İlqar Məmmədov və Tofiq Yaqublunun işi Ali Məhkəmədə - FOTO

Yanvarın 13-də vicdan məhbusları, ReAL Vətəndaş Hərəkatının sədri İlqar Məmmədovun və Müsavat Partiyası başqanın müavini Tofiq Yaqublunun Ali Məhkəmədə kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyiblər.

Hakim deyib ki, onların prosesdə iştirakı barədə məhkəməyə hər hansı vəsatət təqdim olunmayıb.

Vəkillər Nemət Kərimli və Fuad Ağayev çıxış edərək müdafiə etdikləri şəxslər barəsində cinayət işinə xitam verilməsini, hökm və qərarların ləğv olunmasını istəyiblər.

Hakim isə deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır. Bu üzdən də proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

İlqar Məmmədova və Tofiq Yaqubluya dəstək üçün məhkəmədə iştirak edən AXCP sədri Əli Kərimli jurnalistlərə bildirib ki, budəfəki məhkəməy ilə bağlı nəsə demək hələ tezdir: “Çünki məhkəmə müdafiə tərəfini dinləyib getdi. Ancaq ölkədə müstəqil məhkəmənin olmadığı hər kəsə məlumdur. Azərbaycanın bütün məhkəmə sistemi öz müstəqilliyini itirib, heç bir ədalətli mühakimə yoxdur. İlqar Məmmədova, Tofiq Yaqubluya iki ilə yaxındır həm Şəki Ağır Cinayətlər Məhkəməsində, həm Apelyasiya Məhkəməsində haqsızlıqlar onu göstərir ki, Azərbaycanda müstəqil ədalət mühakiməsi fəaliyyət göstərmir”.

Vəkil Fuad Ağayev isə deyib ki, İlqar Məmmədovun işində aydın olmayan heç nə yoxdur: “Mənim üçün bir neçə qaranlıq məsələ oldu. Birincisi, biz kassasiya şikayətini çoxdan vermişdik. Xeyli müddət vardı ki, məhkəmə prosesi bu günə təyin etmişdi. Ötən ilin dekabrın ortalarında Tofiq Yaqublunun adından kassasiya şikayəti verilib. Bu iki kassasiya şikayətinə birdən-birə eyni vaxtda baxılması və sonra da Tofiq Yaqublunun şikayətini gec verdiyinin bu məhkəmə prosesinin təxirə salınmasına əsas kimi göstərilməsi mənə aydın deyil. İkinci məsələ isə ondan ibarətdir ki, bu işdə aydın olmayan məqam yoxdur”.

ReAL-ın icra katibi Natiq Cəfərli məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınmasını “Azadlıq”a belə şərh edib: “Məhkəmənin qeyri-müəyyən vaxta təxirə salınması çox güman ki, yuxarı instansiyaların qərarını gözləmək üçündür. Ola bilər ki, yekdil qərar yoxdur. Azərbaycanda müstəqil məhkəmələr olmadığından bu qərarı də məhkəmə verməyəcək”.

azadlıq.info