"​İnternet medianın maliyyələşməsi ilə bağlı layihə hazırdır" - Əflatun Amaşov

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov APA-ya müsahibə verib.
Virtualaz.org-un məlumatına görə, bir çox aktual məsələlərə aydınlıq gətirən Ə.Amaşov internet medianın maliyyələşməsi ilə bağlı layihə hazırladıqlarını da bildirib: "Hazırda ənənəvi mediadan onlayn mediaya keçid prosesi gedir. İctimai rəyin formalaşmasında internet üzərindən yayımlanan xəbər saytlarının mövqeyi artmaqdadır. Mövcud durumda əlbəttə, ictimai missiya yerinə yetirməsi nəzərə alınaraq internet informasiya resurslarının da dövlət tərəfindən maliyyələşməsi məsələsi aktuallaşır. Yeri gəlmişkən, Prezident İlham Əliyev milli mətbuatımızın 140 illik yubileyi münasibəti ilə MŞ İdarə Heyətinin üzvlərini qəbul edəndə də bu məsələ gündəmə gəlmişdi. Həmin vaxt dövlət başçısı müsbət mövqeyini bildirmişdi. Mətbuat Şurası da internet medianın maliyyələşmə qaydalarının layihəsini hazırlayıb. Ancaq ilk növbədə internet medianın statusu müəyyənləşməlidir".
...Söhbət hüquqi statusun müəyyənləşməsindən gedir. Bunun üçünsə qanunvericilikdə dəyişikliklər və əlavələr olmalıdır. Bir neçə cəhətə diqqət çəkmək istərdim. Əvvəla, Azərbaycanın bütün qanunvericilik sənədlərində KİV qismində internet üzərindən yayımlanan informasiya daşıyıcıları da nəzərə alınmalıdır. Onların cəmiyyəti məlumatlandırma, ictimai rəyə təsir imkanlarına həssas yanaşılmalıdır. Yəni KİV dedikdə ənənəvi media vasitələri ilə yanaşı internet media resurslarının - xəbər saytlarının, internet TV-lərin, internet radioların və bloqların fəaliyyəti əsas götürülməlidir. Ayrıca qanunvericilikdə, konkret olaraq “Kütləvi informasiya vasitələri haqqında” Qanunda xəbər saytlarının, internet TV və radioların, bloqların statusuna aydınlıq gətirilməsi önəmlidir.
Deyək ki, onların kütləvi informasiyalılıq dərəcəsi hesablanmalı, bunun üçün İP göstəriciləri, rekvizitlər və digər xüsusiyyətlər dəqiqləşməlidir. İctimai rəyə təsir yükünə malik informasiyanın yayılma effektivliyi və intensivliyi məsələsi də önəmlidir".