“İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof” - SABİQ PREZİDENT EVİNİ TURİSTLƏRƏ KİRAYƏ VERİR

Baxış sayı:
4813

Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili turizmlə məşğul olmağa başlayıb – cəmi 80 dollar ödəməklə istənilən şəxs keçmiş dövlət başçısının özünün tikdiyi evdə gecələyə bilər.

Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, Marqvelaşvili Duşetidə yaşadığı evin həyətində tikilmiş kottecin elanını airbnb.com beynəlxalq ev kirayəsi saytında yerləşdirib. İyunun 4-nə qədər otağı 20% güzəştlə kirayələmək mümkündür. Kirayə prosesinə eks-prezidentin qızı Anna Marqvelaşvili nəzarət edir.

Gürcüstan prezidenti vəzifəsindən gedəndən sonra işsiz qalmış Marqvelaşvilinin ailəsi gəlir mənbəyə axtarmağa başlayıb və həyətlərindəki kotteci kirayə vermək qərarına gəlib. Bu ev Marqvelaşvilinin prezident olduğu dövrdə tikilib.
“İlham Əliyevin bağışladığı nar ağacları, Lukaşenkonun hədiyyə etdiyi kartof” - SABİQ PREZİDENT EVİNİ TURİSTLƏRƏ KİRAYƏ VERİR

Jurnalistlərin sualına cavab verərkən keçmiş prezident bildirib ki. dövlət başçısı vəzifəsindən gedərkən ehtiyatda saxladığı pulun məbləği cəmi 6 min lari (təxminən 2200 dollar) olub.

“Pul məsələsinə gəlincə, düşünürəm ki. mən xristianam, çünki pulum həmişə az olub və olan pulu xərcləyib, Allaha ümid etmişəm”, - Marqvelaşvili deyir.

Kottecə gedən yol eks-prezidentin həyətyanı sahəsindən keçir. O, evi tutmuş turistləri öz əlləri ilə əkdiyi tərəvəzə qonaq etməyə hazırlaşır. Yeməkdən sonra isə turistlər bağda əkilmiş nardan dada bilərlər. Həmin nar ağaclarının tinglərini Marqvelaşviliyə Azərbaycan prezidenti İlham Əliyev bağışlayıb. Tingləri torpağa keçmiş birinci xanım Maka Çiçua əkib. Bostandakı kartof sahəsi isə Belarus prezidenti Aleksandr Lukaşenkonun hədiyyəsidir.

Qeyd olunur ki, elanın verildiyi saytda evin eks-prezidentə aid olduğu yazılmayıb. Bunu turistlərə sürpriz olaraq təqdim edəcəklər.

Mənbənin bildirdiyinə görə, Duşetidəki evi Marqvelaşvili 2004-cü ildə cəmi 2500 dollara alıb.