İmamoğlu təkrar seçkidə də QALİB GƏLƏRSƏ... - Şahin Cəfərli: “Bu, Ərdoğan üçün sonun başlanğıcı olacaq”

Baxış sayı:
6955

İlqar Vəlizadə: “HDP daima radikal çağırışlar edib”
 
İyunun 23-də İstanbul bələdiyyə seçkilərinin yenidən keçirilməsi Türkiyə gündəmində ən çox müzakirə olunan məsələdir. Çünki bu seçkilərin nəticəsi AKP iqtidarı üçün mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, kürdlər də vəziyyətdən istifadə etməyə çalışır. Dünən Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyası (HDP) 23 iyun İstanbul seçkiləri ilə bağlı qərarını açıqlayıb. HDP Məclisinin fövqəladə toplantısında qəbul olunan qərara görə, partiya CHP-nin namizədi Əkrəm İmamoğlunu dəstəkləyəcək.
Maraqlıdır ki, bu razılaşma İstanbul bələdiyyə seçkilərinin nəticələrinə necə təsir edəcək?
 
“CHP kürd probleminin həllinə dair konkret bir proqram ortaya qoymayıb, ümumi sözlərlə kifayətlənir”

Mövzu ilə bağlı politoloq Şahin Cəfərli “Hürriyyət”ə deyib ki, kürd probleminin həllinə dair HDP ilə CHP arasında hər hansı anlaşma yoxdur: “CHP müxalifət partiyasıdır və bu məsələdə hər hansı qərar qəbul edib, həyata keçirmək imkanında deyil. Əlbəttə, ana müxalifət olaraq CHP-nin mövqeyi də önəmlidir, bu partiyanın ictimai rəyə təsiri var, hətta bəzi məqamlarda rəsmi qərarların qəbuluna da təsir göstərə bilir. Amma hələ CHP kürd probleminin həllinə dair konkret bir proqram ortaya qoymayıb və bu mövzuda ümumi sözlərlə kifayətlənir.
 
CHP ilə HDP arasında seçki itttifaqı və bu yöndə rəsmi bir anlaşma da yoxdur. Martın 31-də İstanbulda və bəzi digər böyük şəhərlərdə HDP seçicilərinin əksəriyyəti CHP namizədlərini dəstəklədilər. Lakin bu, HDP rəhbərliyinin öz qərarı idi, CHP onlara dəstək üçün müraciət etməmişdi və kürd probleminə dair vədlər də verməmişdi. HDP CHP-yə və Millət İttifaqına rəğbətinə görə yox, sırf AKP-yə qarşı olduğu üçün bu cür davrandı. Bilirsiniz ki, kürd probleminin siyasi yolla həlli dövründə (“çözüm sürəci”) hökumət, yəni AKP ilə HDP çox yaxınlaşmışdılar, hətta 2015-ci il fevralın 28-də bununla bağlı 10 maddəlik Dolmabahçe Deklarasiyası imzalanmışdı. Lakin AKP 2015-ci il 7 iyun parlament seçkilərində səslərinin azaldığını görüb, “çözüm sürəci”ndən vaz keçdi. Bundan sonrakı dövrdə HDP-yə təziqlər tədricən artmağa başladı, bu partiyanın liderləri həbs olundu, HDP-li bələdiyyə sədrlərinin əksəriyyəti vəzifədən uzaqlaşdırıldı, HDP terrorçu partiya adlandırılmağa başlandı. Dörd ilə yaxındır ki, HDP-yə qarşı təzyiq siyasəti davam edir, bu səbəbələ, 31 mart seçkiləri ərəfəsində HDP AKP-ni zəiflədəcək strategiya müəyyənləşdirdi. İstanbul, Adana, Antalya və Mersin kimi böyük şəhərlərdə müxalifətin qələbəsində HDP seçiciləri mühüm rol oynadı”.
 
