki, biz ölkəni siyasi idarə etmirik. Son vaxtlarda tez-tez deyirlər ki, Azərbaycan müxalifəti sıradan çıxmışdır. Azərbaycan müxalifəti sıradan çıxıbsa, “Əksikliklərin tərəqqisi” qanununa görə, Azərbaycan siyasi iqtidarı da sıradan çıxıb. Çünki əksikliklər bir-biri ilə vəhdətdədir. Yəni əksikiliyin bir tərəfi yoxdursa, o birisi tərəfi də yoxdur, deməli, siyasi iqtidar da yoxdur, ortalıqda bir qeyri-siyasi iqtidar var. Azərbaycan müxalifəti nə qədər sıradan çıxıbsa, Azərbaycanda siyasi iqtidar da bir o qədər sıradan çıxıb. Azərbaycanda siyasi iqtidar sıradan çıxbsa, onun yerinə qeyri-siyasi, yəni zorakılıqla, cinayət əməlləri ilə dövləti idarə edən bir iqtidar gəlir. Buna da elmi dildə aşağı keyfiyyətli bir iqtidar deyilir. Müxalifətlə məsləhətlər aparmamaq elə həmin aşağı keyfiyyətli iqtidarın, idarətmənin əlamətidir”.

“Hakimiyyət hansı məsələni müxalifətlə müzakirə edib ki, Qarabağ məsələsini də müzakirə etsin”

“Hakimiyyət niyə Dağlıq Qarabağla bağlı məsələni müxalifətlə müzakirə etmir” sualına Kllasik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu belə cavab verdi: “Hakimiyyət hansı məsələni müxalifətlə müzakirə edib ki, Qarabağ məsələsini də müzakirə etsin. O sual hakimiyyətdən soruşulsa, daha doğru olar. Yəqin ki, bu məsələlərdə özlərini o qədər hazır bilmirlər və yaxud bu məsələnin müzakirəsini istəmirlər. Özləri bilərlər, biz onların əvəzində nəyisə ehtimalla deməli deyilik. Amma xüsusi məqamlar var, Rusiya-Türkiyə danışıqlarının nəticəsi olaraq ortalığa Qarabağla bağlı konkret heç nə qoyulmursa, bizim şərhçilərimiz deyirsə ki, bu məsələlər belədir, ehtimallar da ancaq Rusiya xarici işlər nazirinin və digərlərinin səfərlərinə istinad edilirsə, bu, doğru deyil. Yəni bu, bir az da cəmiyyəti aldatmağa xidmət edir. Kaş ki, belə olaydı. Amma rəsmi açıqlama yoxdur. Bu səfərlər də hər zaman var. Mütamadi olaraq ildə bir neçə dəfə olur. Bu səfər də onlardan biridir”.

“Hakimiyyət o sualdan qorxur…”

Mirəlioğlu vurğuladı ki, Azərbaycan hökuməti öz vətəndaşı ilə danışmaq gücündə deyil:“Baxmayaraq ki, iqtidardı, güclüdür, hər şeyi var, hər iş görür, amma adicə bir danışığa belə gedə bilmir və yaxud buna ehtiyac görmür. Yəni bu da onun taktikasıdır. Bizim onun əvəzində danışmğımız düz deyil və yəqin ki, o sualdan da qorxur. O sualdan ki, Elçibəy bir illik hakimiyyətini tənqid edirsiniz, deyirsiniz ki, bu məsələlər belədir, hətta bunu çəkinmədən yaxın günlərin ən aktual mövzusuna çevirə bilirsiniz. Bəs, onda adamdan soruşarlar, yaxşı, bu bir illikdən danışdınız, bu qədər yetmədimi? 24 illikdən də danışın ki, nə iş görmüsünüz?! Hansı məqamlarda hansı işlər görməli idiniz, görmədiniz. Bəlkə hakimiyyət bu sorgudan qaçır”.

“Bu məsələ hansısa partiyanın, şəxsin monopoliyası ola bilməz”

