​İlham Zəkiyev və Zülfiyyə Hüseynova Bakıda keçirilən turnirdə medalsız qaldı - YENİLƏNİB

Baxış sayı:
6148

Bakıda keçirilən paracüdo üzrə Qran-Pri başa çatıb.
Muxalifet.az xəbər verir ki, komandamızın üzvləri bu gün bir final və dörd bürünc medal görüşünə çıxıb.
Rövşən Səfərov (-90 kq) finalda Vahid Nuriyə (İran) uduzaraq gümüş medalla kifayətlənib.
Xanım Hüseynova (-63 kq) bürünc medal uğrunda görüşdə Duyqu Çete Artara (Türkiyə) qalib gəlib. Bununla da idmançımız iki döyüşə bürünc medal qazanıb.
48 yaşlı Zülfiyyə Hüseynova (-70 kq) isə bürünc medal uğrunda görüşdə uduzub. O, özündən yaşca çox kiçik Vəsilə Əliboyevaya (Özbəkistan) uduzaraq medalsız qalıb.
Dürsədəf Kərimova (+70 kq) da medalın bir addımlığında uduzub. O, Rebeka Silva (Braziliya) ilə görüşdə bürünc medalı əldən verib.
İkiqat Paralimpiya çempionumuz İlham Zəkiyev də medalsız qalıb. O, bürünc medal uğrunda görüşdə Revaz Çikoidze (Gürcüstan) ilə dramatik keçən matçda uduzub. İlham bu görüşdə sifətindən zədə alıb.
Bununla da Azərbaycan millisi bir gümüş və bir bürünc medal qazanıb. Ümumilikdə medallarımızın sayı 11-ə çatıb. Beləliklə, Paralimpiya Oyunlarına lisenziya verən Qran Prini millimiz üç qızıl, dörd gümüş və dörd bürünc medalla başa vurub.
Qeyd edək ki, ümumi sıralamada Özbəkistan son görüşün nəticəsinə əsasən bu anadək lider olan Azərbaycanı keçib. Dörd bürünc medalı olan Özbəkistan qızıllarının sayını dördə çatdırıb. Bir qızıl, bir gümüş və iki bürünc medalı olan Ukrayna isə yarışı Azərbaycandan sonra üçüncü sırada bitirib.