İnsanı vahiməyə salan it cinsləri Azərbaycanda qadağan ediləcək? - Kinoloqdan açıqlama

Baxış sayı:
13456

Bulvarda və şəhərin digər mərkəzi yerlərində təhlükəli hesab edilən iti ilə gəzən yeniyetmələrlə qarşılaşmamaq mümkünsüzdür. Belə itlər nəinki uşaqları, böyükləri belə vahiməyə salır. İtin sahibi isə çox vaxt məsuliyyətsizlik edərək heyvana ağızlıq belə taxmır və insanların çəkinməsindən sanki zövq alır.

Ötən gün qonşumuz Türkiyənin bir şəhərində 4 it cinsi qadağan edildi. Sivas bələdiyyəsinin qərarına görə Pitbull, Japanese Tosa, Dogo Argentino, Fila Brasilerio cinsli itləri saxlamaq, nəslini artırmaq, onları hədiyyə etmək və s. cərimə ilə nəticələnəcək. 

İllərdir təhlükəli it cinsləri ölkəmizdə də müzakirələrə səbəb olur. Bəs anoloji addım bizdə də atıla bilərmi?

Mövzu ilə bağlı öz münasibətini “Yeni Sabah”a bildirən kinoloq Etibar Orucov belə bir qanunun əleyhinə olduğunu bildirib:

“Azərbaycan üçün belə bir qərar hələ tezdir. Azərbaycan ilk növbədə özünün düzgün bir kinologiyasını yaratmalıdır, ekspertləri, kinoloqları ora toplamalıdır. Cinsindən asılı olmayaraq bütün itlər təlim almalıdır, istər pitbull olsun, istər bir başqa cins. Bu qayda-qanunla baş verməlidir və həqiqətən bir təhlükə varsa, məsələn, heyvanın psixoloji problemi varsa, yatızdırılmalıdır. İndi yaxşı çıxış yolu tapıblar, cinsləri qadağan edirlər. Sabah heç ağıla gəlməyən bir cins aqressivlik etsə, onda belə çıxır ki, ona da qadağa qoyacaqlar?

Milli itlərin özləri də dönmə itlərdir - kanqal və s. Onlar nə vaxtsa insana ziyan versələr, onlaradamı qadağa qoyacaqlar? Yox, əlbəttə ki, bu absurd fikirdir. Cinsindən asılı olmayaraq hər bir it təlim görməlidir.

Ən təhlükəli itlər küçə itləridir, əvvəlcə onları qısırlaşdırıb, nəslini azaltmalıdırlar. Birinci ordan başlamaq lazımdır”.