İlham Əliyev Ərdoğan və Yıldırımı TƏBRİK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı münasibəti ilə Prezident Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.
Muxalifət.az məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Bu gün qardaş Türkiyə öz dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq müstəqillik, demokratiya və iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Dünyada və regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Türkiyəyə ən mötəbər beynəlxalq təşkilatların toplantılarını, yüksək zirvə görüşlərini keçirməyə imkan verir. Ev sahibi kimi öz müstəsna hüququndan istifadə edərək Türkiyənin Azərbaycanı bu forumlara dəvəti əsl qardaşlıq nümunəsidir.
Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı, strateji tərəfdaşlığı və müttəfiqliyi dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Belə bir xoş gündə Sizi bir daha təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
* * *
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının milli bayramı münasibəti ilə Türkiyə Respublikasının Baş naziri Zati-aliləri cənab Binəli Yıldırıma təbrik məktubu göndərib.
"Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Bu gün Türkiyə demokratik və hüquqi dövlət quruluşuna malik, iqtisadi yüksəlişini inamla davam etdirən qüdrətli ölkədir. Qardaş Türkiyənin uğurları, dünyada və regionda artan nüfuzu bizi son dərəcə sevindirir.
İnanıram ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq arzulayıram", - məktubda qeyd olunub.