İncəsənətimizdə böyük saxtakarlıqlar – 2

(Tarixi araşdırma)

Mövzuya başlamazdan əvvəl bundan öncəki “İncəsənətimizdə böyük saxtakarlıqlar” sərlövhəli yazıma qayıtmaq istəyirəm. Çünki o yazıdan sonra Niyaməddin Musayevin qeyd etdiyi “Molla mamacan” mahnısını bir oxucum tapıb mənə göndərdi. Mən o əfqan xalq mahnısını dinləyəndə gördüm ki, Niyaməddin Musayev iddiasında haqlıdır. “Axtarma məni” mahnısı həmin əfqan xalq mahnısı ilə olduqca bənzərdir.

Bu o demək deyil ki, mahnını Niyaməddin Musayev yazıb. Çünki mahnı Müəllif Hüquqları Agentliyində Bahadur Hüseynovun adı ilə qeydiyyatdan keçirilib. Bundan əlavə isə Niyaməddin Musayevin bir çox mahnıları özününküləşdirmək niyyətinin şahidi olmuşuq (xüsusən də Bəhram Nəsibovun mahnılarını).  Amma ola bilər ki, Bahadur Hüseynov bu mahnını yazanda “Molla mamacan”dan xəbərsiz olub, ya da elə bu əfqan mahnısının üzərində bəstələyib, lakin boynuna almaq istəmir. O tərəfi artıq Bahadur Hüseynovun öz işidir. Hər halda bu mahnı 200 ildən artıq yaşı olan əfqan xalq mahnısı “Molla mamacan”ın üzərində yazılıb. Çox güman ki, Sami Yusif də “Allahu Allah” mahnısını həmin əfqan mahnısı üzərində yazdığı üçün “Axtarma məni” mahnısı ilə oxşarlıq təşkil edir. Nəticədə, hər ikisi həmin mahnıya istinadən qələmə alınıb.

İkinci isə bir səhvimə görə üzürxahlıq etmək istəyirəm. Xumar Qədimovanın klipində müəllif olaraq Akif İslamzadə deyil, İslam Rzayev göstərilib. Söhbət Bəhram Nəsibovun “Gəl, inad etmə” mahnısından gedir. Mən nədənsə, Akif İslamzadə ilə İslam Rzayev adını həmişə qarışdırıram. Bu da həmin diqqətsizlikdən yaranıb və əfsus ki, o şəkildə də yayımlanıb. Buna görə üzür istəyirəm bütün oxuculardan, eləcə də Akif İslamzadəyə qarşı bilmədən haqsızlıq etdiyim üçün Akif müəllimin özündən.

“Gəl, inad etmə” mahnısının həm sözləri, həm də musiqisi Bəhram Nəsibovundur. Lakin bu mahnı İslam Rzayevin ifasında məşhurluq qazanıb. Ötən yazıda qeyd etdiyim kimi Bəhram Nəsibovun ali musiqi təhsili olmadığına görə onun imzasını göstərmək qadağan olunmuşdu və mahnıları sadəcə təsnif kimi təqdim olunurdu. Bu səbəbdən “Gəl, inad etmə” mahnısı İslam Rzayevin mahnısı kimi tanındı. Həm İslam Rzayevin öz ifalarında, həm də digər müğənnilərin ifasında və Xumar Qədimovanın bu mahnıya çəkdirdiyi kilpdə mahnının müəllifi İslam Rzayev göstərilmişdir.

Onu da qeyd etməliyəm ki, yazıdan sonra mənə bir neçə nəfər müraciət etdi. Onlar iddia etdilər ki, Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnən “Gecələr” mahnısının müəllifi əslən Zərdab rayonundan olan, ötən əsrin məşhur qarmon ustası Zabit Soltanovdur. Təbii ki, mən kiçik bir araşdırma etdim və gördüm ki, bunu təsdiq edən bir neçə mənbələr də var. Amma Müəllif Hüquqları Agentliyində bu mahnı bir neçə il əvvəl Bəhram Nəsibovun mahnısı kimi qeydiyyatdan keçirilib. Mən isə öz növbəmdə bu barədə xüsusi araşdırmaya başlamışam. Növbəti yazılarda sizi daha dəqiq məlumatlandıracağam.  

Ötən yazı haqqında bu qədər. Amma qeyd edim ki, Bəhram Nəsibovun yaradıcılığı haqqında bir məqalə işləyəcəyəm. O barədə araşdırmalarım davam edir. Çünki Bəhram Nəsibov olduqca məşhur və sayı 200-dən artıq mahnıların müəllifidir və bunu araşdırmaq vaxt tələb edir. Bu yazıda isə sizi Hacıbaba Həsənovla tanış etmək istəyirəm. Adı olduqca nadir hallanan  istedadlı bəstəkarın adını çox nadirən eşitmisiniz, amma mahnılarını hamınız bilirsiniz.

Hacıbaba Həsənov 1922-ci ildə, sentyabrın 13-də, Əhmədli kəndində anadan olmuşdur.  İxtisasca həkim-psixoloq olmuş, lakin bundan sonra Konservatoriyada musiqi təhsili də almışdır. Amma sovet rejiminin qaydaları belə idi ki, o ilk təhsilini psixologiya üzrə aldığı üçün və musiqi təhsili bəstəkarlıq üzrə olmadığı üçün həvəskar bəstəkar hesab olunurdu.

