İLHAM ƏLİYEVDƏN SENSASİON ÇIXIŞ - "Hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin!" / YENİLƏNİB

Baxış sayı:
1140

“Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm, yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına”.

AzərTac xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Burada mənim burada bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, o vətəndaşları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerini, yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar. Bir də mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm. Ona görə hərə otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin”, - dövlət başçısı deyib.

“Azəravtoyol, onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada Azərbaycan Azəravtoyol qurumunun regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Özü öz hesabına heç kim yol çəkmir, dövlət büdcə ayırır. Şuşada Azəravtoyolun regional mərkəzinin nə işi var?

Belə də özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada belə təbiəti, necə deyərlər, seyr etsin. AZAL, onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra, Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?

Bilirsiniz, belə ziyanlı fikirlər bu adamların beyninə gəlir və onlar da bunu tələffüz edirlər”, -prezident qeyd edib.