İmamoğlu qalib gəlir, qələbə plakatlarını Yıldırım asır... - BÖYÜK İSTANBUL MÜƏMMASI

Baxış sayı:
6415

Türkiyədə dünən martın 31-də keçirilmiş bələdiyyə seçkilərinin nəticələri ölkənin ən böyük şəhəri olan İstanbulda əsl müəmmaya çevrilib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu şəhərin bələdiyyə başqanı postu uğrunda mübarizəni kimin qazandığı hələ də rəsmən məlum deyil. Belə ki, seçkilərin nəticələrinə dair rəqəmləri açıqlayan “Anadolu” rəsmi dövlət xəbər agentliyi müxalifətin namizədi ilə hakimiyyətin namizədi arasında səs fərqinin kəskin azalmağa başlamasından sonra İstanbul üzrə məlumatların yayılmasını müəmmalı şəkildə dayandırıb.

Hərçənd müxalif “Millət ittifaqı” blokunun (CHP, İYİ partiya) namizədi Əkrəm İmamoğlu ötən gün axşamdan etibarən vaxtaşırı olaraq jurnalistlər qarşısına çıxaraq Yüksək Seçim Kurumundan daxil olan protokollara istinadən qalib gəlməkdə olduğunu bildirir. Lakin hakim AKP-nin namizədi, “Cümhur ittifaqı” blokunu təmsil edən (AKP, MHP) keçmiş baş nazir və spiker Binəli Yıldırım isə seçkilərin nəticələrinin açıqlanmasını gözləmədənvə İmamoğlu ilə aralarındakı fərqin aradan qalxdığı haqda rəqəmlərə baxmayaraq hətta qələbə çıxışı edib. Axşam saat 23.30 radələrində Yıldırım tərəfdarları qarşısına çıxaraq o qədər də inamlı olmayan səslə “qalib gəldiyini” elan edib, istanbullulara onu seçdikləri üçün təşəkkür bildirib. Daha sonra Yıldırımın AKP qərargahında geniş qələbə nitqi ilə çıxış etməsi planlaşdırılsa da hakimiyyətin namizədi fikrindən daşınıb. Nəticədə çıxışı yayımlamaq üçün göndərilən canlı yayım maşınları geri qayıdıb.

Bununla belə səhərə yaxın İstanbulun bəzi körpülərində və piyada keçidlərində üzərində Yıldırımın portretləri olan qələbə plakatları asılıb. Əkrəm İmamoğlu növbəti brifinqində bunu Yıldırımın “böyük səhvi” adlandırıb. Bildirib ki, cəmi bir seçki məntəqəsində səslər sayılmamış qalıb və qalan məntəqələr üzrə onun əlində olan rəsmi protokollara görə seçkini 26 min səsdən çox fərqlə udur. Qalan bir məntəqədə isə təxminən 350 səs var ki, bu da nəticələrə təsir edə bilməz. İmamoğlu rəqibindən təbrik gözlədiyini bildirib.

Maraqlıdır ki, prezident Rəcəb Tayyib Ərdoğan ənənəvi “balkon çıxışında” seçkilərdə AKP-nin növbəti qələbəsini elan etsə də İstanbul barədə söz açmayıb. Hərçənd ondan əvvəl Yıldırım qalib gəldiyini elan etmişdi və qələbə münasibətilə istanbullulara təşəkkür bildirmişdi.

Bu saatlara olan məlumatlara “Anadolu” agentliyi İstanbul üzrə nəticələrin yenilənməsini dayandırmış vəziyyətdədir. Agentliyin son məlumatına görə İstanbulda seçki qutularının 99.01 faizi açılıb və Binəli Yıldırım 48.70 faiz səslə “qabaqdadır”. Əkrəm İmamoğlu isə 48.65 faiz səs toplamış kimi göstərilir. Agentlik nəticələrin yenilənməsini niyə dayandırdığını izah etmir. İmamoğlu agentliyi qınayıb və onu seçki manipulyasiyasında iştirak etməkdə günahlandırıb. KİV-lərə səslənib ki, daha agentliyin məlumatlarına deyil, CHP-nin YSK-dan əldə etdiyi məlumatlara istinad etsinlər.

YSK-nın Bakı vaxtı ilə saat 10.20 radələrində yaydığı rəqəmlərə görə İmamoğlu açıq fərqlə öndə gedir. Belə ki, seçki qutularının 99.69-u açılıb və İmamoğlu səslərin 48.80 faizini alıb. Yıldırım isə 48.48 faiz səs toplayıb. Namizədlərin arasında səs fərqi 27 mini keçir və qalan seçki məntəqələri üzrə səslər nəticələrə ciddi təsir etməyəcək. Bununla belə İmamoğlunun qələbəsi və Yıldırımın məğlubiyyəti hələ rəsmən elan edilmiş deyil. Belə görünür ki, AKP Ankaradan sonra ölkənin ən böyük şəhərini də uduzmasından müəyyən pərtlik keçirir və hakim partiyanın aparıcı üzvlərindən olan Yıldırımın məğlubiyyətini “yavaş-yavaş” etiraf etməkdədir...