"İlk növbədə bizim hökumət məsuliyyət daşıyır" - "David Qareci" kompleksində yaşayan rahib

Baxış sayı:
10936

"David Qareci" monastır kompleksi regionun ən məşhur və ən çox dəyər verilən mədəniyyət abidələrindən biridir.

Gürcüstan və Azərbaycan arasında bölüşdürülmüş bu ərazi 20 ildən çoxdur ki, iki strateji partnyorun həll edə bilmədiyi münaqişə olaraq qalmaqdadır.

Bir neçə həftə öncə mübahisə növbəti dəfə alovlanıb, gürcüstanlı fəallar razılaşdırılmamış sərhəddə etiraz aksiyası keçiriblər. Amma bu münaqişənin tezliklə həll edilməsi real deyil.

Gürcüstanın cənub-şərqindəki kompleksə darmadağın vəziyyətdə olan avtomobil yolu gedir. Buna baxmayaraq, ora fasiləsiz turist və zəvvar axını var.

Son günlər ərazidəki monastır həyatının sakitliyini pozan təkcə turistlər deyil. Aprel ayında Azərbaycan sərhədçiləri Gürcüstan və Azərbaycan sərhəddindəki kilsələrə və onlarla mağaraya girişi qadağan edəndən sonra kompleks yenidən mübahisə predmetinə çevrilib.

Dörd gün sonra qadağa qaldırılıb, amma monastırla bağlı mübahisələr davam edib. Mayın 5-də əllərində Gürcüstan bayraqları olan yüzlərlə fəal mübahisəli sərhəd xəttinin keçdiyi dağın üstündə canlı zəncir yaradıblar.

Aksiya iştirakçıları Gürcüstan hökumətindən sərhəd münaqişəsinin tezliklə həll edilməsini tələb ediblər, onu Azərbaycan hakimiyyətiylə işbirliyində günahlandırıblar və Gürcüstanın mədəni irsinin və müqəddəs yerlərinin itirilməsi təhlükəsindən danışıblar. Aksiya iştirakçıları arasında çoxlu tələbə, ictimai fəal və turist şirkətlərinin əməkdaşları olub. Onlar pasxa mahnıları oxuyaraq "Yaşasın Gürcüstan!" şüarını səsləndiriblər.

"Sayıq olduğumuzu göstərməyimiz vacibdir. Biz dinc aksiya keçirib ulu babalarımızdan qalan mirası müdafiə edirik" - aksiya iştirakçılarından biri, Gürcüstan Turist Şirkətləri Assosiasiyasının sədri İya Tabaqari belə deyir.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

Azərbaycan sərhədçiləri aksiyanı müşahidə ediblər. Gürcüstanlı həmkarlarıyla mütəmadi əlaqə saxlayan sərhədçilər 10 gün əvvəl turistləri və ziyarətçiləri buraxmadıqları ərazidə baş verənlərə müdaxilə etməyiblər.

Azərbaycan tərəfi iki keçmiş sovet respublikası arasındakı mübahisəli torpaqda yerləşən bu tarixi abidə və dini ocaqlara girişi əvvəllər də əngəlləyib.

Bu, ehtirasları körükləyir və Azərbaycanla Gürcüstan arasındakı strateji partnyorluğa və sıx əməkdaşlığa kölgə salır. Sərhəd xəttini dəqiqləşdirmək və monastır kompleksinin bir hissəsini hansı ölkəyə aid etmək barədə Bakı və Tbilisi heç cür razılığa gələ bilmirlər.

Monastıra gedən yol

Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası və delimitasiyasıyla bağlı birgə komissiya hələ 1996-cı ildə yaradılıb. Amma bu iki ölkə arasındakı sərhəd xəttinin üçdə biri, o cümlədən, kompleksin müəyyən hissəsinin yerləşdiyi ərazi razılaşdırılmamış qalır.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

Azərbaycan sərhədçilərinin aprelin sonlarından etbarən ziyarətinə qadağa qoyduğu Udabno monastırı "David Qareci" kompleksinin ən böyük monastırlarından biridir. Onun X, XI və XII əsrə aid freskalarla bəzədilmiş kilsə və mağaraları Gürcüstan və Azərbaycan arasındakı alçaq dağ silsilələlərinin birində yerləşir.

Bir qədər aralıda - ərazinin Gürcüstana aid olan şimal hissəsində buranıı VI əsrdə qurmuş 13 assuriyalı atadan birinin qəbri olan müqəddəs David monastırı var.

Azərbaycan sərhədçiləri Udabno monastırına ziyarəti Gürcüstan prezidenti Salome Zurabişvili ora gəlib mübahisəli sərhəd probleminin tezliklə həll edilməsinin vacib olduğunu bildirəndən sonra qadağan etmişdilər.

