İntiqam Əliyev BMT nümayəndələri ilə görüşüb

Hazırda məhkəməsi davam edən Müsavat başqanının müavini Fərəc Kərimliyə bu həftə hökm oxuna bilər. Mayın 6-da saat 12:00-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək proses müdafiə tərəfi vəkilinin çıxışı ilə davam edəcək. Sonra təqsirləndirilən şəxs son sözünü deyəcək və məhkəmə qərar qəbul etmək üçün müşavirəyə yollanacaq.
Həmin gün hökm oxunma ehtimalı yüksək görünür. Vəkil Nemət Kərimli təcrübəsinə əsasən, mayın 6-da başqan müavininin məhkəməsinin bitəcəyini bildirdi.
Barələrində hökm qərarı verilmiş bəzi siyasi məhbuslarla bağlı bu həftə Apelyasiya Məhkəməsinə müraciət olunacaq. Bunlar hüquq müdafiəçiləri İntiqam Əliyev və Rəsul Cəfərovdur. Müsavatçı gənc Sirac Kərimlinin isə hökmündən artıq apelyasiya şikayəti verilib. Yaxın günlərdə şikayətə baxılacağı gözlənilir.
Bu arada Hüquq Maarifçiliyi Cəmiyyətinin  sədri İntiqam Əliyev BMT-nin nümayəndələri ilə görüşüb. Görüş barədə hüquq müdafiəçisinin vəkili Fəxrəddin Mehdiyev açıqlama verib: “İntiqam bəylə təcridxanada görüşdüm. Apelyasiya şikayətinin verilməsi məsələsini müzakirə etdik. Bəzi məsləhətlərini verdi. Məhkəmə protokolları yoxlanılmalı, qeydlər aparılmalıdır. Bəzi problemlər var. Görüş zamanı onun özü və biz ciddi yoxlanılırıq. Qərara gəldik ki, qeyri-qanunu hərəkətlə bağlı məhkəməyə müraciət hazırlayaq. Şikayəti müzakirə etdik. Əsas ümumi narazılığı yoxlamalarla bağlıdır. Səhhətində problemlər var. İntiqam bəy qabardılmasını istəmir. Hesab edir ki, bu barədə danışmaq bayırda olan insanları narahat edir. BMT-dan nümayəndələr onunla görüşüb. Çox güman ki, digər siyasi məhbuslarla da görüşüblər. Saxlanma şəraiti ilə tanış olublar. Yəqin ki, növbəti həftədə biz apelyasiya şikayətini təqdim edəcəyik. Digər vəkillərlə birlikdə şikayət üzərində çalışırıq”.
Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da vəkili ilə görüşüb. Hüquq müdafiəçisinin səhhətindəki problemlər intensivləşib. Vəkil Elçin Qəmbərov son durumla bağlı bunları dedi: “Səhhəti çox pisdir. Bu barədə daim məlumat vermişik. Sol gözündəki problem daha təhlükəli hal alıb. İstintaqı aparılmır. Yaxın vaxtlarda məhkəməsinin başlama ehtimalı yoxdur. Çox güman ki, payızda başlayacaq”.
“Ayna Zerkalo” qəzetinin həbsdəki əməkdaşı Rauf Mirqədirovun bu ayın 19-da bitəcək həbs müddəti yenidən uzadıla bilər. Bu barədə onunla görüşən vəkil Fuad Ağayev məlumat verdi: “Elə bir yenilik yoxdur. Onunla görüşdüm. Bəzi müzakirələr apardıq. Saxlanma şəraiti ilə bağlı hər hansı bir narazılığı yoxdur. Bəzi hallarda qan təzyiqi qalxıir. Bununla bağlı müntəzəm dərmanlar qəbul edir. İstintaq müddətinin yenidən artırılacağı barədə düşünmək belə istəmirəm. İstintaq qrupu və prokurorluq o qədər qanun pozuntusuna yol veriblər ki, Raufun həbsi, cinayət məsuliyyətinə cəlb olunması və s.”.
Vəkil Rauf Mirqədirovun həbs müddətinin artırılmasını Avropa Konvensiyasının 5-ci maddəsinə zidd olduğunu da qeyd etdi: “Bu ayrı bir söhbətin mövzusudur. Cinayət qanunvericiliyi və onun tətbiqi təcrübəsinin lazımı səviyyədə olmaması barədə çox danışmışıq. Həbs müddətinin artırılması barədə vəsatət verəndə qanunvericilikdə olan məsələləri şablon ifadələrlə deyil, konkret şəkildə əsaslandırmağı bacarmalıdırlar. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin bir neçə qərarı var. Vurğulanır ki, Azərbaycanda həbs müddəti bu kimi işlərdə ifadələrin təkrarlanması yolu ilə avtomatik uzadılır. Bu Avropa İnsan Haqları Məhkəməsinə, Konvensiyanın 5-ci maddəsinə ziddir”.