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev isə dedi ki, Qarabağ məsələsini iqtidarın müxalifətlə müzakirə etməməsi iqtidarın ciddi yanlışıdır: “İqtidar bütün məsələlərdə olduğu kimi özünü hakimi mütləq sayır və Qarabağ məsələsini monopoliyaya alır. Elə hesab edirlər ki, bu, yalnız bir nəfərin, yəni ölkə başıçısının və bir siyasi qüvvəni, Yeni Azərbaycan Partiyasının problemidir. Təəssüflər olsun ki, beynəlxalq çevrə nümayəndələri də bu cür davranışa rəvac verirlər və çalışırlar ki, xalqı və onun fəal hissəsi olan müxalifəti bu prosesdən kənar saxlasınlar və bu yolla öz beynəlxalq miqyaslı maraqlarına xidmət etmiş olsunlar. Məncə, bu, yeni Azərbaycan Partiyasının ciddi səhvidir. Bu məsələ heç bir halda hansısa partiyanın, şəxsin monopoliyası ola bilməz. Qarabağ məsələsi ümimi məsələdir və bu xalqın razılığından keçməlidir. Hakimiyyətin bəyənib-bəyənməməyindən, necə adlandırmasından asılı olmayaraq, xalqın da fəal hissəsi onun siyasi müxalifətidir. O müxalifət yox ki, Ağ evin qərarı ilə parlamentə əyləşdirilib, o müxalifət yox ki, gizlin mənbələrdən maliyyələşir. O müxalifət ki, həqiqətən bu xalqın içindən çıxıb və hakimiyyətdən heç bir vəchlə asılı deyil. Ona görə də Dağlıq Qarabağ məsələsi ətrafında bugünkü hərəkətlənmə Azərbaycan xalqının maraqlarını tam olaraq ifadə edə bilməz. Ola bilər ki, şərtlər hansısa qrupun maraqlarına uyğundur. Yəni ən azı Kreml tərəfindən dövriyyəyə buraxılmış 5 rayon məsələsi  Azərbaycan xalqının bütöv halda maraqlarını əks etdirən siyasi razılaşma ola bilməz. Ona görə də bu kimi məsələlər daxili müzakirələrdən keçirilməlidir ki, bunu Ermənistan edir. Ermənistan Dağlıq Qarabağ məsələsi ətrafında vahid mövqe əldə edə bilib, cəmiyyətin konsentrasiyasına nail ola bilib və bir növ Dağlıq Qarabağla bağlı konsensus nümayiş etdirir. Azərbaycan tərəfi isə məsələni hakim qüvvədən asılı hala gətirib. Sanki ölkədə yeni Azərbaycan Partiyasından başqa siyasi qüvvə yoxdur ki, fərqli fikir desin. Bu da yanlışdır”.

“25 ildir Konstitusiya vəzifələrinin öhdəsindən gəlmirlər”

Ə. Əliyevin sözlərinə görə,  Dağlıq Qarabağ məsələsi Yeni Azərbaycan Partiyasının siyasi kursudur: “Çünki 1993-cü ildə hakimiyyətə gələn zaman bu xalqa kiçicik hərəkətlə Dağlıq Qarabağın mərkəzi olan Xankəndində əyləşəcəkləri vədi veriblər. Zaman-zaman Novruz bayramlarında bu xalqa “bayramı torpağımızda qeyd edəcəyik” kimi yalançı vədlər eşitdiriblər. Ancaq 25 ildir Konstitusiya vəzifələrinin öhdəsindən gəlmirlər. Yalançı Cocuq Mərcanlı əsatiri kənarda olmaqla, bir addım da olsun Azərbaycan irəlilyişə nail ola bilməyib. Əkisnə, Yeni Azərbaycan Partiyası hakimiyyətə gələndən sonra Azərbaycanın 5 rayonu işğal altına düşüb və o rayonların işğaldan azad olması üçün hakimiyyət barmağını barmağına vurmayıb”.

“Təəssüflər olsun ki, hakimiyyət zəiflyi səbəbindən Azərbaycanda müxalifətin olmadığını deyir”

“Konstitusiyada Azərbaycan Respublikasının prezidentinin vəzifəsidir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyni və vətəndaşların toxunulmazlığını təmin etsin. Bu 25 il ərzində bir addım da olsun irəli getməyən bir siyasi qüvvənin Qarabağ kimi taleyüklü məsələ ilə bağlı qərar verməsi yanlışdr. Mən hesab edirəm ki, burada cəmiyyətin bütün təbəqələrinə ünvanlanmış müraciət lazımdır. Təəssüflər olsun ki, Azərbaycan hakimiyyəti zəiflyi səbəbindən Azərbaycanda müxalifətin olmadığını deyir. Azərbaycan müxalifətini özünə yaraşmayan tərzdə kobud ifadələr ilə damğalayır. Bu ancaq zəifliyin və acizliyin nümunəsi ola bilər. Siyasi qüvvələr siyasi davranışda bir-birinə qarşı yaraşmayan ifadələr işlətməməlidirlər, söyüşə yaxın ifadələrdən qaçmalıdırlar. Hesab edirəm ki, Dağlıq Qarabağ məsələsi ətrafında bir mövqe olmalıdır. Bu torpaqların erməniyə qismət olmasında kimin rolu olacaqsa, o satqın və xain damğasını tarix boyu üzərində gəzdirəcək. Bu istər fərd, istərsə də siyasi qüvvə olsun. Azərbaycana rus qoşunlarının yeridilməsi, Laçının və Kəlbəcərin itirilməsi bahasına, Dağlıq Qarabağın birtərəfli qaydada ermənilərə ərmağan edilməsi qarşlığında belə “sos” lazım deyil. Kimsə bu məsələni icra edə bilmirsə, heç olmasa dondurub saxlasa, biz əminik ki, növbəti iqtidarlar bu məsələnin həllində müsbət rol oynaya bilərlər”, - deyə VİP sədri vurğurladı.

Hurriyyet.org