​İlyumjinov Obamadan ABŞ vətəndaşlığı istədi

Beynəlxalq Şahmat Federasiyasının rəhbəri (FİDE) Kirsan İlyumjinov ABŞ prezidenti Barak Obamaya məktub yazaraq ondan ABŞ vətəndaşlığı istəyib.
Bu barədə İTAR-TASS bu gün məlumat yayıb.
“ABŞ prezidentindən xahiş etdim ki, həmin ölkənin Maliyyə Nazirliyinin adımın “sanksiyalar siyahısı”na salmasının yerli məhkəmədə araşdırılması üçün məni ABŞ vətəndaşlığına qəbul etsin”, - deyə İlyumjinov agentliyə bildirib.
Xatırladaq ki, avqustun 25-də İlyumjinov Moskvadan Nyu-Yorka getmək istəyərkən onu təyyarəyə baraxmayıblar. FİDE rəhbəri Bəşər Əsəd və Suriya rəhbərliyi ilə əlaqələrinə dair ABŞ Maliyyə Nazirliyinin ona yönəlik ittihamlarına şəxsən cavab vermək və nəticədə sanksiyaların üstündən götürülməsinə nail olmaq istəyirdi.
Qeyd edək ki, İlyumjinovla ABŞ-ın Ədliyyə Nazirliyi arasında məhkəmə çəkişməsi mayın 23-də başlayıb. FİDE rəhbəri ona bu ölkənin ərazisində Amerika şirkətləri ilə müqavilələr və sazişlər bağlamağa, eləcə də yerli şirkətlərdə səhmlərin 51 faizinə sahib olmağa icazə verilməməsindən narazılıq edir.
ABŞ Maliyyə Nazirliyi isə onu Suriya hökumətini dəstəkləməkdə, rəsmi Dəməşqin ehtiyacları üçün "İslam dövləti" terrorçu təşkilatından neft almaqda yardım göstərməkdə ittiham edərək adını keçən il noyabrın 25-də “sanksiyalar siyahısı”na daxil edib.
Onu da qeyd edək ki, İlyumjinov FİDE-yə 1995-ci ildən rəhbərlik edir. Federasiyaya 173 milli şahmat təşkilatı daxildir(virtualaz.org).