İndi Trampı ruslar da istəmirlər


Donald Trump
 
Ruslar ara-sıra prezident Trump-ı "iqtidarsız" adlandırırlar, the İndependent qəzeti yazır.
"The Independent" yazır ki, nəhayət Donald Trump-ın tvitlərindən birində yazılanlar həqiqətdir. Prezident yazıb ki, hazırda, ən azı post-Sovet dövrü ərzində ABŞ-Rusiya münasibətləri özünün "ən aşağı səviyyəsindədir".
Redaksiya məqaləsində deyilir ki, Trump-ın azsaylı müsbət prezidentlik vədlərindən biri də Yer planetinin dağılmaqdan xilas etmək məqsədilə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması idi, lakin indi bu vədin icrasi da göyə sovrulub.
Ruslar ara-sıra prezident Trump-ı "iqtidarsız" adlandırırlar və onlar Konqresin yeni sanksiyalar barədə qanunu qəbul etməsilə bağlı ən kəskin ritorikadan istifadə edirlər.
Baş nazir Dmitri Medvedev Konqresin qanunu qəbul etməsini Rusiyaya qarşı "tammiqyaslı iqtisadi müharibə" adlandırıb və deyib ki, iki ölkə arasında münasibətlərin yaxşılaşacağına olan ümidlər sönüb.
Məqalədə deyilir ki, ruslar açıq-aşkar Trump-ın fəaliyyətindən narazıdırlar və onun Moskvadakı reytinqi ABŞ-dakı reytinqi kimi sürətlə enir.
Trump özünün təmtəraqlı tvitlərində Rusiya ilə birlikdə necə nəhəng işlər görə biləcəyindən dəm vursa da, Moskva az qala özünün müttəfiqi saydığı bu adamdan söz yox, əməl gözləyirdi.
Prezident Putin başa düşüb ki, Trump Moskva üçün Obama və ya George W Bush -dan heç də daha yaxşı deyil.
Putin indi düşünür ki, bəlkə də Clinton-un prezidentliyi Rusiya üçün daha yaxşı ola bilərdi.
"The Independent" yazır ki, əgər rusların Trump-a Ağ Evə gəlməkdə kömək etdikləri barədə iddialar doğrudursa, onda Kreml innən belə ABŞ prezidenti üçün daha təhlükəli olacaq.
Medvedev artıq öz çıxışında prezident Trump-ın impiçmentə yaxınlaşdığından, Amerika Konstitusiyasının "25-ci maddəsindən" və "hökumət çevrilişindən" söz açıb.
Məqalədə deyilir ki, böyük bir ehtimalla Rusiya hökumətində Donald Trump-a dair "çirkli" kompromat var və bu informasiya Trump-ın Ağ Evdən getməsini daha da sürətləndirə bilər.
Belə bir cəfəng vəziyyət yarana bilər ki, Kreml Ağ Evə gətirdiyi adamı oradan çıxarmağa çalışar.
Ötən il bəzi şərhçilər deyirdilər ki, Trump-ın prezidentliyi dövründə Üçüncü Dünya Müharibəsi ehtimalı, Clinton-un prezidentliyində ola biləcəyindən dəfələrlə azdır. Lakin indi bu kimi şərhlər o qədər də ağıllı səslənmir.
Trump hazırda respublikaçılardan o qədər aralanıb ki, innən belə nəinki ruslara, heç özünə də kömək edə bilməz.
"The Independent" prezident Trump-ı əl-qolu "Konqres cırtdanları" tərəfindən kəndirlənmiş Lemuel Gulliver-ə bənzədir.
Məqalədə deyilir ki, Trump-ın əl-qolunu bağlayan digər faktor Rusiyada ona dair kompromatın olduğuna dair iddialardır.
Bununla belə, qəzet yazır ki, Trump-ın belə zəif və xaotik vəziyyətə düşməsinin əsas səbəbi onun özünün yetkin şəxsiyyət olmamasıdır.
Məqalədə deyilir ki, ruslar bunu çoxdan dərk ediblər, respublikaçılar və Amerika xalqı isə indi-indi dərk etməyə başlayır.
Ən qəribəsi isə budur ki, indi həm amerikalılar, həm də ruslar Trump daha böyük ziyan vurmadan onun divanə prezidentliyinin bitməsini istəmək kimi ortaq marağa malikdirlər.