“Prezident Ərdoğan bütün gücü ilə çalışacaq ki, Binəli Yıldırımın qələbəsini təmin etsin”
 
“İndi prezident Ərdoğan çalışır ki, HDP-dən CHP-yə gedən səslərin qarşısını alsın, yaxud heç olmasa, bu səslərin azalmasına nail olsun. PKK lideri Abdulla Öcalanın 8 illik fasilədən sonra vəkillərlə görüşünə icazə verilməsi və onun məktubunun ictimaiyyətə açıqlanmasına şərait yaradılması məhz bu məqsədə xidmət edir. Buna baxmayaraq, HDP 31 martda olduğu kimi, yenə də müxalifətin namizədi İmamoğlunu dəstəkləyəcəyini açıqlayıb. Bu dəstək və kürdlərin mövqeyi şübhəsiz ki, çox önəmlidir. İstanbulda təxminən 3 milyon kürd yaşayır və HDP-nin şəhərdə 1,1 milyon səsi var. Bu səslər kimə getsə, həmin namizədin şansı artır. Əgər 23 iyunda HDP seçiciləri yüksək aktivlik nümayiş etdirərsə və seçki məntəqələrinə gedib İmamoğluna səs verərsə, onun qalib gəlməsi ehtimalı yüksək olacaq. Lakin biz seçkiyə qədər hakimiyyətin hansı addımlar atacağını bilmirik. Ərdoğan indiyədək ən çətin vəziyyətlərdən ustalıqla çıxa bilib, onun əlində qeyri-məhdud səlahiyyətlər, dövlət gücü və maddi imkanlar var. Ərdoğan elə bir gediş edə bilər ki, kürdlərin hakimiyyətə qarşı motivasiyası zəifləyər və onların ən azı bir qismi seçkiyə getməz, ya da Binəli Yıldırıma səs verər. Bu, istisna deyil. Ona görə də, bu gün 23 iyun seçkilərinin nəticələrini proqnozlaşdırmaq çox çətin işdir. Mən şansları bərabər qiymətləndirirəm. Prezident Ərdoğan bütün gücü ilə çalışacaq ki, Binəli Yıldırımın qələbəsini təmin etsin. O, artıq İstanbulda seçkiyə qədər 39 mitinq keçirəcəyini açıqlayıb. AKP-nin Cumhur İttifaqı üzrə müttəfiqi MHP-nin lideri Dövlət Bahçeli də vaxtının böyük hissəsini İstanbula ayıracaq. İyunun 23-də Əkrəm İmamoğlunun rəqibi əslində, Binəli Yıldırım deyil, Rəcəb Tayyib Ərdoğan özü olacaq. Bu səbəblə, mən bu seçki kampaniyasının 31 martla müqayisədə müxalifət üçün daha çətin keçəcəyinə əminəm. Əgər bu qədər gücə və imkana rəğmən yenə İmamoğlu qalib gəlsə, bu, Ərdoğan üçün sonun başlanğıcı olacaq. Hətta bu halda, ölkədə erkən prezident və parlament seçkilərinin gündəmə gəlməsi də mümkündür”,-deyə politoloq vurğuladı.
 
“Səadət Partiyasının rəyi CHP-yə daha çox önəmlidir”
 
Politoloq İlqar Vəlizadə isə dedi ki, İstanbuldakı seçkilərin kürd probleminin həllinə dəxli olub-olmaması bir sualdır: “Bilirik ki, İstanbul 16 milyonluq böyük bir şəhərdir. İstanbulda digər xalqlarla yanaşı kürdlər də yaşayır, amma kürdlərin səsi İstanbul üçün həlledici deyil. Əgər bu bəyanat Diyarbakırdə, yaxud Ərzurumda səslənsəydi, bəlkə də vacib əhəmiyyəti olardı. Amma bu, daha çox populist bəyanatdır. Çünki kürdlərin səsi İstanbuldakı proseslərə təsir göstərmir. Gündəmdə qalmaq istəyirlər deyə, bu cür şüarlarla çıxış edirlər. HDP-nin məqsədi gündəmdə olmaq və gurultulu proseslərdən istifadə edib, nəsə bəyan etməkdir. İstanbulda HDP-nin yox, Səadət Partiyasının rolu daha vacibdir. Səadət Partiyasının İstanbulda kifayət qədər böyük dayaqları var. Vaxtilə kim ki, Səadət Partiyası ilə koalisiya qururdu və yaxud onu dəstəkləyirdi, daha çox onlar İstanbulda hakim olurdular. Səadət Partiyasının özünün hakim olmaq üçün nüfuzu çatmır. Çünki bütün hallarda İstanbulda qalib gələn partiyalar ümumtürkiyə partiyalarıdır. Amma regionda Səadət Partiyasının rolu çox böyük idi, əslində, indi də böyükdür. Ona görə də Kılıcdaroğlu Mərkəzi Seçki Komissiyasının qərarından sonra dərhal Səadət Partiyasının sədri Karamollaoğlu ilə görüşdü. Çünki Səadət Partiyasının rəyi onlara daha çox önəmlidir”.
 
