İlham Əliyevin vəzifə verdiyi Taleh Ziyadov kimdir?

Bu gün prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanına yeni baş direktor təyin olunması ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən, Taleh Məhəmməd oğlu Ziyadov bu vəzifəyə təyinat alıb.

Taleh Ziyadov kimdir?

Azvision.az-ın əldə etdiyi məlumata görə, Taleh Ziyadov Azərbaycan Diplomatik Akademiyasının (ADA) elmi işçisi və professorudur. O, ABŞ-da, Vaşinqton dairəsində yerləşən Corctaun Universitetinin Diplomatik Xidmət Məktəbində magistr təhsili alıb. Hazırda isə Kembric Universiteti (Böyük Britaniya) doktorluq dərəcəsi üzrə təhsil alır.

T.Ziyadov bir sıra elmi araşdırmaların müəllifidir. Araşdırmalar əsasən Xəzər regionu və zəngin təbii sərvətlərə malik ölkələrdə nəqliyyat, logistika və energetika məsələlərini əhatə edir.

Onun “Analysis of Current Events”, “Central Asia-Caucasus Institute Analyst”, “Eurasia Daily Monitor”, “Turkish Policy Quarterly”, “International Negotiation Journal” və “The Moscow Times” kimi nüfuzlu qəzet və jurnallarda araşdırmaları dərc olunub. O, Con Hopkins Universiteti tərəfindən 2007-ci ildə dərc edilən "Yeni İpək Yolu: Böyük Mərkəzi Asiyada nəqliyyat və ticarət" kitabında Azərbaycanın Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizlərində rolu barədəki fəsli yazıb.

T.Ziyadov daha əvvəl ABŞ-da Kolumbiya dairəsində Vaşinqtonda yerləşən ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktorunun müavini vəzifəsində və ADA-da akademiki məsələlər üzrə dekan köməkçisi vəzifəsində çalışıb.