İlkin Rüstəmzadə hədəfdə -Yeni rəis müavini təhdid edir

Elçin Əlicanov: “Özümə yer eləyim, gör sənin başına nə oyun açacam”
 
İlkin Rüstəmzadə yenidən hədəfdədir. Hökumət bu dəfə İlkin Rüstəmzadəni “islah” etməyin təzə yolunu tapıb.  Yeni təyin olunmuş rəis müavini Elçin Əlicanov İlkin Rüstəmzadə ilə “xüsusi məşğul olur”. Elçin Əlicanov İlkinə, “Sən dur bir hələ, gör səni bir bəhanə tapıb nə günə qoyacam? Səni islah etməyin yolunu bilirəm” -deyib.
Bu barədə “Basta”ya məlumatı İlkinin valideynləri Bakir bəy və Atlas xanım verib.
“Basta” əməkdaşı ilə söhbətində valideynlər İlkinin hayatından narahatlığını dilə gətirərək bildiriblər ki, dustaqlara əzazil münasibəti və qəddarlığı ilə seçilən Eıçin Əlicanov 13-cü Kalona yeni təyin olunmasına baxmayaraq özünü “yaxşı” göstərib. Gələn gündən dustaqları döydürmək, hədə-qorxu gəlmək, işgəncə verdirməklə məşğuldu.
“Bu həmin Elçin Əlicanovdur ki, 17-ci Kalondan 2-ci Kalona, oradan da, İlkin Rüstəmzadənin cəza çəkdiyi 13-cü Kalona rəis müavini təyin olunub. Vəzifədə olduğu o biri kalonlarda da, əzazilliyi, dustaqlara qarşı amansız münasibəti ilə seçilən Elçin Əlicanov İlkinə demək olar ki, hər gün təzyiq edir, onun kimə güvəndiyini, bu güvəncin mənasız olduğunu, İlkinin onun əlinin içində olduğunu bildirir” -valideynlər əlavə edib.
Xatırladaq ki, NİDA vətəndaş hərəkatının şərlənərək həbs olunan üzvü İlkin Rüstəmzadənin 4 il öncə “Əsgər ölümlərinə son!” aksiyalarını təşkil etdiyi üçün həbs olunub. Hələ də, həbsdə saxlanılır. Həbs çəkdiyi bu 4 il ərəfəsində həbsi kimi, həbsxanada da, İlkin Rüstəmzadəyə çox haqsızlıqlar olunub. Təhdid olunub, ailəsi ilə görüşünə məhdudiyyətlər yaradılıb, səbəbsiz yerə işgəncə verilib.
Bir neçə ay öncə Əfv Komissiyası İlkin Rüstəmzadəyə bildiriş göndərib. Bildirişdə törətdiyi cinayətin ağır olduğu, cəmiyyətə yararsız olduğu bildirilirdi. O vaxt “Basta” əməkdaşına İlkinin valideynlərinin verdiyi məlumatda deyilirdi: “İlkin düşünür ki, yəqin bu da təzə islahat növüdür: Həbsdəki siyasi məhbuslara cəmiyyətə yararsız olmaları ilə bağlı bildiriş göndərirlər. Çünki, indiyə qədər heç bir siyasi məhbusa belə bildiriş göndərməyiblər.”
İlkinin yaxınları həmin bildirişin fotosunun əldə olunmasının mümkünlüyünü soruşan əməkdaşımıza “Rəis İlkinə oxutdurub, qol çəkdirib, amma özünə verməyib” – cavabını vermişdilər.