İqbal Ağazadə: “Kamal Abdullaya haqqımı halal etmirəm” - QALMAQAL

Baxış sayı:
231

"Ümid” partiyasının sədri, sabiq deputat İqbal Ağazadə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullaya müraciət ünvanlayıb.
Muxalifet.az-ın məlumatına görə, partiya sədri özünün feysbuk səhifəsində yaydığı müraciətində bir müddət öncə Kamal Abdullanın əmri ilə işdən çıxarılan ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəylinin haqqının bərpa olunmasını istəyib:
"Hörmətli Kamal Abdulla. Mən həmişə sizə hörmət və ehtiramla yanaşmışam. Bu gün də sizə bir daha öz hörmətimi ifadə edirəm. Amma... Mən uzun müddətdir rektoru olduğunuz universitetin müəlliməsinin sizə qarşı ittiham və iddialarla çıxış etdiyinin şahidiyəm. "Kim haqlıdır?" sualına cavab verməkdə çətinlik çəkirəm. İnanıram ki, mənim kimi sizi tanıyan hər kəs bu vəziyyətə təəssüf edir. Siz haqlısınız, yoxsa Vüsalə xanım? Nədən ictimaiyyət, jurnalistlər qarşısında açıq bir dialoq təşkil etmirsiniz? Nədən o gənc xanımın səsini eşitmirsiniz? Ya o gənc alimin haqqını verin, ya da haqlı olduğunuzu cəmiyyətə sübut edin. Yoxsa bir oxucu kimi sizə haqqımı halal etmirəm”.
Xatırladaq ki, bir müddət öncə ADU-nun filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli rektor Kamal Abdulla haqqında bir sıra iddilar irəli sürmüşdü. Mətbuatda da geniş rezonans doğuran qalmaqalın yekununda isə Kamal Abdulla xanım dekanı işdən çıxarmışdı.