"İnsanlar işlərini itirməkdən qorxduqları üçün əlavə işləməyə məcbur edilir" - Millət vəkili

Baxış sayı:
12610

Bir sıra qurumlarda işçilər 8 saatdan artıq işlədilir. Bəzi şəxslər tabeçilik funksiyasına görə bunu dilə gətirə bilmir. Çünki işlərini itirməkdən qorxurlar.
Muxalifet.az xəbər verir ki, bunu deputat Fazil Mustafa parlamentin bu gün keçirilən plenar iclasında bəzi qurumlarda işçilərin iş  saatından artıq işlədilməsi məsələsindən danışarkən deyib.  O, bildirib ki, bununla bağlı müvafiq qanunvericiliyə dəyişikliklər edilməlidir: 
“Niyə insanlar saat 8-ə kimi işləməlidir? Axı bunun ailəsi, başqa işləri var. Biz hansısa sənədlə bunu təsdiqləməliyik ki, insanlar iş vaxtından artıq işlədildikdə onlara əlavə ödəniş olunsun. İşçilər səsini çıxarıb  bunu deyə bilmir. Məhkəməyə verəndə  məhkəmədə də həmişə rəis qalib olur. Məsələn, Milli Məclisdə bu ənənə yaxşı qoyulub.  İşçilər axşam 6-dan sonra evə yola salınır”.
 Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli həmkarının fikirlərində haqlı olduğunu dilə gətirib:
 “Bu məsələdə biz nə etməliyik? Qeyd edim ki, bu münasibərlərin tənzimlənməsi üçün Əmək Müfəttişliyi var. Ona görə də, gələcəkdə bu qurumun belə məsələlərin yoxlanılmasına məsuliyyətinin daha da artırılması ilə bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edə bilərik”.