“HDP kürdlər üçün muxtariyyat və daha böyük iddialarla çıxış etməyə başlayıb”
 
“HDP kürd məsləsinin həlli deyəndə nəyi nəzərdə tutur? Vaxtilə “Böyük sürəc” adlı bir hərəkat var idi və bu hərəkatın içərisində mühüm addımlar atılmışdı. Yəni regionlarda kürd dili rəsmi yazışmalarda istifadə olunmağa başlayıb. Hətta kürd dilində televiziya kanalı fəaliyyət göstərməyə başlayıb. HDP özü o “Böyük sürəc” nəticəsində meydana çıxan bir partiyadır. Yəni 1984-cü ildən bu tərəfə kürdlərlə bağlı misilsiz addımlar atılıb. Amma HDP daima daha çox radikal çağırışlar etməyə başlayıb. HDP kürdlər üçün muxtariyyat və daha böyük iddialarla çıxış etməyə başlayıb. HDP İraq gedib orada separat danışıqlarla məşğul olur, PKK-nın siyasi qolu ilə İraqda danışıqlar aparırdılar. Hətta bunlar PKK-nın bəzi siyasi şüarlarını Türkiyənin Böyük Millət Məclisində səsləndirirdilər. Ona qədər gəlib çıxıblar. Yəni bunların tələbi kürdlərə geniş muxtariyyat, xüsusi imtiyazların verilməsidir. Bu da Türkiyə daxilində, xüsusilə də cənubi-şərqi Anadoluda yaşayan digər millətlərin nümayəndələrini qeyri-bərabər vəziyyətə qoyur. Əlbəttə ki, buna heç bir türk hökuməti, yaxud siyasi xadimi gedə bilməz. Mən düşünürəm ki, bunlar kürd probleminin həlli adı ilə “alver” predmeti kimi bundan istifadə edirlər. Amma açıqlamırlar ki, kürd probleminin həlli nə deməkdir? Bunu belə başa düşmək olur ki, bu kürdlərə geniş muxtariyyat verilməsidir, Türkiyənin digər vətəndaşları ilə müqayisədə kürdlərin qeyri-bərabər hüquqlar əldə etməsidir”,-deyə politoloq əlavə etdi.
 
“Mən düşünmürəm ki, CHP-də bu platformanı dəstəkləyən insanlar olsun”
 
İ. Vəlizadə vurğuladı ki, əslində, bu, bir oyundur: “Düzdür, indi siyasi hədəflərə çatmaq üçün müxtəlif addımlar atıla, koalisiyalar ola bilər. Bu koalisiya səslərin birləşməsi xatirinə baş verirsə, bu, başqa məsələdir, onda belə koalisiya uzun sürməz. Çünki mən düşünmürəm ki, CHP-də bu platformanı dəstəkləyən insanlar olsun. Tez-gec CHP-nin özündə narazı kütlə qalxacaq və buna imkan verməyəcəklər ki, bu koalisiya uzun sürən koalisiya olsun. Yox, əgər burada ciddi məsələlər olsa, onda onların müştərək fəaliyyəti Türkiyənin milli maraqları üçün çoxlu suallar gətirə bilər. Çünki HDP-nin arxasında xarci qüvvələr dayana bilər və bu xarici qüvvələrin izi keçmişdə də özünü göstərirdi. PKK-ya təzyiqlərdən sonra Avropada kürd elementləri aktivləşirdi. Onlar müəyyən dərəcədə lobbiçiliklə məşğul olurdular. Düşünürəm ki, belə bir ittifaq olsa və bu ittifaq hakimiyyətə can atsa, onda Türkiyə siyasətinə xarici faktorun müdaxiləsi hiss olunacaq”.
 
Hurriyyet.org