“İlk növbədə YAP-ın maliyyə hesabatları yoxlanılmalıdır” – MÜSAVAT BAŞQANI

“Yeni Azərbaycan Partiyasına milyonlarla manat vəsait verilir”
 
“Bəzi siyasi partiyalar və qeyri-hökumət təşkilatları (QHT) xaricdən aldıqları maliyyə vəsaitini başqa məqsədlər üçün istifadə edirlər”.
Bu sözləri bu gün Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Milli Məclisin növbədənkənar plenar iclasında müzakirə edilən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna dəyişikliklərin müzakirəsi zaman deyib.
S.Novruzov bildirib ki, həm siyasi partiyaların, həm QHT-lərin maliyyələşməsi məsələsinə yenidən baxılmalıdır: “Bir partiya maliyyə hesabatında 0 rəqəmi göstərir, amma baxırsan ki, avtomobilləri, cangüdənləri, işçiləri var. Bu təşkilatların maliyyə mənbəyi öyrənilib ictimaiyyətə təqdim edilməlidir”.
 
“İlk növbədə dövlət büdcəsindən maliyyələşən siyasi partiyaların maliyyə hesabatları müzakirə olunmalıdır”
 
YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun fikirləri ilə bağlı Müsavat Partiyasının sədri Arif Hacılı Hurriyyet.org-a açıqlama verdi. Onun sözlərinə görə, ən paradoksal məsələlərdən biri ondan ibarətdir ki, milyardlarla vəsaitlərin korrupsiya yolu ilə mənimsənilməsi məsələləri kənarda qalıb, ölkədə fəaiyyət göstərən və Azərbaycan cəmiyyətinin yoxsul təbəqəsi səviyyəsində yaşayan siyasi və ictimai təşkilatların maliyyə məsələlərinin araşdırılmasından söhbət gedirz: “Əslində, ilk növbədə dövlət büdcəsindən maliyyələşən siyasi partiyaların maliyyə hesabatları müzakirə olunmalıdır. Eyni zamanda, daha çox maliyyəyə malik olan Yeni Azərbaycan Partiyasının maliyyə hesabatları yoxlanılmalıdır. Yeni Azərbaycan Partiyasi faktiki olaraq bir siyasi partiya kimi fəaliyyət göstərmir. Nə ölkə daxilində, nə də ölkədən xaricdə gedən siyasi proseslərə müdaxilə etmir. Faktiki olaraq hakimiyyətin nəzarəti altında olan təzyiq qrupu kimi fəaliyyət göstərir. Yeni Azərbaycan Partiyası hakimiyyətin verdiyi tapşırıqlar əsasında müxalifətə qarşı təbiğat kampaniyasını qurur və ya hakimiyyətin siyasətinin məddahlığı ilə məşğuldur. Bununla belə, Yeni Azərbaycan Partiyasına milyonlarla manat vəsait verilir. Belə məlumatlar var ki, Yeni Azərbaycan Partiyası yalnız bir il ərzində 19 milyon manat vəsait xərcləyib. Bu, hələ rəsmi xərclərdir.  Yeni Azərbaycan Partiyasının demək olar ki, respublikanın bütün rayonlarında yüz minlərlə, bəzən milyonlarla manat dəyərində olan qərargahları var. Elə ilk növbədə Yeni Azərbaycan Partiyasından bu qərargahları hansı pulla aldıqlarını və ya tikdirdiklərini soruşmaq lazımdır. Mənə elə gəlir ki, siyasi partiyalardan maliyyə hesabatı soruşulmalıdırsa, ilk növbədə ölkədə fəaliyyət göstərən bütün siyasi partiyaların cəmindən yüz dəfələrlə çox maliyyə xərcləyən Yeni Azərbaycan Partiyasının maliyyə hesabatı şəffaf olmalıdır”.
 
“Biz qanunvericiliyə uyğun olaraq maliyyə hesabatlarımızı veririk”
 
“Biz qanunvericiliyə uyğun olaraq maliyyə hesabatlarımızı veririk və bildiyimə görə, hakimiyyətin yanında olan siyasi partiyalar istisna olmaqla, digər siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına öz maliyyə hesabatlarını təqdim edirlər”, - partiya başqanı əlavə etdi.
 
Şamo Emin, Hurriyyet.org