Bəziləri hesab edirlər ki, rəsmi Bakını məhz bu ziyarət qıcıqlandırıb. Münaqişələr üzrə ekspert Şahin Rzayev hesab edir ki, zəngin diplomatik təcrübəsi olan Gürcüstan prezidenti bu məsələdə qeyri-pofessional davranıb və Azərbaycan tərəfi də ərazidə kimin söz sahibi olduğunu göstərmək qərarına gəlib.

"Böyük ehtimal, problem onun Yerevanda bir söz, Bakıda başqa söz deməsindən, "David Qareci" kompleksində Gürcüstan sərhədçiləriylə selfi çəkdirməsindən qaynaqlanıb", - Şahin Rzayev belə deyir.

Ancaq komleksi ziyarət etməyi Azərbaycan sərhədçiləri əvvəllər də qadağan ediblər. 2012-ci ildə Udabno monastırına giriş iki həftəliyinə qapadılmışdı.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

David Gareci monastırının arximandriti Kirionun (Oniani) sözlərinə görə, 2012-ci ildən etibarən Azərbaycan sərhədçiləri mütəmadi olaraq Udabno monastrına gedən yolu 1-2 saatlığa bağlayırlar. Amma qadağanın bir neçə gün davam etməsi son 7 ildə birinci dəfədir.

"Bura ziyarətçilər üçün müqəddəs yerdir. Udabno monastırında David atanın tarixi hücrəsi var, orada inancına görə 6 min Qareci rahibi qətlə yetirilib. Turistlər və əcnəbilər orada unikal mədəniyyət nümunəsi, orta əsrlərə aid xristian rəssamlığı nümunələri görə bilirlər. Bu monastıra il boyu gəlirlər, ona görə də girişin qadağan olunmasından xəbərimiz olur", - Kirion belə deyir.

Mayın 5-də sərhədçilər gözlənilmədən dağın təpəsində yerləşən daha bir monastırın - Çiçxiturinin də ziyarətinə icazə veriblər. Rahiblərin dediyinə görə, ora giriş 2007-ci ildən qadağan olunmuşdu və əraziyə hər iki ölkənin sərhədçiləri nəzarət edirdi.

Monastıra gedən yolun 10 ildən çoxdur ki, qapalı olduğunu BBC-yə turist şirkətlərinin bələdçiləri də deyiblər.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

Sovet sərhədi

Tarixçilərin sözlərinə görə, "David Qareci" kompleksi 1920-ci illərdən iki dövlətin ərazisində yerləşir. Tarixçi Lado Mirianaşvili deyir ki, Zaqafqaziya Sovet Respublikalarının sərhədləri müəyyənləşdiriləndə Bertubani monastırı Azərbaycan ərazisinə aid edilib (Gürcüstan tərəfi buna etiraz etmir), Udabno və Çiçxituri monastırları isə sərhəd zonasında qalıb.

"Bu monastırlar neytral zonadadır, çünki sərhədlərin neytral zonaları olur. Sərhədçilərin yolu bağlaması ziyarətçiləri məhz buna görə qəzəbləndirir, o ərazi heç kimə aid olmadığına görə", - Mirianaşvili belə deyir.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

Arximandrit Kirion iki sovet respublikası arasındakı sərhədin həmin dağ silsiləsi üzərindən keçməsiylə razılaşmır. Onun sözlərinə görə, 1938-ci ildə Zaqafqaziya Federasiyası ləğv ediləndən sonra tərəflər sərhədin Udabno monastırının 300 metr cənubundan keçməsilə bağlı müqavilə imzalayıblar. Həm Udabno, həm də Çiçxituri monastırı Gürcüstan ərazisində qalıb.

Gürcüstanın keçmiş rəhbərliyi deyirdi ki, monastır kompleksinin bir hissəsinin Azərbaycan ərazisinə düşməsi sovet dövründəki administrativ bölgünün nəticəsidir. İkitərəfli demarkasiya komissiyasının rəyinə qədər kompleksin hansı ölkəyə aid olması məsələsi açıq qalacaq.

Gürcüstanın Xarici İşlər Nazirliyi sərhədlərin indiki vəziyyəti və demarkasiyayla bağlı gələcək danışıqlarda Gürcüstanın mövqeyi barədə BBC-nin suallarına cavab verməyib. Qurumun əməkdaşları deyiblər ki, komissiyanın tərkibi yenilənənə qədər ayrı-ayrı detalları şərh etməyi məqsədəuyğun hesab etmirlər.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

Daha əvvəl xarici işlər naziri David Zalkaliani bildirmişdi ki, Gürcüstan və Azərbaycan strateji partnyordurlar və yaranmış vəziyyətdən çıxış yolu bu fakt nəzərə alınmaqla tapılmalıdır. Zalkaliani həmçinin deyib ki, bu, həssas mövzudur, ona görə də emosiyalara qapılmamaq lazımdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevanın sözlərinə görə, "Azərbaycan tərəfi delimitasiya prosesinin (sərhədin müəyyənləşdirilməsinin) tezliklə başa çatdırılmasına hazırdır".

