İlham Əliyev Ramazan Abdulatipovu qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev bu gün 22-də Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovu qəbul edib. Ölkəmizlə RusiyaFederasiyası Dağıstan Respublikası arasında əlaqələrin region üçün, bütövlükdə Azərbaycan-Rusiya münasibətlərinin inkişafı baxımından çox əhəmiyyətli olduğunu qeyd edən prezident bildirib ki, dövlətlərarası ikitərəfli münasibətlər möhkəmləndikcə, Azərbaycan-Dağıstan ənənəvi əlaqələri daha da güclənir. Ramazan Abdulatipovu və bütün dağıstanlıları Dərbənd şəhərinin iki min illik yubileyinin yüksək səviyyədə keçirilməsi münasibətilə təbrik edən dövlət başçısı bunun region üçün çox böyük hadisə olduğunu deyib.
İlham Əliyev Əziz Əliyevə Dağıstanda abidə ucaldılmasına dair qəbul edilən qərara görə Ramazan Abdulatipova minnətdarlığını bildirib.
Azərbaycanla Rusiya arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iyunda ölkəmizə səfəri zamanı da bunu bir daha təsdiqlədiyini diqqətə çatdırıb. O, uğurla inkişaf edən Azərbaycan-Rusiya münasibətlərini regionda sabitliyin təminatı kimi dəyərləndirib.
Azərbaycanla Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın mühüm əhəmiyyət daşıdığını vurğulayan Ramazan Abdulatipov bu əlaqələrin inkişafında Vladimir Putinlə İlham Əliyev arasında mövcud olan səmimi münasibətlərin əhəmiyyətini qeyd edib. Dövlət başçılarının vaxtaşırı olaraq görüşdüklərini vurğulayan Ramazan Abdulatipov özünün Rusiya Prezidenti ilə görüşləri zamanı da Vladimir Putinin Azərbaycanla əlaqələrin inkişafı ilə hər dəfə yaxından maraqlandığını və ölkəmizlə ən xoş və fəal münasibətlərin genişləndirilməsi ilə bağlı tövsiyələr verdiyini deyib. O, Azərbaycanın müxtəlif regionları ilə də əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Dərbənd şəhərinin iki min illik yubileyinə toxunan Ramazan Abdulatipov xalqlarımızın əsrlər boyu bir yerdə yaşadığını vurğulayaraq birgə tariximizin böyük əhəmiyyət daşıdığını deyib. Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Azərbaycan Prezidentinin göstərişi ilə Dərbənd şəhərində yüksək keyfiyyətlə həyata keçirilən abadlıq və quruculuq işlərinin də böyük razılıqla qarşılandığını bildirdi.
Xatırladaq ki, Dağıstan rəhbərinin Azərbaycana səfəri bir neçə gün öncə başlayıb. O, Azərbaycanda qeyri-rəsmi səfər etdiyini deyib. "Səfərimin məqsədi müalicə almaqdır. Naftalan şəhərində müalicə olunacağam. Səfər çərçivəsində Gəncə şəhər Heydər Əliyev Park kompleksində oldum. Çox möhtəşəm mərkəzdir. Mən Heydər Əliyevi həmişə özümə müəllim hesab etmişəm”.