“Unuda bilmirəm”, “Yağma yağış”, “Ellər gözləyir”, “Eşqimin növrağı”, “Tar çalan oğlan”, “Xatirələr” və başqa mahnıların, “Şeyx Rəhmətullah” və “Boyaqçı Kərim” adlı iki operettanın, “Gənclik” süitasının müəllifi olsa da, Hacıbaba Həsənovun adı heç bir mahnıda müəllif imzası kimi göstərilmir və xalq mahnısı kimi təqdim olunur. Rübabə Muradova, Sara Qədimova, Əbülvət Vəliyev, Rəşid Behbudov, Nərminə Məmmədova kimi ifaçılar bu mahnıları ifa ediblər.

Eyni zamanda Hacıbaba Həsənov Azərbaycan ifaçılıq sənətinə Elmira Rəhimova kimi istedadlı ifaçını da gətirmişdir. Belə ki, Hacıbaba Həsənov Elmira Rəhimovanın dayısı ilə yaxın dost olmuşdur və ailəvi gediş-gəlişləri varmış. Özfəaliyyət dərnəyinə rəhbərlik edərkən Hacıbaba Həsənov Elmira Rəhimovanın dayısından xahiş edir ki, festivalda mahnı oxuması üçün Elmira xanıma icazə versinlər. Ailəsi Hacıbaba müəlimə etiraz edə bilmir və Elmira xanıma icazə verirlər. Bundan sonra Elmira Rəhimova musiqiyə qədəm qoyur və bir-birindən maraqlı mahnıların ifaçısı kimi sevilir.

1947-ci ildə Filarmoniyada Oktaybr inqilabının 30 illiyi münasibəti ilə konsert təşkil olunur. Xalq çalğı alətləri ansamblının müşaiyəti ilə Hacıbaba Həsənovun “Bənövşə” mahnısı da bu konsertdə ifa olunur. Həmin ansambla elə Hacıbab Həsənov rəhbərlik edir.

Üzeyir Hacıbəyov həmin konsertdə 22 yaşlı Hacıbaba Həsənovun bəstələrini dinləyir və çox bəyənir. Qeyd edir ki, “vaxt gələcək, xalq bu gəncin musiqilərindən çox böyük həzz alacaq!” Elə də olur. Adı çox nadirən hallansa da, Hacıbaba Həsənovun mahnıları bu günə qədər oxunur, dinlənilir və sevilir.

Bir gün Hacıbaba Həsənova deyirlər ki, Əbülfət Vəliyev Filarmoniyadadır və onu çağırır. Bəstəkar gedir məşhur xanəndənin yanına. Əbülfət Vəliyev ona deyir ki:

- Hacıbaba, sənin mahnılarını bəyənirəm və oxuyuram. Amma sən də bilirsən ki, bizim mahnıların çoxu segah üzərində yazılır. Ən az da hümayun üzərində yazılıb. Səndən istəyirəm ki, hümayun üzərində bir mahnı yazasan.

Əbülfət Vəliyevin bu istəyindən sonra Hacıbaba Həsənov hümayun üzərində bir musiqi yazır. Sonralar Qasım Qasımzadə bu mahnının mətnini hazırlayır. “Eşqimin növrağı” adlı mahnı “Ögey ana” filmində səsləndikdən sonra böyük şöhrət qazanır. Lakin, bu filmin bəstəkarı Tofiq Quliyev olduğuna görə bu mahnını da Tofiq Quliyevin bəstəsi olaraq tanıyırlar. Filmdə də Hacıbaba Həsənovun adı qeyd olunmur, məlum səbəblərə görə.

Hacıbaba Həsənovdan danışıramsa, maraqlı bir həqiqəti də qeyd etməliyəm. Bəstəkarın Bəxtiyar Vahabzadənin sözlərinə bəstələdiyi “Yağma yağış” mahnısı çox böyük dinləyici kütləsi qazanmışdı. Demək olar ki, bu mahnı hər kəsin zümzüməsində yer almışdı.

Həmin illərin birində yay mövsümü bitir, kənd təsərrüfatı bol məhsul üçün yağışın yağmasını gözləyir. Amma yağış yağmır ki, yağmır. Buna hirslənən kalxoz sədrləri şikayət məktubu yazıb Mərkəzi Komitəyə göndərirlər. Məktubda qeyd edirlər ki: “Hamı deyir yağma yağış, yağma yağış! Yağış yağmır və biz də məhsul verə bilmirik. Xahiş edirik ki, bu mahnı qadağan olunsun!”

Çoxsaylı şikayətlər əsasında Mərkəzi Komitə bu mahnının ifa olunmasını uzun müddət qadağan edir. Təbii ki, xalq mahnısı kimi təqdim olunduğu üçün bəstəkarını da tapa bilmirlər.

Baş verən bu müəmmalı, gizli, sirli, haqsızlıqla dolu hadisələrin əsas səbəbi o dönəmin hakim sovet rejimi idi ki, onun bu çirkin fəsadları bu günə qədər qalır. Ümid edirəm ki, zamanla hər şey öz həqiqətini tapacaq.

Növbəti yazıda görüşənədək...

Orxan Bahadırsoy