O qeyd edib ki, monastır komleksinə aid obyektlər təpələrin 25 kilometrlik yamacı boyu - Azərbaycan və Gürcüstan arasındakı sərhəd xətti üzrə səpələnib.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi

Miras mübahisələri

Ərazi mübahisəsi hər iki tərəf üçün həssas mövzudur. Ona görə də çoxları demarkasiya üzrə birgə komissiyanın münaqişəni tez bir zamanda və asanlıqla həll edəcəyinə şübhəylə yanaşır.

Monastır mağaralarının mənşəyi mövzusu isə mübahisələri daha da qızışdırır. Gürcüstanda "David Qareci" kompleksinin mənəvi və mədəni əhəmiyyətini vurğulayırlar, Azərbaycanda isə bu kompleksi "Keşikçidağ" adlandırır və onu Qafqaz Albaniyasının - Cənubi Qafqazda, o cümlədən, müasir Azərbaycan ərazilərində mövcud olmuş dövlətin mənəvi irsi hesab edirlər.

2007-ci ilin dekabr ayında prezident İlham Əliyev sərəncam verərək "Keşikçidağ" monastırlarını dövlət qoruqları siyahısına salıb. Qafqazın Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov day.az saytına müsahibəsində deyib ki, "alban kilsəsi ləğv ediləndən və çar Rusiyası regiona gələndən sonra monastırların böyük əksəriyyəti gürcü rahiblər tərəfindən hücrələşdirilib".

"Elə həmin vaxt orda gürcü kilsələrinin kütləvi tikintisinə başlanıb, sonra da o kilsələrdə müxtəlif rahiblərin nəşi basdırılıb. Amma indi onlar erkən orta əsrlərə aid gürcü mirası kimi təqdim olunur".

Gürcüstanda "David Qareci" kompleksinin alban mənşəli olması fikrini əsassız hesab edirlər.

"Heç bir tarixi mənbədə o kompleksin alban irsinə aid olduğu göstərilməyib. O mağara kilsələri gürcü arxitekturasına uyğun tikilib. Yazıların qrafikası da tipik gürcü stilindədir, Gürcüstanın digər bölgələrində bunun analoqu mövcuddur", - tarixçi Lado Mirianaşvili belə deyir.

"David Qareci" kompleksiylə bağlı getdikcə böyüyən konflikt gürcü ilahiyyatçılarının sərt açıqlamalarıyla müşayət olunur. Mayın əvvəlində kompleksi ziyarət edən mitropolit İov deyib ki, "Qan tökmək lazım gələcəksə, din adamları öndə getməli və xalqa nümunə göstərməlidirlər".

O, xristianlarla müsəlmanların dostluğunu xristianın şeytanın davamçısıyla dostluğuna bənzədib. Patriarxlıq bu sözlərin müsəlmanları təhqir etdiyini və onların "ya anlaqlı, ya da anlaqsız provokasiya" olduğunu bildirərək, mitropolitin mövqeyini bölüşmədiyini açıqlayıb. Gürcüstan kilsəsi Azərbaycan tərəfiylə danışıqlar apardığını bildirib.

David Qareci Gürcüstan-Azərbaycan sərhədi sərhəd mübahisəsi
Aksiya iştirakçısı Toma Tomadze: "Bəyəm bizim hökumətin günahı yoxdur? Baş verənlərə görə ilk növbədə onlar məsuliyyət daşıyır. Mən buna etirazımı bildirmək üçün bura qalxmışam!"

"David Qareci" kompleksində yaşayan rahiblər çoxillik mübahisənin sivil yolla, sülh şəraitində həll olunmasını istəyirlər. Arximandrit Kirion "ura-vətənpərvərlik" və yalançı coşqu nümayişiylə məşğul olmamağa çağırıb.

"Qonşuları və qonşu xalqı təhqir etmək olmaz. Sən özünə aid bir şeyin qeydinə qalmayanda, təbiidir ki, onu başqası götürmək istəyəcək. Biz özümüzə qarşı tələbkar olmalı və hökumətdən aktivlik, səfərbərlik, prinsipiallıq və professionallıq tələb etməliyik. Davamlı olaraq xarici düşmən obrazı yaradıb ölkə daxilində heç bir iş görməmək doğru deyil", onlar deyib./BBC